Teleqraf.com Əhməd bəy Ağaoğlunun xatirələrinin davamını təqdim edir:
... Çay içdikdən sonra qızla bərabər yandakı otağa getdik. Adı Siranuş olan bu qız hündürboy, şişman, erməni tiplərindən mükəmməl bir nümunə idi. Üzərində rus gimnaziyalarının qəhvəyi rəngdə önlüyü vardı. Ruscası mənimkindən mükəmməl idi.
“Qarşılıqlı köməkləşəcəyik. Mən sizə riyaziyyatdan, siz də mənə rus dilindən yardım edəcəksiniz!” - dedim.
Bu fikir Siranuşun xoşuna gəldi, izzəti-nəfsini oxşadı, qızararaq dedi: “Bu necə olar axı, siz rus dilini mükəmməl bilirsiniz!”
“Əgər bir-birimizə kompliment edərək vaxt keçirsək, heç bir kömək edə bilmərik. Həqiqət mənim dediyim kimidir. Görürsünüz ki, mən danışanda bəzən kəlmə axtarıram. Bir də tələffüz məsələsi var. Sizin mənə kömək edəcəyiniz yer! Siz də mənim sizə harada kömək edə biləcəyimi müəyyən edin”, - dedim.
Bir ay içində ikimiz də öhdəliyimizə götürdüyümüz vəzifələrimizi müvəffəqiyyətlə yerinə yetirdik. Siranuş qız gimnaziyasını riyaziyyatdan sinfin üçüncüsü olaraq bitirdi.
Mən bu erməni qızı ilə məşğul olarkən həmişə oradakı həmyerlilərimi, əmizadə və bacılarımı xatırlayaraq, heyrətə düşürdüm. Evimizdə 12-yə qədər böyük və kiçik qızların – bir qisminin bəzi Quran surələrini əzbər bilmələrindən başqa - heç bir şey öyrənmədiklərini, bilmədiklərini və bir çox nəsillərin belə gəlib keçdiyini, bir çoxlarının da belə davam edəcəyini düşünür, yenə heyrət edirdim! Mən hələ hökm edəcək hal və vəziyyətdə deyildim. Hətta aldığım tərbiyəyə uyğun olaraq qızların bu cür açıq şəkildə kişilərlə görüşmələrini, onlardan dərs öyrənmələrini qınayacaq bir zehniyyətə sahib idim. Elə zənn edirəm ki, əgər iki il əvvəl mənə o erməni qızına dərs demək təklifi edilsəydi, şiddətlə rədd edərdim. Çünki haramın iki tərəfli olduğuna dərindən imanım vardı! Fəqət artıq məndəki o zehniyyətin yumşalmağa başladığını, keçmiş imanımın zəifləməkdə olduğunu hiss edirdim. Görürdüm ki, iki mühitdən biri məni daha çox içinə alır, ruh və qəlbimi özünə doğru çevirir. Fəqət bu dəyişmə öz-özünə və çox tədrici bir surətdə baş verir, mənim şüur və iradəmlə bir əlaqəsi yox idi. Yalnız bəzən və çox tərs hadisələr baş verərsə, şüurum oynayıb iradəmə itaət etmək hörmətini göstərir! Fəqət o zamanlar da hökm verməkdən gələn mənliyim gözlərimi yumur və hadisəni ört-basdır edir, içimdəki ikiliyin davamını təmin edirdi!
İlk bahar gəldi, imtahanlar yaxınlaşdı. Bu sinif imtahanları çox mühüm idi və həyati əhəmiyyəti vardı. Buradan alacağım diplomla bütün ali məktəblərin qapıları üzümüzə açılacaqdı. Yüksək ixtisas məktəblərinə girmək üçün diplom kifayət etmirdi. Onlar sadəcə, müsabiqəyə qatılmaq səlahiyyətini verirdi. Fəqət bu səlahiyyət də çox qiymətli idi.
İmtahanlarım müvəffəqiyyətlə keçirdi. Hər gün general rütbəsi daşıyan ümumi müfəttişlərdən biri imtahanda hazır olurdu. Bir gün kurator, məşhur pedaqoq və eyni zamanda rütbəcə Visruadan sonra gələn Yanovskinin özü gəldi. Məntiq imtahanı idi. Növbə mənə gələndə Yanovski imtahan heyətinə dedi:
“Bu tatara növbə gəldi, istədiyimiz sualı soruşaq!”
“Bəli, bəli”, - dedilər.
“Məsələn, bizə induktiv və deduktiv suallarını anlatsın!”
Anlatdım. Yanovski sona qədər dinlədi, ardınca heyətlə xitab etdi:
“Mən bu tatar gəncə üç yüz rubl mükafat verilməsini təklif edirəm, nə deyirsiniz?”
Digərləri yenə “bəli” dedilər!
O il, həqiqətən, mükəmməl bir şəhadətnamə ilə bu mükafata nail oldum.
Bu, həyatıma təsir edən ilk böyük hadisə idi. Şuşaya geri döndüyüm zaman bütün şəhərin bu hadisədən bəhs etdiyini eşitdim. Atam, xüsusən də, anam çox məmnun idilər. Mirzə də bizi iltifatla qarşıladı. Peterburqa, yüksək təhsil üçün göndərilməyimə bu hadisə səbəb oldu.
Köçəbə dayılarımla bərabər
Peterburqa yüksək təhsil almağım üçün göndərilməyim qərarlaşdırılmışdı. Nə üçün? Nə təhsil alacaqdım? Kimsə fərqində deyildi. Mənə gəlincə, sevinc içərisində idim. Peterburq mənim xəyalımda əsrarəngiz bir məmləkət idi. Rus yazıçılarından oxuduğum Peterburqu, küçələrini, teatrlarını, operasını, xəyalımda bəslədiyim və Peterburqda yaşadığını bildiyim şairləri, romançıları, alimləri, mühərrirləri, bir çox yüksək təhsil müəssisələrini öz gözlərimlə görə biləcəyimi düşünərək özümə yer tapa bilmirdim. Üstəlik nihilist mühitlərə girərək zalımlara qarşı qurulan işlərdə iştirak etmək zövqünü indidən duyurdum.
Ah, necə bir tale, necə bir səadət! Şuşada və bəlkə də, bütün Qafqaz türkləri arasında neçə gəncə belə bir tale müyəssər olub?!
Hələ iyun ayının ortaları idi. Peterburqdakı imtahanlar isə sentyabrın sonlarında başlayacaqdı. Bu iki ay yarımı necə keçirəcəkdim?
İçində böyüdüyüm mühit artıq məni sıxmağa başlamışdı. Onu bəyənmir, yaraşdırmırdım. Yeknəsək yaşayan, saat doqquzda yatan, ancaq imamdan, şəriətdən bəhs edən bu mühit məni sıxırdı. Mənlə bizimkilər arasında uçurumun yaranaraq böyüdüyünü indidən hiss edirdim. Bu iki ayı burada keçirmək, hər gün axundların münaqişələrini dinləmək mənə çətin gəlirdi. Bir yerə qaçmaq lazım idi. Həssas anam mənim bu daxili sıxıntımı sezdi və “bir gün dayılarının yanına get, həm də Peterburqa səyahətdən əvvəl onları da görmüş olarsan”, dedi.
Gözəl fikir idi, o andaca razılaşdım. Anamın mənsub olduğu Sarıcalı elinin obaları hələ dağlara doğru yürüməkdə, şəhərin düz yanında idilər. Dayılarım irəliləmişdilər, fəqət bu qafilədə vəhşi adamlar da vardı.
Ertəsi gün İrəvana doğru yüksələn dağlar istiqamətində elə qoşuldum.
Səkkiz yaşımdan bəri hər il köçlə birlikdə bu yolları gedər, bu dağlara dırmaşardım. Köç məni, mən köçü tanıyırdım. Bir-birimizə alışmışdıq. Liseyə girdiyim il geyindiyim forma köçü bir az ürkütmüşdü. Fəqət az sonra alışqanlıq yarandı, əvvəlki kimi yenə hər kəsin “əmioğlusu” oldum.
Yolumuz şəhərin divarlarının arxasından dağlara doğru uzanırdı. El bəylərinin xanımları Qarabağın limon rəngindəki məşhur qısraqlarına minmiş, ipək saçaqlı, qızıl işləməli səmərlərin üzəngilərinə donları da içəri alan və baldırları örtən yarım corablı ayaqlarını qıvraq yerləşdirərək əllərindəki qamçıları ilə qələbəlik içindən özlərinə yol açmaqda idilər. Bunlar yaylıqlarının uclarını burunlarına qədər salaraq guya təsəttürə riayət edirdilər. Həqiqətdə bu köçəbə həyatında nə təsəttür vardı, nə də qadın məsələsi. Hələ xalqın içindən olan qadınlar bu qədərinə heç lüzum da görməzlər. Ya at, ya da öküz üstündən əlində dəyənəklə heyvanları idarə edər.
Köçün gənc qızları yüklü öküzlərin üstünə yerləşdirilmişdilər. Uşaqların əksəriyyəti isə xurcunun gözlərinə qoyularaq heyvanların yan tərəflərindən sallanırdılar.
Yüzlərlə yüklü və yüksüz heyvan, yüzlərlə atlı və piyada insan iki tərəfi uçurum olan dar bir yolu təqib edərkən, bir-birinə qarışır, vuruşur, itələyir, yuvarlanır və yıxılırdılar. O zaman əllərində dəyənək daşıyan dəliqanlılar məharətlərini köməyə gəlməklə göstərir, ətrafdan baxan gənc qızlardan təqdirlərini qazanırdılar.
Hələ köç yolda yağışa tutulardısa, o zaman mənzərəni gör! Hər şey bir-birinə qarışır, itlər havlayaraq yüklü dəvələrin dabanlarını dişləyir, inəklər, atlar, eşşəklər, iliklərinə qədər islanmış uşaqlar və qadınlar bir-birinə qarışır, bağırırlar. O zaman köç dayanır, dəliqanlılar çadırları qurur, samovarları qaynatmağa başlayırdılar.
Bir azdan yağış kəsir, axşam günəşi ətrafdakı dağların üzərinə qızıldan bir yaşmaq atır, saf və aydın hava çiçək qoxusu ilə dolurdu.
Gənc qızlar arasında mənim də xatırladığım və təqdirini eşitdiyim biri vardı: Anamın uzaq qohumlarından olan Çiçək xanım...
(Davamı var)