Səhiyyə Nazirliyinin Kollegiyası “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nı təsdiq edib.
Səhiyyə nazirinin səlahiyyətlərini icra edən Abbas Vəlibəyovun imzaladığı Qayda bu gündən – fevralın 7-dən qüvvədədir.
Qeyd olunub ki, ölüm zamanı insanın orqanizmində ardıcıllığa malik mərhələli bioloji proseslər gedir. Buna müvafiq olaraq insan olümü kliniki və ya beyin ölümündən sonra bioloji ölümlə başa çatır. Kliniki ölüm mərhələsində ürəyin fəaliyyəti və tənəffüs prosesi dayanır, orqanizmin həyat fəaliyyətinin xarici əlamətlərinin heç biri müşahidə olunmur, lakin təxirəsalınmaz reanimasiyon tədbirlər nəticəsində orqanizmin həyat fəaliyyətini bərpa etmək mümkün olur. Kliniki ölümü tibb işçisi (həkim və ya feldşer) müəyyən edir. Ürəyin işləməsi və ağciyərlərin süni ventilyasiyası fonunda beynin bütün funksiyalarının tam dayanmasının və geridönməz proseslərinin qeydə alınması beyin ölümünün baş verməsini göstərir. Beyin ölümü diaqnozu xəstənin olduğu tibb müəssisəsində həkimlərin konsiliumu tərəfindən qoyulur. Konsiliumun tərkibinə öz ixtisası üzrə ən azı 5 il iş təcrübəsi olan həkim anestezioloq-reanimatolo və həkim nevropatoloq daxil edilməlidir. Konsiliumda insan orqan və toxumalarının transplantasiyasını həyata keçirən həkimlər iştirak edə bilməzlər. Bioloji ölüm orqanizmin həyat fəaliyyətinin geridönməz dayanmasıdır. İnsanın bioloji ölümü orqanizmdə meydana çıxmış erkən və (və ya) gec meyit əlamətləri əsasında müəyyən edilir. Beyin ölümü və ya bioloji ölüm insanın ölüm anı hesab edilir.
Reanimasiya tədbirləri orqanizmin həyativacib orqan və sistemlərinin funksiyalarının bərpasına, o cümlədən tənəffüs və qan dövranı funksiyalarının süni surətdə saxlanmasına yönəldilir və həkim və ya feldşer tərəfindən həyata keçirilir, onlar olmadıqda isə ürək-ağciyər-beyin reanimasiya tədbirlərinin aparılması üzrə tibbi təlim keçmiş və müvafiq vərdişləri mənimsəmiş şəxslər tərəfindən (fövqəladə hallarda) həyata keçirilir. Reanimasiya tədbirləri aşağıdakı hallarda dayandırılır:
- Beyin ölümünün müəyyənləşdirilməsi əsasında insan ölümünün təsdiqlənməsi zamanı;
- reanimasiya tədbirlərinin insanın həyati vacib funksiyaların bərpasına 30 dəqiqə ərzində yönəldilməsi nəticəsiz olduqda;
- reanimasiya tədbirlərinin tam həcmdə (ağciyərin süni ventilyasiyası, ürəyin masajı, dərman vasitələrinin istifadəsi) keçirilməsinə başlanmasından 10 dəqiqə ərzində, yenidoğulmuşlarda ürək döyüntüsünün olmaması;
- bioloji ölümün əlamətləri aşkarlandıqda.
Bioloji ölüm anı ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələrinin həkim və ya feldşeri tərəfindən müəyyən edilir və “Ölüm haqqında tibbi şəhadətnamə” doldurulur. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni tibb müəssisələrinə təqdim etmək üçün doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir.
Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir:
- hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı;
- infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda;
- tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında;
- zorakı ölümə şübhə olduğu hallarda;
- ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda;
- ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda;
Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. Yenidoğulmuşun ölümü 168 saat ərzində baş veribsə “Perinatal ölüm haqqında tibbi şəhadətnamə” doldurulur. Şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin Beynəlxalq Statistik Təsnifatı (XBT-10)” üzrə kodlaşdırılmalıdır.. Şəhadətnamə həkim və ya feldşer tərəfindən doldurulur və tibb müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunur. Şəhadətnamə 3 nüsxədə tərtib olunur. Birinci nüsxə şəhadətnamə doldurulduğu gündən sonra 5 iş günü ərzində Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinə təqdim olunmalıdır, ikinci nüsxə vəfat etmiş şəxsin ailə üzvlərinə, onlar olmadıqda isə yaxın qohumlarına verilir, üçüncü nüsxəsi isə onu verən tibb müəssisəsində saxlanılır. Şəhadətnaməni alan şəxs barədə məlumat, onun imzası və alınma tarixi şəhadətnamənin tibb müəssisəsində qalan nüsxəsində qeyd olunur. Şəhadətnamənin verilməsi üçün onu alan şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri təqdim etməlidir./APA/