Yüksək bədii-estetik səviyyəsi olan yaradıcı məhsula – mahnıya, musiqi əsərinə qadağa qoymaq doğru deyil.
Bu sözləri Teleqraf.com-a açıqlamasında professor Qulu Məhərrəmli Türkiyə telekanallarında, o cümlədən TRT-də ümumilikdə 18 mahnının ifasına qadağa qoyulmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Türkiyədə müəyyən proseslərlə bağlı yayıma nəzarət gücləndirilib: “Bu ölkədə insanların mənəviyyatına, düşüncə və əxlaqına pozucu təsir göstərən kadrlara, verilişlərə məhdudiyyət və ya qadağa qoyulur. Bu ölkədə TV-lərin fəaliyyətini tənzimləyən yüksək qurum var.
Ümumiyyətlə, TRT-nin özündə elə tendensiyalar baş verir ki, demoktrtik cəmiyyət, mühit baxımından qəribə qəbul olunur. Amma bəzən bu gün qəribə görünən şeylər sabah qanunauyğunluq kimi qəbul olunur. Bizdə qadağa qoymaq lazım olsa, məzmununa görə yox, bəsit, bayağı səviyyəsinə görə mahnıların çoxuna qadağa qoymaq olar”.
Qulu Məhərrəmli bildirib ki, sovet dövründə Azərbaycan televiziyasında bədii şura vardı: “Bu qurum senzura rolunu oynamırdı, amma o şuradan yüksək bədii-estetik keyfiyyəti olan əsərlər keçib təqdim olunur, yayılırdı. İndi bizim şou proqramlarda, hətta radiolarda qulaq asanda o qədər məzmunsuz, bayağı, düşük mahnılar eşidirsən ki… Bu mahnıları hətta ciddi hesab etdiyimiz televiziya və radiolar da səsləndirirlər.
İnsanların zövqünü korlayacaq yüzlərlə mahnılar var. Özəl televiziyaların şou proqramında efirə çıxan mahnıların demək olar ki, 80-90 faizi zövq baxımından normal anlayışa sığmır. Ona görə, elə mahnılara qadağa qoymaq mənə elə gəlir normaldır”.
Qeyd edək ki, Türkiyə telekanallarında, o cümlədən TRT-də ümumilikdə 18 mahnının ifasına qadağa qoyulub. Qadağaya başlıca səbəb həmin mahnıların sözlərində və kliplərində tütün məhsulları, spirtli içkilər, uşaqların normal inkişafına mane olan ifadələr və obrazların istifadə edilməsidir.
2016-cı ildə isə Türkiyə ərazisində ümumilikdə 208 mahnı qadağan edilmişdi.