Martın 4-də 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) Teleqraf.com-a verilən məlumata görə, həmin gün ümumilikdə 36846 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan saat 11:00-da başlanır.
9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün şəhər və rayonlarda ümumilikdə 80 imtahan mərkəzi ayrılıb.
İmtahanda 36846 (Yasamal rayonunda 3082, Binəqədi rayonunda 4062, Səbail rayonunda 1597, Xətai rayonunda 3581, Xəzər rayonunda 2902, Nərimanov rayonunda 2212, Suraxanı rayonunda 2991, Sabunçu rayonunda 4784, Nəsimi rayonunda 2287, Qaradağ rayonunda 2100, Nizami rayonunda 2504, Pirallahı rayonunda 367, Naxçıvan Muxtar Respublikasında 3499, Şirvan şəhərində 878) nəfər 9-cu sinif şagirdinin iştirakı gözlənilir.
İmtahanların idarə olunmasına ümumilikdə 240 imtahan rəhbəri, 2942 nəzarətçimüəllim ayrılıb.