Qış mövsümündə, adətən, virus infeksiyaları artır. Qorxulu bir şey yoxdur.
Bu sözləri Teleqraf.com-a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, bu, hər il təkrarlanan vəziyyətdir:
“Sadəcə, builki virus infeksiyası kliniki gedişinə görə qripi daha çox xatırladır. Nisbətən ağır gedişi ilə seçilir. İnsanlar özlərini qorumalıdırlar. Katastrofik risk, güclü epidemiya yoxdur”.
Cəlal İsayevin sözlərinə görə, virusdan qorunmaq üçün xəstənin özü və onun ətrafındakılar diqqətli olmalıdırlar:
“Bu mövsümdə insanların çox olduğu yerlərdən uzaq durmağa çalışmaq lazımdır. Əgər harasa getmək və ya tünlükdə olmaq qaçılmazdırsa, mütləq qoruyucu maskadan istifadə etmək gərəkdir. Maska taxmaqla özümüzü müəyyən qədər qoruya bilərik.
Yaxşı olar ki, xəstə insanlar işə çıxmasın, ictimai yerlərdən uzaq olsunlar. Xüsusilə temperatur varsa, mütləq yataq rejiminə riayət edilməlidir. Temperaturlu vəziyyətdə işə gedən xəstə bilməlidir ki, qripin təhlükəli ağırlaşmaları olur. Ona görə evdə qalmalıdır. Bütün hallarda həkimə müraciət etmək vacibdir”.