Reket jurnalistlərlə mübarizə qaydaları daha da sərtləşdirilməlidir.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Gündəlik Teleqraf” media qrupunun rəhbəri Aynur Camalqızı Mətbuat Şurasının VII qurultayında çıxışı zamanı deyib.
O bildirib ki, media sahəsində reket jurnalistikanın qarşısını almaq üçün mübarizə üsulları daha da sərtləşdirilməlidir:
“Mən özümdən əvvəl çıxış edən həmkarlarım Vüsalə Mahirqizi və Aqil Abbasın fikirləri ilə razıyam. Mətbuat Şurası reket jurnalistika ilə mübarizə üçün vahid kart məsələsinə baxmalıdır. Bundan əvvəl isə qanunvericilik bazası təkmilləşdirilməli, hətta deyərdim, daha da sərtləşdirilməlidir.
Mən öz çıxışlarımda bu məsələni dəfələrlə dilə gətirmişəm. Bu gün Azərbaycanda domen alıb media yaratmaq olduqca asandır. Hər kəs öz evində oturaraq bir domen adını qeydiyyatdan keçirib media adına iddia edə bilər. Bütün bunlar klassik medianın gözdən düşməsinə səbəb olmaqla yanaşı, həm də peşəkar jurnalistlərin fəaliyyətinə də kölgə salır”
Aynur Camalqızı onlayn medianın qeydiyyat məsələsinə də toxunub:
“Düşünürəm ki, onlayn medianın qeydiyyat məsələsi daha da sərtləşdirilməlidir. Bildiyimiz kimi bu gün telekanalların fəaliyyətə başlaması üçün irəli sürülən tələblər kifayət qədər sərtdir. Hesab edirəm ki, bu tələblər onlayn mediaya üçün də tətbiq edilməlidir.
Belə olan halda biz reket jurnalistlərlə daha yaxşı mübarizə apara və onların fəaliyyətinin genişlənməsinin qarşısını ala bilərik”.