Bu gün “Teleqraf” Media Qrupunun yaranmasının 6 ili tamam olur.
Tanınmış şəxslər bu münasibətlə media qrupunu, o cümlədən qrupa daxil olan Teleqraf.com saytını təbrik ediblər.
Professor Qulu Məhərrəmli Teleqraf saytının yarandığı gündən verdiyi xəbərlərlə, toxunduğu aktual mövzularla diqqəti cəlb edə bildiyini söyləyib:
“Mən Teleqraf saytının timsalında bütün saytlara arzu edərdim ki, cəmiyyəti düşündürən mövzular və araşdırmalar olsun. Xüsusən də, təhsillə, insanların əxlaqıyla, səhiyyəylə bağlı araşdırmalar olsun. Qoy Teleqrafda çalışan gənc həmkarlarımız bu barədə düşünsünlər. Çünki o yazılar oxunur və sayta da reytinq qazandırır. Kollektivinizi təbrik edirəm, uğurlar arzulayıram”.
Politoloq Qabil Hüseynli deyib ki, media qrupu qısa vaxt ərzində öz dəst-xətti, problemlərə yanaşma tərzi ilə ətrafına çox geniş oxucu kütləsi toplaya bilib:
“Biz bu saytın səhifələrindən respublikada tanınmış ekspertlərin, ictimai-siyasi xadimlərin, sənət adamlarının müsahibələrini, şərh və açıqlamalarını oxuyuruq. “Teleqraf” Media Qrupu ərsəyə gələndə həqiqətən çox çətin bir dövr idi. Yəni, ictimai rəydə yer tutmaq, öncül mövqelərə çıxmaq üçün çox ciddi rəqabət gedirdi. Amma cəsarətlə demək olar ki, bu media qrupu yüksək intellektual səviyyəsi, yaradıcı kollektivin problemlərə özünəməxsus yanaşması ilə qısa müddətdə böyük şöhrət qazandı və birincilər sırasına çıxdı.
Bu gün Teleqraf.com saytı çox oxunan, çox izlənən saytlardan biridir. Mən deyərdim ki, ölkəmizin ictimai fikrinə yön verən əsas saytlardan sayılır. Bu sayt dövlətçiliyimizin möhkəmləndirilməsi, erməni işğalına qarşı Azərbaycan xalqında yüksək vətənpərvərlik hisslərinin formalaşması və bütövlükdə dünyada baş verən hadisələr barədə ölkə oxucusunun məlumatlandırılmasın sahəsində çevik və dinamik rol oynayır. Mən özüm də ara-sıra bu saytın səhifələrində çıxış etməyimi özüm üçün böyük qürur mənbəyi hesab edirəm. Bu saytda şərh və açıqlamalarım dərc olunanda doğrudan da ürəkdən sevinirəm.
Teleqraf.com saytı kimi tanınmış bir saytla əməkdaşlıq həm də məni yeni məlumatlar toplamağa, şərhlərimi daha səviyyəli və daha oxunaqlı etmək üçün öz üzərimdə ciddi surətdə çalışmağa vadar edir. Ötən 6 il ərzində bu qədər böyük hörmət və şöhrət qazanmaq hər sayta nəsib olmur.
Teleqraf.com saytının belə bir səviyyəyə qalxması sözsüz ki, Azərbaycan mətbuatının, xüsusilə də elektron mətbuatının uğurlarından biridir. Mən bu uğura sevinirəm və teleqrafçıları media qrupunun yaranmasının 6-cı ildönümü münasibətilə ürəkdən təbrik edirəm”.
Millət vəkili Fazil Mustafa Teleqraf.com saytının özünəməxsus üslübü ilə, maraqlı müsahibələri, xəbərləri ilə rəğbət qazandığını qeyd edib:
“Ciddi rəqabət mühiti içində 6 il ərzində səviyyəli reputasiya əldə etmək sayt kollektivinin nə qədər ciddi və peşəkar olmasından xəbər verir. Ümid edirəm ki, Teleqraf saytı bundan sonra da uğurlu media qurumu olaraq, Azərbaycan cəmiyyətində öz orijinallığını qoruyub saxlayacaq. Kollektivi təbrik edirəm, daha böyük layihələrə imza atmağınızı diləyirəm”.
Əməkdar jurnalist Azər Həsrət də təbriklərə qoşulub:
“Teleqraf və ailəyə daxil olan media resursları bu gün Azərbaycanda öz populyarlığı, əhatəliliyi və peşəkarlığı ilə seçilir. 6 il elə də çox müddət deyil, amma peşəkarların əlində az müddət də sayılmaz. Bu baxımdan bu qurum son illərin ən uğurlu, baş tutmuş layihələri sırasındadır. Təbrik edir, həmkarlarıma uğurlar diləyirəm. Özəl olaraq qurumun rəhbəri Aynur Camalqızını da təbrik etmək istəyirəm ki, belə uğurların altında məhz onun imzası var”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq, ictimai xadim Elçin Mirzəbəyli “Teleqraf” Media Qrupunda ən sevdiyi insanların, yaxın dostlarının çalışdığını vurğulayıb. O əlavə edib ki, media qrupu fəaliyyət göstərdiyi qısa müddət ərzində özünü Azərbaycanın internet məkanında təsdiq etməyi bacarıb və artıq internet öz şərtlərini diktə edən resurslardan birinə çevrilib:
“Bu aspektdən təbii ki, bu günədək göstərilən fəaliyyəti qısamüddətli olsa da, yüksək dəyərləndirmək lazımdır. Həmkarlarımızın, dostlarımızın uğurları bizi sevindirir. Azərbaycan mediasında nə qədər peşəkar resurslar, KİV-lər olarsa, mənə elə gəlir ki, bu, medianın inkişafına əslində real təkan vermiş olar, rəqabət mühitini gücləndirər. Arzu edərdim daha sərt, daha ciddi və daha dinamik bir rəqabət mühitində indiki potensialınızı və imkanlarınızı qorumağı bacarasız. Uğur arzulayıram”.
Milli Məclisin deputatı Elman Məmmədov “Teleqraf” Media Qrupunu ən xoş sözlərlə ürəkdən təbrik etdiyini vurğulayıb:
“Dövlətçiliyimizə, xalqımıza xidmətdə, problemlərimizin, uğurlarımızın yayılmasında gördüyünüz işlər əvəzsizdir. Mən “Teleqraf” Media Qrupuna uğurlar, daha yüksək nailiyyətlər, hər birinizə cansağlığı, ürəkdən gələn ən xoş sözlərimi çatdırıram. Hamınızı bağrıma basıb öpürəm”.
“Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı “Teleqraf” Media Qrupuna daxil olan saytları gündəlik izlədiyini bildirib:
“Bu yaxınlarda həmin media qrupunda oldum, “Brifinq” layihəsində iştirak etdim. Düşünürəm ki, saytda çox peşəkar komanda formalaşıb. Məhz belə də olmalı idi. Çünki peşəkar ancaq peşəkarlarla işləyir. Peşəkar insan öz ətrafında ancaq peşəkar komanda formalaşdırır. Bu baxımdan Aynur Camalqızının yeni mediaya gətirdiyi müsbət keyfiyyətlərdən biri də bundan ibarətdir. O, yeni bir komanda formalaşdırdı. Bu, kifayət qədər sağlam düşüncəyə malik, jurnalistika prinsiplərinə hörmət edən peşəkar komandadır.
Düşünürəm ki, 6 il yeni media üçün az müddət deyil. Çünki yeni medianın tarixi, ənənələri hələ yeni-yeni formalaşır. Bu baxımdan 6 il yeni media üçün böyük tarixdir. “Teleqraf” Media Qrupunun bu müddət ərzində fəaliyyət göstərməsi, oxucu auditoriyası formalaşdırması onun müsbət fəaliyyətindən, yaxşı yaradıcılıq istiqamətindən xəbər verir.
Hesab edirəm ki, bu istiqamətlər bundan sonra da davamlı olacaq və biz həmişə “Teleqraf” Media Qrupuna daxil olan saytları izləyəcəyik. Mən kollektivinizi təbrik edir, yaradıcılıq uğurları, cansağlığı arzu edirəm. Düşünürəm ki, sizin Azərbaycan yeni media sisteminə verəcəyiniz töhfələr hələ çoxdur”.
