8 Fevral 2018 11:46
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel ayının sonlarında Nazirlər Kabiteni tam tərkiblə istefaya göndəriləcək.

Fevralın 5-də prezidentin imzaladığı sərəncamla oktyabr ayında keçirilməsi gözlənilən prezident seçkisi 11 aprel tarixinə təyin edilib.

Ölkə Konstitusiyasına görə, prezident seçkilərindən sonrakı 14 gün ərzində Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləməlidir. Bu hesabla nəticələrin təsdiqlənməsi aprel ayının 25-i tarixinə təsadüf edir. Konstitusiya Məhkəməsinin bu qərardan sonrakı 3 gün ərzində isə prezident andiçmə mərasimi keçirəcək.

Ölkə Konstitusiyasının 116-cı maddəsinə görə, yeni seçilmiş prezident səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verir. Bu da aprel ayının son gününə təsadüf edəcək.

2013-cü il 9 oktyabr sonuncu prezident seçkilərindən sonra Nazirlər kabinetinin tərkibi 44 nəfərdən ibarət idi. 4 il ərzində aparılan müxtəlif islahatlar, imzalanan sərəncamlar səbəbindən NK-nin tərkibində müəyyən dəyişikliklər olub.

Belə ki, sonuncu seçkilərdən sonra NK-nin tərkibi azalaraq 42 nəfərə enib. Bu 4 il ərzində Milli Təhlükəsizlik Nazirliyi ləğv edilərək əvəzinə Dövlət Təhlükəsizlik Xidməti yaradılıb. Həmçinin MTN başçısı Eldar Mahmudov, Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Nəqliyyat naziri Ziya Məmmədov, Vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad edilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Nəqliyyat Nazirliyi birləşdirilib.

Bundan başqa, ötən ilin sonlarında prezident sərəncamı ilə Təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin edilib. Bu sərəncamdan sonra Təhsil Nazirliyinə yeni təyinat olmayıb. Bütün bunlar son 4 il ərzində Nazirlər Kabinetinin tərkibinin dəyişməsinə səbəb olub.

Xatırladaq ki, aprel ayının sonlarında Azərbaycan Kostitusiyasına əsasən buraxılması gözlənilən Nazirlər Kabinetinin tərkibini 7 nəfər İdarə heyətinin üzvləri, 18 nazirlik, 9 komitə, 2 administrasiya, 6 xidmət sahəsi təşkil edir./Axar.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər