Peşə məktəblərini seçənlər ildən-ilə artır. Azərbaycanda 105 peşə litseyi və peşə məktəbləri var. Hazırda şagirdlərin bəlli bir faizi 9-cu sinifdən 10-cu sinifə keçmir, peşə məktəblərini seçirlər.
Teleqraf.com xəbər verir ki, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Qalib Həsənov son zamanlar şagirdlərin daha çox peşə məktəblərini seçməsinə münasibət bildirib:
“Kütləvi halda ali təhsil diplomu almaq ənənəsi yaranmışdı. Bu da peşə məktəblərinin imicinə təsir göstərmişdi. Hətta bu yaxınlarda yeni peşə tədris mərkəzinin əsası da qoyulub. Həmin tədris mərkəzində tədris Cənubi koreyalılarla birgə aparılacaq. Çünki Cənubi Koreya, Finlandiya kimi təhsildə irəli getmiş ölkələrdə peşə məktəblərində oxuyan şagirdlərin sayı ali təhsillli insanların sayından dəfələrlə çoxdur. Və bu sahə ölkələrin inkişafına gətirib çıxarır. Çünki hər kəs istədiyi peşəyə yiyələnib, onun peşəkarına çevrilir. Bu da peşə məktəblərində daha tez və çevik olur".
Ekspert Kamran Həsənov bildirib ki, Azərbaycanda da peşə məktəblərində oxuyan şagirdlərin sayı artacaq:
"Çünki gələcəkdə şirkətlər özlərinə lazım olan işçini dövlətə deyil, peşə məktəblərinə sifariş edəcəklər".
Tələbə Nübar Hüseynova isə ARB-yə bildirib ki, elektrik qaynaqçısı ixtisası üzrə təhsil alır: "Sevərək gəlmişəm. İnternetdə də izləyirdim. Çox yaxşı öyrədirlər".
Azərbaycanda ali təhsil müəssisələrini bitirənlərin sayı 32.000 nəfərdir. Bu rəqəmin fonunda cəmi təxminən 42 %-i iş tapa bilir. İş tapa bilməyənlər isə 58 faizdir. Amma peşə məktəblərini bitirənlərin 90%-i iş tapa bilirlər. Bu olduqca tez baş verir.
Məsələn, saç ustası, aşpaz, çilingər, avtomobil ustası, kompyüter mühəndisliyi və s. peşələrə yiyələnən işsiz qalmayacaq. Çünki bazarda buna təlabat var.
Qeyd edək ki, Avropa ölkələrində, Şərqi Asiyada orta məktəbi bitirənlərin 60-70 %-i birbaşa peşə məktəblərinə gedir.