6 Mart 2018 13:34
2 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:07

Milli Məclisin növbəti plenar iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, deputatlar Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında qanun layihəsini müzakirə edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, müzakirə edilən konvensiya 2005-ci ildə qəbul edilib. Onun sözlərinə görə, bu konvensiyaya qoşulmaqla elektron ticarətin tənizmlənməsi ilə bağlı dünya standartlarının tətbiqinə başlayacağıq: "Bundan başqa, elektron imzanın tanınması üçün də bu konvensiya mühüm əhəmiyyətə malikdir. Qeyd edim ki, ölkəmiz bu konvensiyaya bəyanatla qoşulub".

Deputat Aydın Mirzazadə isə xatırladıb ki, Azərbaycan beynəlxalq konvensiyalara Dağlıq Qarabağla bağlı xüsusi qeydlə qoşulur və bu mühümdür: “Biz bununla bir daha Dağlıq Qarabağ münaqişəsini beynəlxalq aləmə təqdim edirik, habelə konvensiyanın müddəaları işğal edilən ərazilərdə işləmir”.

***

12.17

Seçki Məcəlləsinə əsasən, seçki təbliğatı seçkiyə 20 gün qalmış başlaya bilər. Ancaq Milli Şura adlanan qurum martın 10-da mitinq keçirmək istəyir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev səsləndirib.

O,deyib ki, onda olan məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti bu aksiyanı sanksiyalaşdırıb: “Qanunun aliliyini istəyən qrup qanunun tələblərini pozmamalıdır. Qanunların aliliyinin tərəfdarı kimi narazılığımı ifadə edirəm. Kimsə düşünməsin ki, mən Əli Kərimlinin mitinqindən narahatam. Əminəm ki, onun aksiyasına heç kim qoşulmayacaq. Oqtay müəllim, Milli Məclis Bakı meriyasından izahat tələb etməlidir”.

Q.Həsənquliyev deyib ki, ölkədə sərbəst toplaşmaq azadlığının işləməsinin tərəfdarıdır: “Sadəcə olaraq, martın 19-dan sonra aksiyalar keçirilə bilər. Hər gün keçirsinlər. Amma bu aksiyalar qanunun tələbinə əsasən, martın 19-dan sonra keçirilməlidir”.

***

12:32

Milli Məclis Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanuna dəyişiklik edib.

Teleqraf.com xəbər verir ki, dəyişikliklər haqda deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məruzə edib.

Komitə sədri deyib ki, 2016-ci ildə prezidentin müvafiq Fərmanı ilə Prezident yanında Mənzil İnşaat Dövlət Agentliyi publik hüquqi şəxs yaradılıb:

“Bununla əlaqədar olaraq, həm İnzibati Xətalar Məcəlləsinə, həm də Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq dəyişiklik edilir”.

Komitə sədri əlavə edib ki, Mənzil İnşaat Dövlət Agentliyi gələcəkdə sosial evlərin inşası ilə məşğul olacaq.

***

12.48

Xaricdə təhsilin dövlət nəzarətində olması müsbət haldır. Ancaq qanunda bəzi müddəlar məhdudlaşdırıcı xarakter daşıyır.

Teleqraf.com xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə danışarkən deyib.

O, bildirib ki, qanunda istisna hal kimi xaricdən dəvət edilən din xadimlərinin təbliğat aparmasına icazə verildiyi qeyd edilib:

“Hesab edirəm ki, bu istisna universitet professorlarına da şamil olunmalıdır. Hər situasiyaya yenidən qanuna dəyişiklik etməmək üçün bu məsələ həllini tapmalıdır”.

F. Mustafa əlavə edib ki, dövlət ziyarətgahlara maliyyə ayırır və bu müsbət haldır: “Lakin ötən gün İctimai Televiziyada bir verilişi izlədim və orada nəzir vermək sanki xalqın milli-mənəvi dəyəri kimi təqdim edilirdi. SSRİ dövründə xurafat bu qədər təbliğ edilmirdi. Hesab edirəm ki, bu cür təbliğat nöqsan və zərərlidir. Belə verilişlərdən elə təəssürat yaranır ki, sanki hər universitetin həyətində bir ziyarətgah açılmalıdır. Bu məsələdə dozanın aşılmaması lazımdır. Biz inkişaf etmək, irəliyə getmək istəyiriksə, elm və təhsilə daha çox önəm verməliyik”.

Spiker Oqtay Əsədov isə qanuna dəyişikliklərlə bağlı deputatın dedikləri ilə razılaşıb: “Fazil müəllim, sözlərinizdə haqlısınız, ancaq qanun layihəsi artıq qəbul edilib”.

Qeyd edək ki, dəyişikliklər Cinayət və İnzibati Xətalar Məcəlləsini "Dini etiqad azadlığı" haqqında Qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.

***

13:20

Parlament “Ələt Ələt Azad İqtisadi Zonası haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirəyə çıxarıb.

Teleqraf.com xəbər verir ki, qanun layihəsi haqqında Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov məlumat verib.

Vitse-spiker deyib ki, layihəyə əsasən, texniki dəyişikliklər edilib: “Birinci oxunuş zamanı bəzi həmkarlarımız müxtəlif məsələlər qaldırdı. Bu məsələlər nəzərə alınıb. Eyni zamanda redaktə xarakterli işlər aparılıb. 8-ci maddənin 8.3.2 bəndinə “ödəmələr” sözü artırılıb. Bundan öncə isə ancaq dvidentlər ifadəsi mövcud idi. 11-ci maddədə "hüquq" və "vəzifələr" sözlərinin yeri dəyişdirilib. 11.2 maddədə "infrastruktur" sözü daha əhatəli şəkildə ifadə olunub”.

Spiker Oqtay Əsədov isə bildirib ki, qanun layihəsi Milli Məclisdə o qədər müzakirə olunub: "Artıq bütün millət vəkilləri Ələt Azad İqtisadi Zonası məsələsində mütəxəsissə çevriliblər".

Millət vəkilli Əli Məsimli bildirib ki, birinci oxunuşdan sonra qanun layihəsinə xeyli dəyişikliklər edilib:

“Bura təkcə millət vəkillərinin dedikləri yox, tənqidi münasibət əsasında da dəyişikliklər edilib. Bu dəfə də təkliflərin nəzərə alınacağına inanıram. Qanunun müzakirəsi zamanı onun Konstitutsiyaya uyğunluğu, beynəlxalq hüquq normaları və hüquqi normativ aktlara uyğunluğu məsələsi qaldırıldı. Birinci müzakirədə qanunun Konstitutsiyaya uyğun olduğu aydın oldu. Lakin hər hansı hüquqi şəxsin istifadəsinə verilən əraziyə sahibkarlıq və sərəncam vermək hüququ olmalıdır. Bu məsələ də qanuna əlavə edilməlidir. Ələt Azad İqtisadi Zonası Dubay modelidirsə, demək bu, beynəlxalq aləmdə tətbiq edilən üsuldur. Qanunda “hüquqi rejimi” əvəzinə "hüquqi rejimin əsasları" ifadələri yazılmalıdır. Qanunun sonuna onun qüvvəyə minməsi ilə bağlı əlavənin edilməsinə ehtiyac var”.

Deputat Aydın Hüseynov qanun layihəsinin bütün parametrlərinə görə mükəmməl olduğunu deyib. Millət vəkili qanunun 18-ci maddəsinə münasibət bildirib:

"Azad zonanın sərhədi və ya sərhədinin bir hissəsi Azərbaycan Respublikasının dövlət sərhədi ilə üst-üstə düşdüyü halda, azad zonada əsas iqtisadiyyatın qanunvericiliyi ilə müəyyən edilmiş dövlət sərhədi rejimi tətbiq olunur" cümləsi yer alıb. Lakin bu qanun konkret olaraq Ələtə aiddir. Ələtin sərhədləri Azərbaycan sərhədləri ilə üst-üstə düşmədiyindən bu maddəyə ehtiyac olmadığını düşünürəm”.

Deputat Mirzəcan Xəlilov isə əlavə edib ki, azad iqtisadi zona üçün Ələt ən uğurlu bölgədir. Ancaq Bakıdan Ələt istiqamətinə gedəndə Qobustanı keçəndən sonra boşluq ərazi qalıb: “Bu mənada xarici investor və yerli sahibkarları həmin bölgədə fəaliyyətə cəlb etməliyik”.

Millət vəkillərinin fikirlərinə münasibət bildirən V.Ələsgərov əlavə və dəyişikliklər üçün fikirlərə açıq olunduğunu bildirib: “Birinci oxunuşdan sonra deputatlar tərəfindən bir sıra təkliflər olub. Ad çəkmək istəmirəm, lakin millət vəkilləri təsdiq edər ki, onların təklifləri nəzərə alınıb. Biz bu qanunu beynəlxalq səviyyəyə uyğun hazırlamalıyıq, ona görə də dil məsələsində bəzi anlaşmazlıqlar ola bilər. Lakin qeyd etməliyəm ki, Azərbaycan hüquqşünasları bu qanunun dili üzərində işləyib. Sərhədlə bağlı təklif məni təəccübləndirdi. Çünki Ələtdə gəmi limanından bəhs ediriksə, sərhəd məsələsi burada da tətbiq ediləcək. Mənim qapım qanunun müzakirəsi üçün hər zaman açıqdır. Çünki hamımız dövlət və millətin xeyrinə olan qanun hazırlamaq istəyirik”.

Qanun ikinci oxunuşda qəbul edilib.

***

“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsinə edilən dəyişikliyə əsasən, 373,7 sığorta edənin və 317 min sahibkarın borcları silinir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsini təqdim edərkən deyib.

Millət vəkili bildirib ki, bu dəyişikliklə sahibkarların iş şəraiti yaxşılaşdırılır: “Bu ölkə prezidentinin diqqət və qayğısının nəticəsidir. Bu qayğı sahibkarları gələcəkdə belə borclar yaratmamağa sövq edəcək. Qanun əmək pensiyalarının vaxtında maliyyələşməsinə şərait yaradacaq”.

H.Rəcəbli bildirib ki, qanuna edilən dəyişikliyə əsasən, 2006-cı ilə qədər olan sığorta borcları silinir. Bu təxminən 100 milyon manat təşkil edir. 2006-2015-ci ilin yanvarın 1-nə qədər olan borca görə cərimələrin silinməsi isə təxminən 55 milyon manat təşkil edir. 2015 yanvarın 1-ndən 2018-ci ilin aprelin 1-dək olan borcların məbləği 26.7 milyon manatdır.

Deputat Əli Məsimli isə belə bir qanun layihəsinin hazırlanmasına görə, prezidentə təşəkkür edib. Deputat deyib ki, qanun layihəsi dollar kreditləri ilə bağlı da verilə bilər: “Buna da ciddi ehtiyac var. Bizə şikayət edən insanların 90 faizindən çoxu dollarla krediti olan vətəndaşlarımızdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər