Elə deyirlər tapacağıq, amma tapılmır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Ağcabədi rayonunda qaçırılan 21 yaşlı Sevinc Musayevanın anası Nazlı xanım deyib.
Onun sözlərinə görə artıq 6 gündür qızından xəbər ala bilmir:
“Elə deyirlər, tapacağıq, amma tapılmır. Ağsaqqallar gəlib-gedir, onları neynirəm? Mənim uşağımı mənə göstərmirlər. Polis də axtarır. Mən həmin ailəni tanımıram. Onlar İsmayıllıda yaşayıblar. İki dəfə elçi gəldi, vermədik. Yəni qızım razı olmadı. Onlar da qızım universitetdən evə qayıdanda qabağını kəsib, çığırda-çığırda, zorla qaçırıblar.
Qaçıran oğlanın atası-anası üzə çıxmır. İsmayıllıya da getmişidilər, deyirlər, evdə heç kim yoxdur. Eşitmişəm ki, ailə heç yaxşı ailə deyil. Ata yox, qardaş yox, gözümün yaşını axıda-axıda, biçarə qalmışam”.
Qeyd edək ki, Ağcabədi rayonunda 21 yaşlı tələbə qaçırılıb. Hadisə qız universitetdən evə qayıdarkən baş verib. 7 nəfər oğlan avtomobilin şüşələrini sındıraraq qızı maşından çıxarıb.
Sevinc Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsidir.