23 Fevral 2018 17:15
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayon Arif Cəbiyev adına Bico kənd tam orta məktəbinin binası uçmaq üzrədir.

Kənd sakinlərinin Teleqraf.com-a ünvanladığı şikayətdə bildirilib ki, təxminən 15 il əvvəl "yardımçı sinif otaqları" adı ilə inşa olunan bina neçə illərdir qəzalı vəziyyətdədir:

“Demək olar ki, tikintinin özülü yoxdur. Fundament töküləndə tikinti materiallarından o qədər az istifadə edilib ki, sinif otaqlarının divarları bir-birindən tamamilə aralanib. Sonradan divarlar polad çubuqla biri-birinə bərkidilsə də, qəza vəziyyəti sovuşmayıb”.

Şikayətçilər bildirib ki, aidiyyəti dövlət qurumları bu məsələdən xəbərdar olsalar da, hər an uçmaq təhlükəsi olan məktəbdə nə tədris dayandırılır, nə yeni bina inşa olunur, nə də məktəb başqa binaya köçürülür:

“Valideynlər vahimə içindədir ki, dərs zamanı bina uçsa, övladlarının həyatı təhlükə ilə üzləşəcək. Vaxtilə sinif otaqları inşa olunan zaman məsul şəxslərin məsuliyyətsizliyi bu gün 100-ə yaxın şagirdin həyatını təhlükə qarşısında qoyub”.

Məsələ ilə bağlı Ağsu rayon Təhsil şöbəsinin müdiri Səftər Əlabbasov əməkdaşımıza bildirib ki, bu gün səhər Fövqəladə Hallar Nazirliyinin regional qurumu və Təhsil şöbəsinin nümayəndələri məktəbə birgə baxış keçirib.

Müdirin sözlərinə görə, məktəbin fəaliyyəti təhlükəli olduğu üçün dayandırılıb:

“Məktəb 2005-ci ildə tikilib və çatlar əmələ gəlib. Əvvəlki məktəb binası isə sökülmədiyinə görə Təhsil Nazirliyinə məktub hazırlayırıq ki, köhnə məktəb binasının 8 sinif otağında müvəqqəti iki növbəli dərs aparılsın. O məktəb binası təhlükəsizdir. Yəqin ki, çatlar olan bina təmirə yararsız olacaq. Növbəti məktəb binası isə növbəti illərdə tikiləcək”.

Şöbə müdiri bildirib ki, məktəb dağ kəndində yerləşdiyi üçün kiçik zəlzələlər də çatların yaranmasına səbəb ola bilər:

“Məktəbin keyfiyyətsiz tikilməsi barədə isə mən bir söz deyə bilmərəm. Ola bilər, həqiqətən materiallar keyfiyyətsiz olsun. Amma faktiki olaraq məktəbdə çatlar var”.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər