Bəziləri evliliyi və gələcək ailədəki münasibətləri kəsilməmiş qarpıza bənzədirlər. Adam var, özü sevib seçdiyi ilə evlənir, bədbəxt olur, adam da var, düz-qoşla bir ayın içində nişanlanıb ailə qurur, xoşbəxt həyat sürür...
3 uşaq anası, 33 yaşlı Səbinə Muradovanın (ad-soyad şərtidir) ağlına gəlməzdi ki, sevib ailə qurduğu insanla bu qədər kədərli tale yaşayacaq.
Evin yeganə övladı olan Səbinə doğulanda həkimlər şəkər xəstəsi olan anasına bundan belə dünyaya övlad gətirməyin onun həyatı üçün riskli olduğunu bildiriblər: “Şəkər anamı dünyadan tez apardı. Atam yenidən ailə qurdu. İndi bir ögey qardaşım var”.
Səbinə deyir ki, öz istəyi və ailələrin razılığı ilə ərə gedib:
“2010-cu ildə 25 yaşımda ailə həyatı qurdum. Bir il sonra qızım dünyaya gəldi. Həyat yoldaşımın pis vərdişləri olduğunu sonradan öyrəndim. İçki aludəçisiydi, digər zərərli vərdişləri də vardı. Əvvəl-əvvəl deyirdim ki, yəqin uşaq təzə olub, tərgidər, ailə məsuliyyətini dərk eləyər.
Sonra ikinci, nəhayət, 2016-cı ildə üçüncü oğlum dünyaya gəldi, amma həyat yoldaşım pis vərdişlərdən uzaqlaşmadı, əksinə, daha da meylləndi. Yaşlaşdıqca elə bil ağlını itirirdi. Demək olar, hər gün içkili olurdu, evə gec gəlirdi. İçib gələndə məni təhqir edir, döyürdü.
Dəfələrlə balaca övladlarımın gözü qarşısında məni huşumu itirənə kimi döyüb. Elə vaxt olurdu ki, məni möhkəm döyür, gecəni yatıb dururdu ki, bağışla, səhv eləmişəm. Amma axşam yenə eyni hal təkrarlanırdı. Mən özüm isə övladlarıma çörək pulu qazanmaq üçün gecə-gündüz işləyirdim. Kafelərdə, restoranlarda qabyuyan kimi çalışırdım”.
Səbinə deyir ki, ilk vaxtlar atası onlara öz evlərinin yanında bir otaq veribmiş:
“Orda qalanda kirayə pulumuz çıxmırdı. Sonra yoldaşımın pis rəftarına görə və atama yük olmamaq üçün oradan çıxıb kirayə evə köçdük. Amma kirayə pulu ilə uşaqların ehtiyacları azmış kimi, ərimin də içki pulunu mən verirdim. Yoldaşım heç yerdə işləmirdi, məni ona da baxmağa, içki pulu verməyə məcbur edirdi. Mən işləməyə davam edirdim. Uşaqları qonşular bir təhər idarə edirdi. İşdən evə, evdən işə qaçırdım. Evdə hər gün söz-söhbət, dava-qırğın idi”.
Səbinə deyir ki, qayınanası və qayınatası Qazaxıstanda yaşayırmış, bu səbəbdən baş verənlərdən xəbərsizmişlər:
“Dərdimi heç kimə açıb deyə bilmirdim. Vaxt olub yoldaşım içkili vəziyyətdə uşaqların gözü önündə üstümə qaynar su töküb, məni yandırıb. Döyülməkdən bütün bədənim qıc olurdu, səs-küyə qonşular yığışır, vəziyyətimi görüb təcili yardım çağırırdılar.
Bütün olanlardan bezən qızım atasına nifrət edirdi. Onun hələ 8 yaşı var, amma gördükləri ona bir həyat boyu zərbədir”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin Sığınacaq mərkəzində olan Səbinə bura 6 ay əvvəl də gəldiyini söyləyir:
“Onda boşanmaq istəyirdim. Yoldaşım gəldi ki, bir də içməyəcəm. And-aman, tövbə elədi ki, sənə əl qaldırmayacam, təhqir etməyəcəm. Mən də uşaqlarıma görə, onlar atasız böyüməsin deyə yenidən evə qayıtdım.
İlk günlər yoldaşım bizimlə mehriban davranırdı, amma sonradan yenə köhnə hamam, köhnə tas... Üç ay birtəhər dözdüm.
Yenə deyirəm, övladlarımın atasız böyüməsini istəmirəm. Amma o şəraitdə, o cür ailə mühitində uşaqlarım təhsilsiz, tərbiyəsiz böyüyəcək. Bu səbəbdən yenidən sığınacağa gəldim. 3 aydır burdayam. Məhkəməyə boşanma ərizəsi verdim. Uşaqlarımın gələcəyi üçün bu addımı atmağa məcburam”.
Müsahibim qucağındakı 2 yaşlı oğlunu oxşaya-oxşaya ağlayır və oğlanlarının atalarından pis nümunə götürməsindən qorxduğunu deyir: “Boşanıb uşaqlarıma təhsil vermək, bacardığım qədər qayğı göstərmək istəyirəm. Mən anamı itirəndən sonra anasızlığın acısını yaşadım.
Hərdən fikirləşirəm ki, bəlkə anam sağ olsaydı, başıma belə işlər gəlməzdi. Qalmışam tək-tənha, uç uşaqla... Nə bacım var, nə arxa-kömək durası qardaşım. Atam yaşlı kişidi. Anasızlıq mənə nə qədər ağrı yaşatsa da, çətinliklərlə üzləşsəm də, uşaqlarımın atalı bədbəxt olmasını istəmirəm”.
Səbinə məhkəmə işi tam yekunlaşana kimi sığınacaqda qalacağını deyir: “Məhkəmə 3 uşağa görə 450 manat aliment kəsib. Amma bilirəm ki, yoldaşım onu ödəyə bilməyəcək. Çünki işləmir. Düzü, ondan bu pulun hamısını tələb etmirəm. 150-200 manat versin. Burdan çıxandan sonra özüm də işləyib, uşaqları saxlayacam”.
Söhbətimizi yekunlaşdırmışdıq ki, Səbinənin qızı məktəbdən gəldi. Anasının ağladığını görüb, onu qucaqladı, bundan sonra ağlamamağını xahiş etdi. Anası ona söz verdi. Kaş əməl etsin...
Fotolar, Səfiyar Məcnun