Bayıl yaşayış massivində baş vermiş sürüşmə hadisəsi zamanı dağılmış 4 fərdi yaşayış evin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğ 10 gün ərzində hesablanacaq.
Bunu Teleqraf.com-a açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov deyib.
Onun sözlərinə görə, vəsaitin məbləği Fövqəladə Hallar Nazirliyi və Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hazırlacaq: “Sənəd Nazirlər Kabinetinə təhvil veriləcək. Bu gün müvəqqəti sığınacağın yaradıldığı 163 saylı orta məktəbdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sakinlər görüşüb. Son günlərdə yamacda baş verən proseslər, yerli və xarici mütəxəssislər tərəfindən aparılan araşdırmaların vəziyyəti müzakirə edilib”.
İsrafil Kərimov qeyd edib ki, sakinlərin nə qədər kirayədə qalması məsələsi Bayıldakı proseslərdən asılıdır: “Hazırda alimlər ərazidə araşdırma aparırlar. Evlərin vəziyyəti ilə bağlı müvafiq qərar qəbul olunacaq. Sürüşmə ərazisində yerləşən evlərin 98 faizi heç bir sənədi və qeydiyyatı olmayan tikililərdir. Buna baxmayaraq dövlət hər kəsə bərabər münasibət göstərir və problemin həlli üçün çalışır”.