Teleqraf.com Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu ilə müsahibəni təqdim edir.
– Vüqar müəllim, Azərbaycanda gənc bir insan vəzifəyə təyin olunanda hamı sevinir, alqışlayır. Siz də Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı olanda çoxları sevinmişdi.
– Sağ olsunlar...
– Bir şey maraqlıdır, oturuşmuş bir sistemdə, mövcud qaydalar daxilində rəhbərin gənc, yaxud yaşlı olmasının fərqi nədədir? Məsələn, sizi bir düşüncə adamı və rəhbər olaraq keçmiş dekan Yalçın müəllimdən, Cahangir Məmmədlidən nə fərqləndirir? Bu barədə danışaq...
– Hər yeni gələn şəxs nəsə bir yenilik gətirir. Fərq bundadır. Həm Yalçın müəllim, həm də Cahangir müəllim mənim müəllimlərim olublar. Mən onlardan çox şey öyrənmişəm. Bu gün onlardan öyrəndiklərimi bir qədər özünəməxsus fərqliliklə və yeni formada tətbiq etməyə çalışıram. Necə ki, zamanında bu iki ustadımız da öz müəllimlərindən öyrəndiklərini bir qədər fərqli və özünəməxsus yeniliklərlə tətbiq ediblər. Məsələ gənc və ya yaşlı olmaqda deyil, peşəkar olmaqda və işinə məsuliyyətli yanaşmaqdadır. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi hər zaman öz peşəkar müəllimləri, ustadları ilə seçilən fakültə olub. İndi də belədir və hər zaman belə olacaq. Mən sadəcə olaraq öz ustadlarımdan bu vəzifəni, fakültəmizi bir əmanət olaraq almışam. Onlar mənə bu etmadı göstəriblər. Zamanı gələcək, mən də adlarını sadaladığınız ustadlarımız kimi bu fakültəni daha gənc və dinamik bir həmkarımıza ötürəcəyəm.
– Jurnalistika fakültəsinin dekanısınız. Bizim böyük media rəhbərləri isə dəfələrlə bu sahədə peşəkar kadr çatışmazlığı probleminin olduğunu deyirlər. Bu nə ilə bağlıdır?
– Mən deməzdim ki, bizdə peşəkar kadr çatışmazlığı problemi var. Əksinə, bu gün jurnalistikaya həm böyük maraq var, həm də kütləvi axın. Sadəcə olaraq media kapitanlarımız bu kütləvi marağın və axının fonunda öz seçimlərini daha korrekt etməlidirlər.
– Yəni?
– Məsələn, onlar ixtisasca jurnalist olan, bunun nəzəri biliklərinə yiyələnmiş gənclərin üzərində seçimlərini saxlamalıdırlar. Onlara özlərini göstərmək, təsdiq etmək üçün şans verməlidirlər. Jurnalistikada peşəkarlıq auditoruyada deyil, media mühitində formalaşmaqla qazanılır. Formalaşmaq üçün isə bu mühitə düşmək lazımdır.
– Bu gün mediada çalışan əksər jurnalistlər, hətta baş redaktorlar ixtisasca jurnalist deyillər. Fakültəni oxumadan, onun diplomunu əldə etmədən də tanınmış jurnalist olmaq mümkündürsə, o zaman Jurnalistika fakültəsi nəyə lazımdır?
– Bəli, həqiqətən də bu gün istər media kapitanları, istərsə də mediada çalışanlar arasında ixtisasca jurnalist olmayanlar kifayət qədərdir və onların arasında son dərəcə peşəkar həmkarlarımız da var. Lakin bu o demək deyil ki, bu ixtisas üzrə ali təhsil olmamalıdır. Jurnalistika ali təhsil baxımından, bu gün dünyada ən çox müracət edilən ixtisasdır. Və çox maraqlıdır ki, dünyanın heç bir ölkəsində, heç bir jurnalist belə bir sual vermir və ya belə bir düşüncə ilə çıxış etmir ki, diplomsuz da jurnalist olmaq mümkündürsə, o zaman jurnalistika fakültəsi nəyə lazımdır və ya bu ixtisas üzrə ali təhsilə ehtiyac varmı? Belə sual yalnız bizdə olur və diqqət etmişəm: bu sualı verənlər həmişə qeyri-ixtisas sahibləridir.
– Ümumiyyətlə, jurnalistikada peşəkarlıq nədir? Peşəkar əsas nəyi bilməlidir?
