Teleqraf.com “Azərbaycan tarixi fotolarda” layihəsinə başlayır. Layihədə dünya arxivlərində və şəxsi kolleksiyalarda Azərbaycanla bağlı müxtəlif fotolar yer alacaq, məlumatlar veriləcək.
Layihədə ilk təqdim etdiyimiz fotomateriallar 1902-ci ildə baş verən Şamaxı zəlzələsi ilə bağlıdır.
***
1902-ci ilin fevral ayının 13-də baş vermiş 9-10 ballıq zəlzələ nəticəsində Şamaxı şəhəri yerlə-yeksan olur. 900 illik tarixi olan Cümə məscidi və digər qədim binalar torpaq altında görünməz olur. Birinci təkandan sonra baş verən yanğın faciənin miqyasını daha da artırır. O zaman qış vaxtı olduğundan, bir çox tikililərdə qızdırıcı kimi manqallardan istifadə edilirdi. Yanğına da həmin manqallar səbəb olur. Zəlzələdən salamat qalan əşyaları yanğın külə çevirir. Bu dəhşətli zəlzələ nəticəsində, təxminən, 2000 nəfər həlak olur.
Eyni zamanda, Şamaxı zəlzələsi Abşeron yarımadasının ən iri vulkanlarından biri olan Güzdək Bozdağ vulkanının oyanmasına da səbəb olur. Püskürmə zamanı vulkanın kraterində daldalanan 6 çoban və 2000 baş mal-qara bir anın içərisində məhv olur.
Tədqiqatçı Məmməd Süleymanov 1902-ci zəlzələsi haqqında yazır:
“1902-ci il zəlzələsindən sonra Şamaxıya gələn alimlər Şahqulu Mirzə və Ter-Mikailov mütəmadi təkrarlanan fəlakətlər zamanı dağıntıların bu qədər iri miqyasda olmasının 2 əsas səbəbini göstərirlər. Əvvəla, şəhər məsaməli və sulu qruntun üzərində yerləşir. İkincisi, şamaxılılar evlərini zəif gilli məhlulla yerli daşlardan tikirlər və ən əsası, evin yastı damı çox ağır olur. Elə buna görə də, Şamaxının xristianlar yaşayan hissəsində dağıntılar nisbətən azdır: onların evləri yerli daşdan yox, odundan tikilib. 1902-ci ildə də əhali yeni ərazilərə köçməkdən imtina edir. Elə o vaxt da mühəndis K.İ. Xatilov deyir: “Şamaxını yenidən tikəcəklər, həyat öz məcrasına dönəcək, dəhşətlər və səfalət yavaş-yavaş yaddaşlardan silinəcək və bu, yeni zəlzələyə qədər davam edəcək. Sonra yenə dağıntılar, yenə də eyni dəhşətlər...”.
Gürcüstan Milli Parlament Kitabxanasında Şamaxı zəlzələsi ilə bağlı olan materialları təqdim edirik: