Azərbaycan Texniki Universitetində ştanqlı nasosların mexaniki intiqalının yeni konstruktiv həlli qurğusunun təqdimat mərasimi keçirilib.
Teleqraf.com-un məlumatına görə, tədbirdə AzTU-nun Elm şöbəsinin müdiri İslam İslamov bildirib ki, Azərbaycan Texniki Universitetində 11 istiqamət üzrə 35 kafedra, 1 elmi mərkəz və 9 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir:
"AzTU-da 2017-ci ildə istehsalat üçün vacib olan 38 mühüm elmi nəticə əldə edilib. Bu fəaliyyət dövlət büdcəsi, təsərrüfat və qrant hesabına həyata keçirilib".
AzTU-nun Maşınların konstruksiyası kafedrasının müdiri Əli Nəcəfov mancanaq dəzgahının üstünlüyündən danışıb: "Bu qurğu işləyəndə elektrik enerjisinə 25 faiz qənaət edir. Mancanaq dəzgahının yeni kiçik metal tutumlu qabarit ölçüləri, yüksək faydalı iş əmsalı, yüksək etibarlılığı və maya dəyərinin aşağı olması əsas üstünlüyüdür.
Bu paket reduktorun tətbiqi ilə yaradılmış yeni konustruktiv icralı mancanaq dəzgahı daha yaxşı dinamik xassələrə malikdir. Eyni zamanda quyunun vadisi ilə daha yaxşı mərkəzlənmə təmin edilir, titrəmələr və dinamiki yüklər xeyli azalır.
Müəyyən edilib ki, bərabər şərtlər saxlanılmaqla neft quyularının istismarında istifadə olunan mancanaq dəzgahları ilə müqayisədə təklif edilən konstruksiyanın metal tutumu 20-30% azalır və istismar göstəriciləri xeyli yaxşılaşır".
Əli Nəcəfov bildirib ki, qurğu Dövlət Neft Şirkətinin təklifi və dətəyi ilə Pirallahıda neft mədənlərində praktiki olaraq tətbiq olunub.