14 Fevral 2018 13:52
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Televiziyasının efirə çıxmasının 62, onun nəzdindəki "Mədəniyyət” kanalının 7 ili tamam olur.

Hamının "sehirli qutu” adlandırdığı bu cihaz ilk dəfə 62 il əvvəl evimizə ayaq basanda heç kimin ağlına belə gəlməzdi ki, çox keçməyəcək və texnologiyanın bu möcüzəsi nəinki məişətimizin əvəzedilməz avadanlığına, bütövlükdə həyatımızın vazkeçilməz elementinə, hər birimizin "göz yoldaşı”na, asudə vaxtımızın məşğuliyyətinə, "üçəm” istəyimizin – xəbərləşmək, əylənmək və maariflənmək ehtiyacımızın təşnəsinə çevriləcək.

***

Bizdə televiziyanın tarixi bugünədək bəzilərinin sevgiylə, bəzilərinin nisgillə, bir qismininsə ürəyinin tən ortasında düyümlənib nəsibinə yetməyən bir istəklə "AzTV” deyə müraciət edib səsləndiyi Azərbaycan Dövlət Televiziyasının tarixi ilə ölçülür. Və bu təkcə bir elektron yayım quruluşunun, zəmanəsinin qüdrətli bir media strukturunun tarixi deyil, bütövlükdə bir ölkənin, bir xalqın, onun maddi-mədəni-mənəvi inkişafının salnaməsidir. Belə bir "epiteti” haqq etmək isə, təbii ki, gərgin fəaliyyətdən, zəhmət dolu illərdən, coşqun yaradıcılıq entuziazmından keçir.

Bəli, bu gün ailə büdcəsinin imkan verdiyi qədər ən son model televizora yiyələnə bilərsən. Ancaq o sadəcə cihazdır, informasiya, görüntü daşıyıcısıdır. Onu ətə-qana dolduran, vizual təsviri bədii-estetik sənət səviyyəsinə qaldıran elektron media təsərrüfatında çalışan həmkarlarımızdır. Bəs efir həyatı qazanan, evimizə qədər gəlib qarşımıza çıxan verilişlər, onların keyfiyyəti bizləri qane edirmi? Burda, necə deyərlər, Kərəmi ağlamaq tutur. Niyə? Cavabı çox sadədir. Biz bir tamaşaçı kimi həm də istehlakçıyıq. Bazarda mətahın ən yaxşısını almaq istəyi cibimizin imkanları ilə tərs mütənasib ola bilər, ancaq ekrandan yüksək keyfiyyətli, məzmunlu, maraqlı teleməhsul seyr etməkdə iddialı və israrlıyıq. Yenə də niyə? Çünki TV-dən malik olduğumuz ən yaxşıları nümayiş etdirəcəyini gözləyirik. Reallıq isə ondan ibarətdir ki, bu gözləntimiz çox vaxt ümid olmaqdan o yana keçmir. Ənənəvi mətbuatın, internet medianın girdabında boğulduğu xəstəliklər bəzi telekanallara da yoluxub.

Əlamətdar haldır ki, indi televiziyadan yana az qala kütləvi miqyaslara keçən əndişələrin fonunda müsbət nümunələr də var və bu məsələdə əsas sözü yenə də həmişə olduğu kimi dövlət televiziyası deyir. Ən radikal, güruhçu opponentləri belə etiraf edə bilərlər ki, AzTV fəaliyyətə başladığı gündən bəri sırf elektron media quruluşu olmasının, birbaşa funksiyalarını yerinə yetirməsinin fövqündə bir də dövlətçilik ideologiyamıza, mədəniyyətimizə, milli düşüncəmizə, xalqın ictimai baxışlar sisteminə töhfəsini əsirgəməyib. Televiziyanın ədəbiyyatımızı, musiqimizi, teatrımızı, tariximizi, dilimizi təbliğ etməklə qalmayıb həmin dəyərləri çoxmilyonlu tamaşaçı auditoriyasına sevdirmək üçün hazırlayıb təqdim etdiyi verilişlərin hər biri ayrılıqda bişkin, peşəkar və bənzərsiz sənət əsərləridir.

