Bu gün Azərbaycanın əfsanəvi qəhrəmanı Mübariz İbrahimovun ad günüdür.
Teleqraf.com xəbər verir ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvarın Əliabad kəndində anadan olub.
1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olub. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılıb.
Hərbi xiddmətdə vətənpərvəliyi ilə seçilən Mübariz qanı və cəsarəti ilə Azərbaycan tarixinə adını “21 əsrin əfsanəvi qəhrəmanı” kimi yazdırıb.
18 iyun 2011-ci ildə Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı çevirərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur. Məlumata görə, 135 erməni hərbçisi məhv edilir.
Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
Ailəsi Mübarizin uşaqlıqdan vətənə, torpağa sevgisinin böyük olduğunu bildirib. Qəhrəman övladın ölümündən öncə yazdığı bu məktub da vətənə olan sevginin sübutudur.
Mübarizin İbrahimovun son məktubu:
“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm.
Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
Həmin ildə Azərbaycan Prezidenti İlham Əliyev Mübariz İbrahimova "Azərbaycan Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb.
Mübariz İbrahimovun döyüşdə həlak olmasına baxmayaraq, erməni tərəfi onun cəsədini 141 gün saxlayıb. Mübarizin qəhərəmanlığı, qorxmazlığı ermənilərin gözünün odunu elə almışdı ki, onlar Azərbaycanın igid oğlunun cəsədindən belə çəkinirdilər. Şəhid olmuş qəhrəmanımızın əllərini bağlamışdılar. Hadisədən sonra Ermənistanda 3 günlük matəm elan olunur. Ermənistan Müdafiə Nazirliyi baş vermiş hadisəylə bağlı 2 general və 8 zabiti ordudan qovur.
Qəhrəmanlığı sərhədləri keçən Mübariz İbrahimov qardaş Türkiyədə də səs saldı. Mübariz İbrahimovu Türkiyə filmlərində tez-tez Azərbaycan və Türkiyə şəhidi kimi göstərib adını qururla anırlar.
Şəhid olduğu ildən adına şeirlər, mahnılar, cizgi-filmlər, filmlər çəkilib.
2010-cu ildə rejissor Etibar Məmmədov Mübariz İbrahimova həsr edilən "Müqəddəs zirvə" adlı film çəkib.
2013-cü ildə Mübariz İbrahimovun qəhrəmanlığı TRT1 kanalında nümayiş olunan "Sakarya fırat" serialında geniş yer alıb. Daha sonra həmən kanalda “Qızıl Alma” serialında da Mübarizlə bağlı epizodlar nümayiş etdirilib.
Azərbaycan öz qəhrəman oğluyla həmişə fəxr edir.