Ayıq sürücülər arasında yol polisinə məlumat ötürənlər var. Onlar sırf fərdi şəkildə fəaliyyət göstərənlərdir.
Teleqraf.com xəbər verir ki, bunu ekspert Elməddin Muradlı son günlər ayıq sürücülərin polislə əlbir işləməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.
O bildirib ki, bunu etiraf edən sürücülər də var: "Onlar sırf fərdi şəkildə fəaliyyət göstərir. Həmən sürücülər bildiriblər ki, bunu yol polisləri özləri bizə təklif eləyib. Sərxoş sürücülərə qarşı belə mübarizə aparılırsa, bu qeyri-sağlam mübarizə üsuludur".
Sərxoş sürücülərlə bağlı sərt tədbirlərin görünməsi ilə eyni vaxtda populyarlaşan ayıq sürücü xidmətləri həm fərdi, həm də şirkət qismində fəaliyyət göstərir. Ekpertlər məsləhət görür ki, ayıq sürücü xidmətlərinin neqativ hərəkətlərindən uzaq qalmaq üçün, sürücülər ya tanıdıqları şəxslərə zəng vursunlar, ya da özəl xidmətlərdən istifadə etsinlər.
Ekpert Azər Allahverənov belə halların şahidi olan sərnişinlərə müraciət edib:
"Hər hansı bir sürücünün bu iki qurum arasında hansısa bir sövdələşməni təstiq edən sübutlar varsa, onları sosial şəbəkələrdə tirajlamaqdansa, məhkəmə orqanlarına müraciət etmələri yaxşıdır".
Hüquqşünas Elmar Süleymanov isə ARB-yə ayıq sürücü yol polisinin “dırnaqarası” sövdələşməsinin birbaşa cinayət əməli olduğunu deyib.
"Ayıq sürücü adlandırılan şəxs bu məlumatı maşını həyətə gətirib saxladığı zaman yox, sifarişi aldığı zaman ötürür. Məlumatı almış yol polisi əvvəlcədən sürücü üçün tələ hazırlayır. Həmin cərimə dələduzluq kimi qiymətləndirilə bilər".
Qeyd edək ki, son zamanlar ayıq sürücü sərxoş şəxsin maşınını evinə kimi aparsa da, onu arxadan yol polisinin təqib etdiyi barədə məlumatlar yayılıb. İddialara görə, maşının sahibi ayıq sürücünü yola salandan sonra həyətdə maşını park etmək üçün sükan arxasına oturan kimi onu yol polislər yaxalayır.