Hələ bir neçə il əvvəl Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqaləsində televiziyanın ən aktual və təxirəsalınmaz problemlərinə toxunaraq deyirdi: "Məlum olduğu kimi, hal-hazırda dünyanın aparıcı televiziya və radio kanalları müasir dövrün tələblərini nəzərə alaraq fəaliyyətlərində ciddi dəyişikliklər edir, daim yeniləşir, auditoriyasını, ictimai rəyə təsir imkanlarını genişləndirirlər. Balanslaşdırılmış proqram siyasəti, yüksək efir mədəniyyəti, ictimai maraqlara xidmət, maarifləndirmə, operativ, obyektiv, hərtərəfli məlumatlandırma teleradio yayımı həyata keçirən qurumun müvəffəqiyyətinin əsas şərtləridir. Azərbaycan televiziya və radio kanallarının monitorinqi göstərir ki, maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyaları arasında ciddi disbalans yaranmış, peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər teleradio rəhbərlərini o qədər də maraqlandırmır”.

Aradan bir xeyli vaxt ötsə də "iki cüt bir tək” telekanaldan savayı fəaliyyətini yaxşılığa doğru təshih edən, köklü keyfiyyət dəyişikliklərinə nail olan televiziya, təəssüflər olsun ki, azdır. Son illərin efir vakxanaliyası, telesiyasətə və televiziyaçılığa nabələd adamların dövlət televiziyasına qarşı toplum tərəfindən dəstək tapmayan isterik çağırışları, az qala həndəsi silsilə üzrə artan teleşouların insanların zövqünə divan tutan "kakafoniyası” tamaşaçını bir daha öz orientirlərini müəyyənləşdirməyə dəvət edir və əlamətdar faktdır ki, əksəriyyətin yekdil simpatiyasının Azərbaycan teleməkanının bu aparıcı və peşəkar telekanalından – AzTV-dən yana olduğunu müşahidə edirik.

Bu gün biz bir tamaşaçı kimi başqa telekanallarda tapa bilmədiyimizi 62 yaşlı bu "ixtiyar” kanalda tapırıq. "Əsas məsələ”, "Səhər”, "Ovqat”, "Səadət”, "Sevilənlər”, "Yaradanlar, yaşadanlar”, "Bu axşam” kimi proqram və verilişlər tamaşaçılar arasında rəgbət və maraqla qarşılanır. "Azərbaycan tarixi”, "Turan”, "Azərbaycan dili”, "Sözün sirri”, "Elm və innovasiya”, "Şahmat klubu”, "Kənd saatı”, "Bağçılıq” kimi elmi-maarifçi verilişlərin isə özünün geniş tamaşaçı auditoriyası vardır. Başqa kanallardakı sırf biznes xarakterli, əsil şoulara parodiyadan başqa bir şey olmayan bayağı və səviyyəsiz şoulardan fərqli olaraq "Breyn-rinq”, "Nə? Harada? Nə vaxt?”, "61!”, "Mən Azərbaycanlıyam”, "Əlaçı” "Pillə”, "Hazırcavablar” kimi intellektual şou proqramları da yeniyetmə və gənclərin maraqla və sevərək gözləyib izlədikləri verilişlərdəndir.

Operativlik, peşəkarlıq və dəqiqlik kimi prinsipləri əsas tutaraq gündə səkkiz dəfə müxtəlif dillərdə və ən "isti” məlumatlarla efirə çıxan "Xəbərlər” informasiya proqramı ciddi bir tamaşaçı auditoriyası qazana bilib. Bu proqram Türkiyə, Rusiya, Qazaxıstan və Orta Asiya, İran, Ukrayna, Gürcüstan, Qərbi Avropa və digər ölkələrdəki müxbir məntəqələri vasitəsilə nəinki dünyada baş verən hadisələr barədə xəbərlərin ölkə izləyicisinə çatdırılmasını, eləcə də ölkə Prezidentinin medianın qarşısında qoyduğu vəzifələrə uyğun olaraq Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasını təmin edir.

İctimai-siyasi proqramlar redaksiyasının təqdim etdiyi "Günün nəbzi” proqramı həftənin beş günü ən aktual məsələlərin müzakirə olunduğu çox uğurlu bir platformadır. Digər telekanallardakı analoqlarından fərqli olaraq bu proqramda aparıcıların rotasiyasından və hazırlıq səviyyəsindən tutmuş, mövzuların seçiminə, ekspertlərin kimliyinə və müzakirənin uğurlu "kommunikator-resipient” dialoqu şəklində təqdimatınadək hər şey çox peşəkar və akademik səviyyədədir.

