Azərbaycan Respublikası Prezidentinin 21.07.2017-ci il tarixli 1560 nömrəli Fərmanı ilə mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşlar sırasına yeni “ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər” kateqoriyası əlavə edilib.
Mənzil İnşaatı Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, “Güzəştli mənzil” sistemində buna görə zəruri dəyişikliklər aparılıb, ən azı 3 il elmi vəzifədə çalışan elmi işçilər tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilib, habelə aidiyyəti elmi müəssisələrin siyahısının dəqiqləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilib. Nazirlər Kabineti tərəfindən “Elm haqqında” Azərbaycan Respublikasının 14.06.2016-cı il tarixli Qanununda nəzərdə tutulan tələblərə uyğun gələn elmi müəssisə və təşkilatların siyahısı müəyyən edilib. Bu siyahıda (http://mida.gov.az/az/rules/siyahi/) göstərilən müəssisə və təşkilatlarda ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana bilər.
Həmin şəxslər tərəfindən təqdim olunmalı sənədlərin və aidiyyəti elmi müəssisələrin siyahıları ilə www.mida.gov.az və www.mida.az internet-saytlarının ana səhifəsində “Tələb olunan sənədlər”bölməsində tanış olmaq mümkündür.
Nazirlər Kabineti tərəfindən təqdim edilmiş siyahıya daxil olan elmi müəssisə və təşkilatlarda ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə 14.02.2018-ci il tarixindən etibarən Elektron İmza və ya Asan İmzadan istifadə edərək müraciət edə bilərlər.
Eyni zamanda, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq və müraciətlərin sistemdə qeydiyyata alınmasında vətəndaşlara köməklik göstərmək məqsədilə onlara Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı ASAN Xidmət mərkəzlərində və Sumqayıt ASAN Xidmət mərkəzində müvafiq xidmətin göstərilməsi də davam etdiriləcək.
“Güzəştli mənzil” sistemində qeydiyyatdan keçərək şəxsi elektron kabinetə sahib olacaq elmi işçilər daha öncə elektron kabinetə sahib omuş digər şəxslərlə bərabər hüquqlara malik olacaqlar.