Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib.
Tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər xiyabanının ziyarət edilməsi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlərin (mətbuat konfranslarının, anım mərasimlərinin və s.) təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında qanlı qırğını əks etdirən materialların yayılması və internet şəbəkəsində mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.
Bundan başqa, ölkəmizdə fəaliyyət göstərən dini konfessiya və qurumlar tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimləri təşkil ediləcək, idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr olunan sənədli və bədii filmlər göstəriləcək.
Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) dövlət qurumları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların şəhid ailələri ilə görüşləri təşkil olunacaq.
Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq, həmin gün saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, Xocalı soyqırımı günü ilə əlaqədar respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək./APA/