Sabiq təhsil naziri, professor Firudin Cəlilov Türkiyənin mərhum baş naziri Nəcməddin Ərbakanla bağlı xatirələrini bölüşüb.
Teleqraf.com-un məlumatına görə, professor deyib ki, fevralın 27-si Nəcməddin Ərbakının vəfat günüdür. Zamanında Türkiyədə Ərbakanı sevənlər də, sevməyənlər də olub:
“O dövrdə Türkiyədə idim, yaxın dostum professor Samir Tağızadə dedi ki, müxalifət lideri Ərbakan səninlə görüşmək istəyir. Bildirdim ki, mən türkçü, o islamçı, söhbətimiz alınmaz, görüşməyəcəm. Amma Samir bəyin təkidi ilə Ərbakanla görüşdüm. Görüşümüz bir saat davam etdi.
Ərbakan əsasən Rifah Partiyasının proqramından, hakimiyyətə gələndən sonra görəcəyi işlərdən danışdı. Söhbətin mövzusunu dəyişmək üçün ondan soruşdum ki, xoca, belə böyük bir partiyanı saxlamaq üçün bu qədər pulu haradan alırsınız? Cavabında dedi ki, Allah verir.
Dedim, biz də müsəlmanıq, bizə niyə vermir? Xoca cavab verməsə də, “siz əldəqayırma müsəlmansınız” cavabını üzündən oxudum. Görüş bitdi.
İllər keçəndən sonra Ərbakan baş nazir oldu. Daha sonra ölkədə çevriliş, xaos olmasın deyə vəzifəsindən istefa verdi. Onda anladım ki, Ərbakan xoca böyük dövlət adamı imiş. Vaxtilə ona qarşı etdiyim sayğısızlığa görə xəcalət çəkdim”.