"Həftə” proqramı intellektual səviyyəsinə və baxımlılığına görə hər bazar günü axşam böyük bir auditoriyanı özünə kilidləməyi bacarır.

Ümumiyyətlə, təqdirəlayiq fakdır ki, AzTV-nin siması daim dəyişir və gəncləşir. Bu gün ölkənin ilk kanalının efirində gənc aparıcılar və jurnalistlər əsil yaradıcılıq məktəbi keçib püxtələşirlər.

Son illər AzTV-nin cəmiyyətə yalnız hörmət, ehtiram və işıq aşılayan şəxslərə və verilişlərə efirdə yer verməsi maarifçilik ideyalarına sadiqliyindən irəli gəlir.

Bayağılığın artıq təsadüfi elementə deyil, bəzi TV-lərin yayım siyasətini təyin edən konsepsiyaya, əsas ana xəttə çevrildiyi bir vaxtda qalmaqallı və ucuz şou-biznes aləmindən uzaq durması, sanballı mədəniyyət siyasəti yürütməsi tanınmış sənətkar və peşəkarların məhz AzTV-də çıxış etməyə, söz deməyə üstünlük verməsinə gətirib çıxarmışdır. Ümumiyyətlə, dövlət televiziyasının yayım siyasətinin ana fəlsəfəsi seyrçini efirin zənginliyi, rəngarəngliyi, bədii-estetik çəkisi, intellektual dərinliyi, ədəbi dil normalarına diqqət və məsuliyyəti, ümumi zövq anlayışına riayət intizamı ilə özünə cəlb etməkdir.

Azərbaycan televiziyasında istehsal edilən teletamaşalar haqlı olaraq teleməkanın "Qızıl Fondu” hesab olunur. Hazırda bir şox özəl kanallarda seriallar çəkilir. Amma onların heç biri AzTV-nin hazırladığı teletamaşalar qədər populyarlıq qazana bilmirlər. Çünki AzTV-nin hazırladığı tamaşalar ("Topal Teymur”, "Ordan-Burdan”, "Dahilərin divanı”, "Kökdən düşmüş piano”, "Mehmanxana sahibəsi”, "Ötən ilin son gecəsi”, "Bala başa bəla”, "Evləri göydələn yar”, "Ac həriflər”, "Atayevlər ailəsi”, "Alov”, "Günahsiz Abdulla”, "Mürafiə vəkilləri” və sair) mahiyyəti ilə zəngindir. İstər klassik əsərlər, istərsə də müasir əsərlərdə cəmiyyətə olan mühüm çağırışlar hiss olunur.

Azərbaycan Teleradio Verilişləri QSC-nin nəzdində yaranmış "Mədəniyyət” kanalı qısa müddətdə ölkənin düşünən, ziyalı, elmi-intellektual auditoriyasının rəğbətini qazana bilmışdır. Kanalın əsas məqsədlərindən biri zəngin Azərbaycan mədəniyyətinə xas bəşəri dəyərləri dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini ölkəmizdə təbliğ etmək, gənc nəslin bədii-estetik zövgünün düzgün formalaşmasına töhfəsini verməkdir. Burada istehsal olunan "Məclisi-üns”, "Şəxsən Siz”, "Tam fərqli”, "Yada düşər xatirələr”, "Yaddaş”, "Saz, söz axşamı”, "Musiqi xəzinəsi”, "Sərbəst sohbət”, "Teatr”, "Haqqın dərgahı”, "Kinosalnamə”, "Maarifçilik işığında”, "PalitraART”, "Sönməyən ulduzlar”, "Azərbaycan muzeyləri”, "Balacam” kimi verilişlər konkret mədəni dəyərlərin təbliği istiqamətində maarifçi təşviqat işi aparmaqla yanaşı, öz intellektinə görə fərqlənən tamaşaçı auditoriyasına bu və ya digər tarixi hadisəyə kulturoloji yanaşmanın əsaslarını təlqin edirlər.

"Mədəniyyət” kanalı ölkənin müxtəlif mədəniyyət ocaqları ilə sıx əlaqədə çalışır. Hər həftə Azərbaycan Opera və Balet Teatrı, Azərbaycan Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqi Teatrında hazırlanmış tamaşalar təqdim olunur.

Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycan Televiziya və Radio verilişləri QSC-nin nəzdində gənc və enerjili bir kollektivlə fəaliyyətə başlayan "İdman Azərbaycan” kanalı qısa bir müddət ərzində Azərbaycan idmanının güzgüsünə çevrilməklə yanaşı, 2015-ci ildə ölkəmizin ev sahibliyini etdiyi I Avropa Oyunlarının, ötən il keçirilən İslam Oyunlarının, eləcə də üçüncü ildir ki, dünyanın avtomobil idmanı həvəskarlarının diqqətini özünə cəlb edən "Formula – Bakı” yarışlarını işıqlandırmaqla ortaya yüksək peşəkarlıq nümunəsi qoymağı bacardı.

Bu kanalın "İdman xəbər”, "İdman həftəsi”, "Avrofutbol”, "Tay-brek”, "Flaqman”, "Favorit”, "Mərc meydanı”, "İdman sağlamlığın rəhnidir”, "Telefitnes”, "Oyunun hakimi”, "Top 10”, "İdman məbədi”, "Şahmat klubu”, "Debüt”, "İdman və media”, "Avropadan futbol”, "İdman qəzaları”, "İdman rekordları”, "İlin çempionu”, "Teleafişa” kimi verilışləri kifayət qədər populyardır.

Bundan başqa, AzTV və "Mədəniyyət” kanalı artıq H.Əliyev adına Respublika Sarayında, Beynəlxalq Muğam Mərkəzində, Dövlət Filarmoniyasında keçirilən 232 konsertin birgə təşkilatçısı qismində çıxış edib. Gorkəmli bəstəkarlarımız Tofiq Quliyevin, Elza İbrahimovanın, Emin Sabitoglunun və digərlərinin yaradıcılıqlarına həsr olunmuş təntənəli gecələr buna bariz misaldır. Həmin tədbirlər AzTV-nin nəzdində fəaliyyət göstərən iri musiqi kollektivlərinin – Niyazi adına Dövlət simfonik orkestri, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Cahangir Cahangirov adına xor, Tofiq Əhmədov adına estrada-simfonik orkestri, Əhsən Dadaşov adına "Xatirə” xalq çalğı alətləri ansamblı, Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı, Vaqif Mustafazadə adına "Sevil” vokal-instrumental ansamblı, "Qaytağı” instrumental ansamblının müşayiətilə keçirilir.

Təqdirəlayiqdir ki, mədəniyyət və incəsənət hadisələrinə çevrilən bu ənənə davam etməkdədir və hazırda AzTV və "Mədəniyyət” kanalında bəstəkar Səid Rüstəmovun gələn ay keçiriləcək yubiley konsertinə hazırlır prosesi gedir.

Ölkə həyatının önəmli təqvim günlərində digər kanallardan fərqli olaraq AzTV və İTV bir qayda olaraq tematik verilişlərlə çıxış edir.

***

Akademik R.Mehdiyev adını çəkdiyimiz məqaləsində diqqəti telekanalların müntəxabat xarakterli vəzifələrinə çəkərək deyir: "Maarifləndirmə xarakterli proqramlarda biznes maraqları üstünlük təşkil etməməli, daha çox maraqlı verilişlərlə tamaşaçı auditoriyasının rəğbətinin qazanılması qarşıya məqsəd qoyulmalıdır. Televiziya təkcə informasiya vermək və yaxud əyləndirməklə işini bitmiş hesab etməməlidir. O, həmçinin tamaşaçısını düşündürməyi, istiqamətləndirməyi bacarmalıdır”.

Yuxarıda da qeyd etmişdik. Bəzən dövlət televiziyasının təyinatı, ona ayrılan vəsaitin miqdarı ilə bağlı qeyri-professional fikirlər səslənir. Televiziya böyük vəsait tələb edən bir "həzz”dir. Müasir dövrdə televiziyaya populyarlıq gətirə biləcək veriliş və proqramların hazırlanmasına böyük maliyyə xərcləri sərf olunur. Hələ xarici prodakşnların hazırladıqları iri layihələri demirik. Onların əldə olunması üçün xarici valyuta gərəkdir. Məsələn, "özgəsinin pulunu saymağı xoşlayanların” diqqətinə belə bir faktı çatdıraq ki, Rusiyanın "Pervı” kanalının "Qolos” layihəsinin bir mövsümünün büdcəsi 22-25 milyon dollar təşkil edir ki, bu da Azərbaycanın dövlət büdcəsindən maliyyələşən iki kanalının məcmu büdcəsindən çoxdur. Buraya belə bir məqamı da əlavə edək ki, AzTV və İTV bəzi özəl telekanallar kimi reklam cəlb etmək xətrinə efirinin "qapılarını” dəyərsizləşdirilmiş dəyərlərin, əsil sənətdən uzaq şou əhlinin dəbdəbəli həyat tərzinin təbliğinə həsr olunmuş bayağı və nimdaş proqamların üzünə açmır.