Tənqidçi İradə Musayevanın sözlərinə görə, hazırda ədəbiyyat adına çap olunan bir neçə mətbu orqan var ki, oradakı tendensiyalılıq, köhnə və yararsız şablonlara riayət, subyektivlik, özbaşınalıq, özfəaliyyət dərnəkləri statusunda təqdimat, ədəbi prosesdən xəbərsizlik, “sovet maşını” ilə işləmə mexanizmi və sair bu kimi ətalət, durğunluq mənzərəli gedişat onu qane etmir:
“Ona görə də yazılarımı daha çox saytlara təqdim edirəm. Saytların isə hamısı eyni səviyyəli, eyni məramlı, məqsədli deyil. Müəyyən maraqlara xidmət edəni var, ciddi senzura baryeri olanı, şou-biznes səhifələri daha əhəmiyyətli sahələri küncə qısnayanı və s. Teleqraf.com saytı isə mənə doğma münasibət bəsləyən, imzama hörmətlə yanaşan və mənim də ciddi, obyektiv, maraqlı layihələri ilə qəbul etdiyim saytdır. Çox səmimi və istedadlı yaradıcı kollektivi var. Pərviz Cəbrayılı, Qurban Yaquboğlunu, Kəramət Böyükçölü, Xəzər Süleymanlını, Şəfiqə Nazimqızını, Dilqəm Əhmədi və digər əməkdaşları qiyabi tanısam da, fəaliyyətlərinə rəğbətlə yanaşıram”.
Tənqidçi müşahidəsini bizimlə bölüşüb: “Məncə, Aynur Camalqızı bu yaradıcı kollektivin hər bir üzvünü, onlar da bu xanımı çox istəyir. Bütün böyük uğurların təməli isə həmişə MƏHƏBBƏT adlı işıqlı münasibətdən yaranır... Bu gün ad günü, yaradılış tarixi qeyd olunan sayta böyük uğurlar diləyirəm.
Teleqraf.com saytının özünəməxsus obrazı, siması, xarakteri və portreti var və bu obrazı oxucuların yaddaşında formalaşdırmaq üçün, təbii ki, kollektiv və redaktor çox əziyyət çəkib. İnşallah, gün gələr, fəaliyyət tarixiniz böyük-böyük kitablara çevrilər. Uğurlar”.
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də Teleqraf.com-u təbrik edib:
“Teleqraf.com ailəsini ürəkdən təbrik edirəm. İnternet media məkanında öz yeri olan Teleqraf.com-un bütün çalışanlarına sağlam ömür, çoxlu oxucu arzu edirəm”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli də Teleqraf.com-u təbrik edib:
“Yeni-yeni nailiyyətlər arzu edirəm. Hər zaman oxunaqlı olsun!! Ən gözəl xəbərləri sizlərin sayəsində eşidək!”
Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev Teleqraf.com-un Azərbaycanın media sferasında bəlli və layiqli yeri olan bir sayt olduğunu bildirib:
“Bu da Teleqraf.com-un müəyyən mənada bütün sahələri əhatə etməsi, obyektivliyi daim informasiyanın əsas prinsipi olaraq tətbiq etməsi və təbii ki, professional kolektiv sayəsində mümkün olur. Çalışdığım müəssisədə onlarla insan tanıyıram ki, əlbəttə, mən də daxil olmaq şərti ilə gün ərzində bir neçə dəfə Teleqraf.com-a baxmalı oluruq. Bu, Teleqraf.com təhsil sahəsini daima diqqətdə saxlaması ilə yanaşı, digər sahələri də yüksək peşəkarlıqla əhatə etməsindən irəli gəlir.
Mən, adında belə informasiya ehtiva edən Teleqraf.com-u 6 yaşı tamam olması münasibəti ilə bu saytda çalışan həmkarlarımı təbrik edirəm və daha böyük başarılar arzulayıram!”
Yazıçı, “Kulis.az” saytının baş redaktoru Şərif Ağayar Teleqrafda çalışan dostlarını təbrik edib: “Təbrik edirəm! Orda işləyənlərin, demək olar, hamısı dostlarımızdır. Həm şəxslərinə, həm imzalarına sayğım var. Uğur həmişə sizinlə olsun!”
Qeyd edək ki, bu gün Teleqraf.com-un 6 yaşı tamam olur. Sayt 2012-ci il martın 1-dən fəaliyyətdədir.