12 Fevral 2018 09:00
2 610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Tariximiz fotolarda” layihəsində ikinci yazını təqdim edir:

…XVIII yüzillikdə İrəvanda tikilən Sərdar sarayının taleyi Azərbaycan tarixində ən faciəli hadisələrdən biridir.

Hüseynəli xan Qacarın (1759-1783) hakimiyyəti dövründə inşa edilən bu saray onun oğlu Məhəmməd xanın (1784-1805) hakimiyyəti dövründə daha da genişlənir.

Tarixçi Nazim Mustafanın yazdığına görə, Hüseynəli xan yeni iqamətgah inşa etdirmək üçün dövrün məşhur memarı Mirzə Cəfər Xoylunu İrəvana dəvət edir. XX əsrin əvvəllərinədək İrəvan qalasında mövcudluğunu saxlayan Xan sarayı Mirzə Cəfər Xoylunun rəhbərliyi altında yenidən qurulur. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan Qacar Güzgülü salonu və Sərdar bağındakı Yay imarətini inşa etdirir, bununla da bu möhtəşəm tikili memarlıq baxımından monumental saray kompleksi kimi tamamlanır. Saray kompleksi 1810-cu ildə Hüseynqulu xanın hakimiyyəti dövründə əsaslı təmir edilir, ona bir sıra tikililər əlavə edilir.

İrəvan xanlığının işğalından sonra saray mövcudluğunu qoruyur.

N.Mustafanın yazdığına görə, İrəvan qalasının və Xan sarayının Rusiya işğalından sonra çəkilmiş cizgilərinin bir qismi hazırda İrəvan şəhər tarix muzeyində saxlanılır:

“1837-ci ildə Sərdar sarayının tərtib edilmiş mükəmməl cizgisində göstərilən miqyasa əsasən, sarayın təqribən 1 hektar ərazini tutduğu aydın olur. Saray qala kompleksinin şimal-qərb hissəsində yerləşmiş və qaladan saraya qapı açılırmış… Rusiya işğalından sonra xan sarayında əvvəlcə İrəvan müvəqqəti idarəsi, sonra isə İrəvan və Naxçıvan xanlıqlarını birləşdirən “Erməni vilayəti”nin administrasiyası yerləşmişdi… Rusiya imperatoru I Nikolayın 23 ildən artıq müddətdə müəyyən fasilələrlə rus qoşunlarının hücumlarına tab gətirən, “alınmaz qala” kimi şöhrət qazanan əfsanəvi İrəvan qalasını görmək arzusu 1837-ci ildə gerçəkləşdi. Çar Xan sarayında gecələmiş, ondan xatirə qalsın deyə, Güzgülü zalın divarına öz adını yazmışdı. Sonradan divarın həmin hissəsi çərçivəyə alınmışdı. I Nikolay Güzgülü zalda İrəvan şəhərinin əhalisinin müxtəlif təbəqələrdən olan nümayəndələrini qəbul etmişdi”.

1914-cü ildən etibarən İrəvan xanının sarayı yağmalanır, oradakı dəyərli eksponatlar Tiflisə aparılır. 1918-ci ildə İrəvanda daşnak hökuməti qurulduqdan sonra isə saray tamamilə dağıdılır.

Hazırda Gürcüstan Dövlət arxivində D.Yermakova aid kolleksiyada Sərdar sarayının fotoları yer alır.

Teleqraf.com həmin fotoları təqdim edir:


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər