6 Mart 2018 20:26
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyi Novruz bayramı ilə əlaqədar Bakıda keçiriləcək tədbirləri açıqlayıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, martın 19-da Beynəlxalq Novruz Gününə həsr olunmuş ümümxalq şənliyi keçiriləcək. İçərişəhər və Bulvar ərazisində keçiriləcək şənlikdə pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhvali-ruhiyyəsi yaşadacaq.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində martın 20-26-da keçiriləcək Novruz bayramı festivalında Azərbaycanla yanaşı, bu bayramı qeyd edən ölkələrin nümayəndələri də iştirak edəcəklər.

Festival çərçivəsində Qoşa Qala Qapısı meydanında "Meydan Bazarı" təşkil olunacaq. Yerli və xarici ölkə nümayəndələrinin iştirak edəcəyi "Meydan Bazarı"nda hər bir ölkənin mədəniyyətini əks etdirən videofilmlər, milli-tətbiqi sənət məhsulları, suvenirlər, açıqcalar, broşürlər, milli mətbəx nümunələri sərgilənəcək.

"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində martın 20-21-də keçiriləcək Novruz bayramı festivalında həm uşaq, həm də böyüklər üçün rəngarəng konsert proqramı və müxtəlif oyunlarla dolu Novruz şənlikləri keçiriləcək.

Martın 20-26-da Fəvvarələr meydanında keçiriləcək Novruz festivalı çərçivəsində 7 gün ərzində Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox kollektivin iştirakı ilə Fəvvarələr meydanında konsert proqramı təqdim ediləcək.

Sənətkarlar öz əl işlərini nümayiş etdirəcək, milli mətbəxin nümunələrini dadmaq imkanı yaradılacaq. Həmçinin pəhləvanlar, akrobatlar, sehrbazlar çıxış edəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər