9 Fevral 2018 10:05
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarında, ümumilikdə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 193 vakant icraçı vəzifələri üzrə (BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib.

DİM-dən Teleqraf.com-a verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat martın 9-dək davam edəcək.

Müsabiqəyə təqdim olunan vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və martın 9-u saat 18:00-dək Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

Elan edilən müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” qanunun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:

- struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

- vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Qeyd edək ki, vakansiyalar aşağıdakı dövlət orqanları tərəfindən təqdim olunmuşdur:

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (73 vakant vəzifə): BB1 altqrupu üzrə 2; BB2 altqrupu üzrə 7; BB3 altqrupu üzrə 14; BB4 altqrupu üzrə 50;

- Dövlət Statistika Komitəsi (51 vakant vəzifə): BA3 altqrupu üzrə 1; BA4 altqrupu üzrə 1; BB3 altqrupu üzrə 6; BB4 altqrupu üzrə 43;

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi (46 vakant vəzifə): BA4 altqrupu üzrə 2; BB2 altqrupu üzrə 1; BB3 altqrupu üzrə 19; BB4 altqrupu üzrə 24;

- Gənclər və İdman Nazirliyi (6 vakant vəzifə): BB3 altqrupu üzrə 4; BB4 altqrupu üzrə 2;

- Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (3 vakant vəzifə): BB3 altqrupu üzrə 1; BB4 altqrupu üzrə 2;

- Tarif Şurasının Katibliyi (1 vakant vəzifə): BA4 altqrupu üzrə 1 ;

- Sumqayıt Apelyasiya Məhkəməsi (3 vakant vəzifə): BA4 altqrupu üzrə 3;

- Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi (2 vakant vəzifə): BB4 altqrupu üzrə 2;

- Sabirabad Rayon Məhkəməsi (4 vakant vəzifə): BB4 altqrupu üzrə 4;

- Lerik Rayon Məhkəməsi (2 vakant vəzifə): BB4 altqrupu üzrə 2;

- Cəbrayıl Rayon Məhkəməsi (2 vakant vəzifə): BB4 altqrupu üzrə 2;

Əlavə olaraq, müsabiqəyə çıxarılmış 193 vakant inzibati vəzifədən 8-i BA vəzifə qrupu, 185-i isə BB vəzifə qrupuna uyğundur.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər