Heyvanları qoruyan mərkəz bağlanma təhlükəsində
“Azerbaijan Animal Rescue Center” maliyyə çatışmazlığı səbəbindən bağlanır.
Mərkəzdən Teleqraf.com-a verilən məlumatına görə, bu vaxta kimi maddi dəstək göstərən sponsor artıq dəstəyi dayandırıb:
“80-ə yaxın it və 40-a yaxın pişik küçəyə atılmaq təhlükəsi ilə üz-üzədir. Heyvanların hamısı sterilizasiya olunub, parazitlərdən təmizlənib, peyvəndlənib, çiplənib, beynəlxalq pasportları var. Onların arasında yaşlı və şikəst olanları da var. Bir hissəsi də cins itlər və pişiklərdir. Özünüzə it və ya pişik götürmək istəyirsinizsə və ya götürmək istəyən dostunuz, tanışınız varsa, kömək edin. 28 fevrala qədər vaxt var, ondan sonra isə aqibətləri necə olacaq bilinmir”.
Qeyd edək ki, AARC (Azərbaycan Heyvanları Xilasetmə Mərkəzi və Baytar Klinika) 2009-cu ildə Bakıda yaradılan ilk heyvan xilasetmə mərkəzidir. Mərkəz sağlam heyvanların öldürülməsinin əleyhinə olan bir sığınacaq kimi fəaliyyət göstərir.