Azərsu Açıq Səhmdar Cəmiyyətində 2017-ci ilin və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın dördüncü ilinin yekunlarına həsr olunmuş iclas keçirilib.
Teleqraf.com-un məlumatına görə, Azərsu ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, hesabat dövründə 1366 km magistral və şəbəkə su xətləri, 382 km kanalizasiya kollektoru və xətləri, 1 içməli və 1 tullantı sutəmizləyici qurğu, 10 su anbarı tikilib, 22 subartezian quyusu qazılıb, 6 nasos stansiyası, 105 min ədəd sayğac quraşdırılıb.
Görülmüş işlər nəticəsində Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda 116 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edilib, 132 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da fasiləsiz içməli su ilə təmin olunan əhalinin xüsusi çəkisi ölkə üzrə 66,9 faizə, Bakı şəhəri üzrə isə 81,5 faizə yüksəlib.
Azərsu ASC-nin sədri bildirib ki, 2017-ci ildə içməli su təchizatı və kanalizasiya sektorunda mühüm hadisələr baş verib: “İlham Əliyevin iştirakı ilə Gədəbəy, Şamaxı və Qobustan şəhərlərində su və kanalizasiya, Saatlı şəhəri və Pirallahı qəsəbəsində isə içməli su layihələrinin açılış mərasimləri keçirilib. Ötən dövrdə Xırdalan şəhərində su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulmasına, həmçinin Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisinə başlanılıb.
Əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə 28 rayonun 170 yaşayış məntəqəsində içməli su layihələri icra edilib. Bakı şəhərinin yağış sularının yığılma təhlükəsi olan ərazilərində səth sularının kənarlaşdırılması üzrə 13 layihənin icrası yekunlaşıb. Zərdab, Hacıqabul və Şamaxı rayonlarında suvarma layihələri icra olunub”.
Tədbirdə qeyd edilib ki, respublikanın 50 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası həyata keçirilir. Ötən müddətdə bu şəhərlərin 23-də su və kanalizasiya şəbəkələrinin, 10-dasu şəbəkələrinin inşası uğurla başa çatıb. Kənd yaşayış məntəqələrini içməli su ilə təmin etmək məqsədilə əhalisinin sayı 630 min nəfər olan 520 kənddə yeni layihələr icra olunub.