– Peşəkar jurnalist olmaq yalnız esse yazmağı, fikrini yazılı şəkildə ifadə etməyi bacarmaqla bitmir. Peşəkar jurnalist jurnalistikanın fəlsəfəsini, standartlarını, normalarını bilməlidir ki, öz fəaliyyətini qura bilsin. Jurnalistikada tənzimləmə mexanizmlərindən – istər hüquqi, istər özünütənzimləmə – xəbərdar olmalıdır ki, peşə normalarına əməl etməməyin nəticələrini dərk edə bilsin. Jurnalistikanın ictimai nəzarət funksiyasını anlamalıdır ki, medianın mahiyyətini dərk etsin. Sosial məsuliyyət konsepsiyasından məlumatlı olmalıdır ki, çiynində cəmiyyət, insanlar qarşısında necə ciddi, böyük yük daşıdığından xəbərdar olsun.
Jurnalistika xəbərdən başlayır. Xəbərin nə olduğunu bilməlisən ki, jurnalistikada ilk addımını ata biləsən. Bu səbəbdən nəzəriyyəni bilmək olduqca vacibdir. Lakin jurnalistika praktik vərdişləri sevən bir peşədir. Praktikadan gələn və indi də praktik jurnalist fəaliyyəti ilə məşğul olan biri kimi, bunu da xüsusilə vurğulamağı özümə borc bilirəm.
– Sizin haqqında danışdığınız jurnalistika təhsili jurnalist fəaliyyətini daha professional edə bilirmi? Və yaxud, bu təhsil gələcək jurnalistə öz vərdişləri ilə pul qazanmağa imkan yaradırmı?
– Əlbəttə edə bilir. Zatən edə bilməsəydi, bu gün ən nüfuzlu media orqanlarının rəhbərliyində məhz bu fakültənin məzunları əyləşməzdilər. Və ya bu gün Azərbaycan mediasının avanqard hissəsini məhz bizim tələbələrimiz olmuş həmkarlarımız təşkil etməzdilər.
Bilirsiniz, təhsil nəzəri bilikləri öyrədir və bunun təcrübədə tətbiqi yollarını göstərir. Bundan sonrakı mərhələ isə ali təhsil almış gəncin nə dərəcədə bu əldə etdiklərini praktik fəaliyyətdə tətbiq etməsi ilə bağlıdır. Təbii ki, hər şey həmin gəncin öz istəyindən, hədəfindən, maraqlarından asılıdır. Mən iddia edə bilmərəm ki, məsələn, hər il, hər üç dövlət ali məktəbinin jurnalistika ixtisasları üzrə bitirənlərin hər biri peşəkar jurnalist kimi fəaliyyətə başlayırlar və ya onların əksəriyyətindən peşəkar jurnalist çıxır. Hər qrupda istedadlı gənclər var. Bizim borcumuz onları aşkarlamaq, hazırlamaq və son dərəcə ciddi rəqabət şəraitində olan media bazarına təqdim etməkdir.
Peşəkarlıq dərsinə gəldikdə isə ən azı son bir ildə fakültəmizdə start götürən və birbaşa tələbələrimizə peşəkar vərdişlərə yiyələnmələrinə qatqı sağlamaqda olan layihələrdən xəbəriniz var. İstər Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu ilə birgə yaratdığımız Gənc Jurnalistlər Klubu, istər fakültə müəllimlərinin birbaşa iştirakı ilə yaradılmış Beynəlxalq Jurnalistika Məktəbi və “Tələbədən tələbəyə” layihələri buna missal ola bilər. Faküləmizdə tələbələrimizin hazırladıqları “Jurnalist” tədris qəzeti ölkəmizin aparıcı media orqanları tərəfindən dəstəklənir və yayımlanır. Fakültəmizin tədris-teleradio studiyasında birbaşa tələbələrimizin təqdimatında həftəlik olaraq 3 dildə xəbərlər bloku hazırlanır, müxtəlif müəllif proqramları təqdim edilir. Bütün bunlar məhz tələbələrimizin peşə fəaliyyətinə həm də praktik yöndən hazırlamaq məqsədi daşıyır.
– Sualı bir qədər konkretləşdirim. Jurnalistika fakültəsi tələbəyə nə qədər peşəkarlıq dərsi verir versin, axı hansısa bir media qurumunda iş prosesi zamanı peşəkarlıqdan daha çox reytinq istənilir.
– Bu, artıq ümumi məqamdır. Ümumiyyətlə, jurnalistikada reytinq həmişə ciddi müzakirələrə səbəb olan problemdir. Lakin bu birmənalıdır ki, jurnalist ixtisası alıb-almamasından asılı olmayaraq peşəkar, jurnalistikanın gerçək fəlsəfəsindən xəbərdar olan jurnalist, heç vaxt peşəkarlığı reytinqə qurban verməz.
– Bəzən fikirlər səslənir ki, Azərbaycanda dövlət universitetlərində mühafizəkar, klassik təhsil mövcuddur. Söhbət məhz jurnalistika təhsilindən gedir. Belə bir təhsilin içərisindən çıxan kadr daha azad və müstəqil, sərbəst tribunalarda büdrəyir, ayaqlaşa bilmir. Bu barədə fikriniz maraqlıdır..
– Düşünmürəm ki, Azərbaycan dövlət universitetlərində mühafizəkar təhsil mövcuddur. Əgər belə olsaydı, elə bundan əvvəlki sualınıza cavab olaraq sadaladığım işlərin heç birini görə bilməzdik. Hələ qarşıda nə qədər maraqlı işlərimiz, layihələrimiz var. Bu işlərin görülməsi faktı elə onu sübut edir ki, bu belə deyil. Kadrın istehsalat mühitində olan tələblərlə ayaqlaşmasına gəldidə isə, bu, bir daha deyirəm, daha çox həmin məzunun özünü nə dərəcədə ali təhsilini aldığı peşənin içində görə bilməsindən asılıdır.
– Sizin eyni zamanda Yaxın Şərq və informasiya müharibəsi mövzusunda çıxışlarınıza qulaq asırıq...
– Mən ixtisasca beynəlxalq jurnalistikanı bitirən şəxs kimi, Yaxın Şərq bölgəsi üzrə ixtisaslaşmışam və tam 15 ildir ki, bu bölgəni öyrənməklə məşğulam. İndiyədək təqdim etdiyim təhlillərdən tutmuş, verdiyim müsahibələrə qədər diqqət edərsəniz, birində belə digər bölgələrlə bağlı təhlil və proqnozlara rast gələ bilməzsiniz. Bu səbəbdən də, istər təhlillərim yüksək maraq doğurur, istərsə də təqdim etdiyim nəticələr öz yerini alır.
– Məsələn, politoloqlarımızın hərəsi bir şey danışır. Vəziyyət o həddə çatıb ki, ən sıravi adamlar da dünya siyasəti haqqında proqnozlar verə bilər. Əksər politoloqlarımızın fərziyyəsi isə düzgün çıxmır.
– Bəzən bizim mediamızın özündə də siyasi şərhçi ilə, politoloqun funksiyaları qarışdırılır, halbuki bunlar tamamən fərqli anlayışlardır. İlk növbədə ondan başlayaq ki, politoloq – siyasət elmi ilə məşğul olan peşəkar ixtisascıya deyilir. Geosiyasi şərhləri isə dünya praktiksında da bilindiyi kimi, ixtisasca beynəlxalq münasibətəri və beynəlxalq jurnalistikanı bitirən şəxslər verir adətən. Onlar da konkret bir bölgə üzrə ixtisaslaşmalıdırlar ki, yanaşmaları, təhlilləri, proqnozları dəqiq və əhatəli, məzmunlu olsun. Bir şərhçi, həm Yaxın Şərqi, həm də, məsələn, ABŞ-ın daxili siyasi sistemini təhlil edə bilməz. Yəni bunların hər ikisini daha dərindən öyrənmək üçün ömrün yarısı lazımdır.
– Rəhmətlik Vəfa Quluzadə ömrünün sonuna kimi dedi ki, Rusiya dağılacaq, Rusiya dağılacaq... Rusiya isə dağıda-dağıda gedir. Bəs biz kimə inanmalıyıq? Bu barədə də fikirləriniz maraqlıdır...
– Hər işin öz peşəkarı olmalıdır. Vəfa müəllim sözün həqiqi mənasında ciddi şəkildə məlumatlı və peşəkar diplomat idi. Bu cür diplomatlar az-az yetişir.
Hazırda isə mediamızda bir ekspert qıtlığı var. Əsasən geosiyasi proseslərlə bağlı şərhlər verənlərin əksəriyyəti daha çox səthi yanaşma sərgilədiklərindən, verdikləri proqnozlar da yanlış olur. Yəni, bu gün hamı jurnalist olduğu kimi, həm də hamı ekspert olmaq həvəsinə düşüb.