12:13
Bu gün Beynəlxalq Muğam Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) yanında İctimai Şura "Qadın və seçki hüququ" mövzusunda konfrans keçirib.
Teleqraf.com xəbər verir ki, konfrans 1918-ci ilin may ayının 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların, eləcə də qadınların bərabər hüquqlarının tanınması və bu günə qədər inkişaf etdirilməsinə həsr olunub.
Konfransa AQUPDK yanında İctimai Şurasının sədri Rəna Mirzəzadə, ictimai xadim Tərlan Musayeva, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Lətifə Əliyeva, Kaspi Tədris Mərkəzinin rəhbəri Sona Vəliyeva, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, professor Aygün Attar, ekspert İndira Şəmsiyeva iştirak ediblər.
Konfransı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Rəna Mirzəzadə açıq elan edib. O bildirib ki, Azərbaycan tarixi, siyasi məsələlərlə yanaşı 20-ci əsrin əvvəlində qadınlara seçib-seçilmək hüququ verməklə bütün dünyaya modern dövlət olduğunu sübut edib:
"Bu il Cümhuriyyətin 100 illiyinə həsr edilib. Biz 100 ildə Azərbaycanın nə qədər inkişaf etdiyini görürük. Ölkənin inkişafında Azərbaycan qadınlarının da əvəzsiz rolu var. Ölkə prezidentimiz qadınlarımızın yüksək intellekt sahibi olmasına, onların cəmiyyətdə özünəməxsus yer tutmasına zəruri şərait yaradır. Məqsəd Azərbaycanın sabahı və rifahinı təmin etməkdir.
Ölkə əhalisinin 50 faizdən çoxunu qadınlar təşkil edir. Ölkəmizdə gender problemləri müsbət istiqamətdə həllini tapıb. Parlamentdə yüzlərlə qadın təmsil olunub. Ölkəmizdə fəal qadınların sayı az deyil. Onların təşəbbüsləri sayəsində ölkəmizin gələcəyi daha parlaq olacaq".
Ekspert İndira Şəmsiyeva bildirib ki, bu gün Azərbaycanda aparılan ən kiçik islahatlar belə, dünya ölkələrində maraqla qarşılanır:
"Hazırda dünya ölkələrində qlobal maliyyə böhranının yaşandığı bir vaxtda ölkə daxilində aparılan sosial-iqtisadi siyasətin nəticəsidir ki, Azərbaycanda uğurlu islahatların sayı ilbəil artır. Azərbaycan qadını isə onun üçün yaradılan şəraitdən bəhrələnərək öz potensialını bütün sferalarda göstərir. Biz qadınlar çalışırıq ki, ölkəmizdə qadın siyasəti çərçivəsində çoxsaylı uğurlara imza ataq".
Kaspi Tədris Mərkəzinin rəhbəri Sona Vəliyeva bildirib ki, qadınlarımız gələcəyin anasıdır: "Birinci növbədə qadınların savadlı olması, daha da irəliyə getməsi, cəmiyyətdə öz yerlərini tutması üçün çoxsaylı tədbirlər görülüb. Hələ Cümhuriyyət dövründə qadınlar mətbuatımızda, ədəbiyyatımızda birmənalı şəkildə bunu təbliğ ediblər. Bu gün biz çalışırıq ki, gender bərabərliyini daim qoruyaq və qadınların cəmiyyətimizi, ölkəmizi beynəlxalq səviyyədə tanıtmasına stimul yaradaq".
Professor Aygün Attar bildirib ki, 80 milyonluq Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən çoxsaylı universitetlərdən olan Giresun universitetində rektor kimi çalışıb: "Türkiyə parlamentində ilk qadın millət vəkili azərbaycanlı olub. Bu, olduqca qürurverici haldır. Mən bunu bütün xarici ölkələrdə yaşayan qadınlarımızın adından deyirəm. Zərdabinin gözəl bir sözü var, bir kişinin təhsilini qarşılasaz, siz bir nəfər ziyalı yetişdirmiş olarsız. Amma bir qadının təhsilini qarşılasaz, ziyalı bir cəmiyyət qazanmış olarsız. İngiltərədə qadınlar əməyin qarşılığını almaq üçün küçələrə çıxıb üsyan edirlər. Lakin bizim ölkəmizdə qadınlara hər zaman dəyər verilib və bu gözəl tarixi ənənə bu günə qədər özünü doğruldur".
Sabiq deputat, ictimai xadim Tərlan Musayeva: "15 il Azərbaycanımızı təmsil edən qadın deputatlardan biri olmuşam. Hələ sovet dövründə, kəskin rejimə baxmayaraq qadınlarımızın təhsilə marağı yüksək olub. Cümhuriyyətimiz əldə edildikdən sonra isə ölkəmizdə ziyalı qadınların sayı artıb. Cümhuriyyətimiz bərpa olunduqdan sonra da Milli Məclisin deputatı olmuşam.
Bütün bunları nəzərinizə çatdırmaqda məqsədim odur ki, bu ilin Cümhuriyyət ili elan olunması təsadüfi deyil. Müstəqil Azərbaycan tarixi Cümhuriyyətimizin varisidir. Bu gün biz ölkə başçımız İlham Əliyevin namizədliyini tam şəkildə dəstəkləyirik və bütün ziyalı qadınlarımızı qarşıdakı seçkilərdə Azərbaycanın yeganə və real namizədi olan İlham Əliyevə səs verməyə çağırıram".
Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədr müavini Afət Xanbabayeva:
"Təhsil ölkəmizdə ən öndə gələn və xüsusi diqqət ayrılan sahələrdəndir. Bu gün ictimai sektorda fəal olan xanımlarımızın sayı az deyil. Azərbaycanda sabitliyin, inkişafın, davamlı müstəqilliyin mövcud olmasında Azərbaycan kişiləri qədər, xanımlarımızın da əməyi var. Əziz qadınlar, gözəl ölkəmizin füsunkar qadınları sizi, sizə verilən bu qiymətli, dəyərli seçim hüququnu düzgün dəyərləndirərək Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyevə səs verməyə çağırıram".
Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası idarə heyətinin sədri Səkinə Babayeva:
"Məndən əvvəl çıxış edən xanımlarımız tarixdə Azərbaycan qadınının tutduğu yüksək mövqelərdən kifayət qədər danışdılar. Təbii ki, onların fikrinə qatılıram.
Sizə bizim yaratdığımız kiçik assosiasiya haqqında məlumat vermək istərdim. Həvəslə çalışan kollektivimiz sahibkarlıq arzusunda olan bütün xanımlarımıza səslənərək, bu gün ölkədə qadınların inkişafına ayrılan xüsusi diqqətdən yararlanmağa çalışıb. Son bir ildə 6 minə yaxın sahibkar qadına maddi dəstək verilib. Azərbaycanda qadınların iqtisadi mövqeyinin artırılması, biznes layihələrinin inkişafı üçün çoxsaylı tədbirlər, seminarlar keçirilir.
Son 15 ildə qadın sahibkarların əldə etdiyi çoxsaylı uğurlara görə hər birimiz Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirik. Qarşıdakı seçkilərdə prezidentimizə dəstək olmağa çağırıram".