Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində baş verən hadisədən sonra şagirdlər məktəbdən uzaqlaşdırılmayıb.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, son günlərdə sosial şəbəkələrdə yanlış olaraq belə xəbərlər yayılır ki, Bakı şəhərinin məktəblərinin birində baş verən məlum hadisədən sonra şagirdlər məktəbdən uzaqlaşdırılıb:
“Ancaq bu məlumatın heç bir əsası yoxdur. Belə ki, valideyn məktəb rəhbərliyi ilə birgə övladının digər ümumtəhsil müəssisəsində təhsilini davam etdirməsi üçün qərar qəbul edib. Hazırda şagirdə psixoloji yardım göstərilir”.
Cəsarət Valehov məsələyə həssas yanaşmağı diqqətə çatdırıb:
“Bir daha kütləvi informasiya vasitələrində çalışan həmkarlardan,sosial şəbəkələrdə rəy bölüşən dostlardan xahişim budur ki, şagirdlərin yetkinlik yaşına catmadığını nəzərə alaraq məsələyə həssas yanaşsınlar”.
Qeyd edək ki, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksinin 11-ci sinif şagirdi 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında intim əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb.