Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin övladı üçün yenidən I sinfə qəbul üzrə sorğu yerləşdirməsinə ehtiyac yoxdur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, məktəbəhazırlıq qrupunda təhsil alan uşaq üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilir. Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edir. Paytaxtda www.mektebeqebul.edu.az elektron sistemi işə düşən an məktəbəhazırlıq qruplarındakı 24000-dən çox uşaq avtomatık I sinfə qəbul üzrə qeydə alınıb.
Sistem tərəfindən avtomatik sorğu yerləşdirildiyi üçün həmin valideynlər, növbəti mərhələdə şəxsi kabinetdən ərizəni çap edib, digər müvafiq sənədlərlə birgə məktəbə təqdim etməlidir.
Yalnız valideyn məktəbəhazırlıq qrupunda təhsil alan övladı üçün I sinfə qəbul prosesində məktəbi və ya müəllimi dəyişmək istəyərsə, şəxsi kabinetə daxil olaraq, yerləşdirilmiş sorğunu silib yenidən məktəb və müəllim seçə bilər.
Həmçinin, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda, 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynləri sadəcə, I sinfə şagird qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməli olduqlarını unutmasınlar. Müvafiq sənədlər birinci mərhələ üzrə iyunun 20-dək məktəbə təqdim olunmalıdır.