Unutmaq olmaz ki, ölkəmizin televiziya kanallarında nümayiş etdirilən maraqsız, bayağı, mənasız verilişləri nəinki respublikamızın bölgələrində, həmçinin peykvasitəsilə dünyanın ayrı-ayrı guşələrində də izləyə bilirlər. Yenə də akad. R.Mehdiyevin söylədiyi kimi, bəs biz "Xaricdə Azərbaycan kanallarına baxan soydaşlarımızda, xaricilərdə ölkəmiz haqqında hansı təsəvvür yaradırıq? Biz onlara ölkəmizdə gedən ictimai-siyasi, sosial-iqtisadi, mədəni proseslər haqqında hansı məlumatı veririk? Teleradio qurumlarının rəhbərləri unutmalı deyillər ki, televiziya və radio təkcə daxili ictimai rəyi formalaşdırmır, həm də ölkənin simasını nümayiş etdirir, onun haqqında təsəvvür yaradır. Nəzərə almalıyıq ki, Azərbaycan teleməkanında "meyxana" və "ulduz" yarışmalarına (həmçinin zəif şou proqramlara – X.N.) meyllənmə intellektual təbəqənin yerli telekanallara marağının azalmasına gətirib çıxarır”.

Cəsarətlə söyləmək olar ki, ölkə teleməkanının şəriksiz lideri, ağsaqqalı və məktəbi sayılan Azərbaycan Dövlət Televiziyası özünün həm texniki, həm də intellektual-yaradıcı potensialı ilə bu vəzifənin öhdəsindən məharətlə gəlir. Təsadüfi deyil ki, KİV-lərə, xüsusilə də Azərbaycan Televiziyasına böyük hörmətlə yanaşan ulu öndər Heydər Əliyev AzTV-ni "xalqımızn milli sərvəti” adlandırmışdı. Bu günsə məhz Pezident İlham Əliyevin qayğı və diqqəti sayəsində AzTV özünə mükəmməl maddi-texniki baza qurmuş, yaradıcı potensialı ilə ölkə teleməkanında lider mövqeyini qoruyub saxlamışdır.

***

Bəli, vaxt vardı TV hamını evinə həbs etmişdi. İnsanlar biri-birilə ünsiyyətdən, qohumlar bir-birinin evinə get-gəldən qaçıb növbəti maraqlı filmi, təsirli tamaşanı, səviyyəli konserti izləmək üçün rahat mənzillərinə tələsirdilər. Və etiraf edək ki, gözlədiklərini ekrandan ala da bilirdilər. Bu gün hamını yalnız internet üzərindən ünsiyyət, virtual təmas maraqlandırır desək, heç də axıra qədər səmimi olmarıq. Peyklərin tükənməz imkanları və telekanalların çoxluğu tamaşaçının yerindən qımıldanmadan hər kəs və hər şey barədə məlumat almasına imkan verir. Ancaq bir də intellektual tamaşaçı var, axı. Onu efirdən meşşanlıq, bayağılıq, primitivlik, bəsitlik, nəhayət, tərbiyəsizlik püskürən, izləyicinin zövq mədəniyyətinə divan tutan keyfiyyətsiz, əksər hallarda "kontrafakt” teleməhsulla aldada bilməzsən.

Düşünürük ki, televiziyanın ad günü dedikdə ilk öncə AzTV-nin adının çəkilməsi bu camiədə bir kimsəni təəccübləndirmədiyi kimi, digər telequrumların izzəti-nəfsinə də toxunmamalıdır. Ən azından o səbəbə görə ki, bu gün az-çox sinəsinə döyən televiziya işçisi bu sənətin sirlərinə məhz AzTV-nin redaksiyalarında, studiya və sexlərində yiyələndiyini unutmur. Bu mənada dövlət televiziyası özünün lider, öndər mövqeyi ilə yanaşı, uğurlu məktəb imicini də formalaşdıra bilib.

Xalid Niyazov
Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər