13 Mart 2018 12:39
6 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:09

Bizim tələbələr televiziya süjetində hər hansı ixtira etdikləri iddiasını səsləndirməyiblər.

Bu sözləri Teleqraf.com-a Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov sosial şəbəkədə yayılan anlaşmazlığa münasibət bildirərkən söyləyib.

O, qeyd edib ki, həmin çanta Çindən sifariş olunub: “Standart vəziyyətdə yalnız günəş batareyası sayəsində enerji yığmağa qadir olan çanta gənclər tərəfindən təkmilləşdirildikdən sonra sürtünmə qüvvəsindən və ayaqqabıların hərəkətindən yaranan enerjini də akkumulyasiya etmək səviyyəsinə çatdırılıb. Bundan əlavə, daha üç funksiya - çantanın oğurlanmasına qarşı siqnalizasiya sistemi, mobil əplikeyşn və işıq kimi xəbərdarlıqedici funksiyalar da əlavə edilib. Bir daha vurğulamaq istərdik ki, çanta Çin istehsalıdır və süjetdə çantanın üzərindəki loqo da bunu təsdiqləyir”.

B.Nəzərov bildirib ki, tələbələr Çindən sifariş etdikləri çantanı ona yeni funksiyalar əlavə etməklə təkmilləşdiriblər: “Xəzər TV-nin hazırladığı süjetdə yuxarıda sadalananlar aydın şəkildə qeyd olunub. Süjetdə tələbələrin “ağıllı çanta” istehsal etdiklərindən deyil, onun fuksiyalarından bəhs edilib. Bəzi saytların, eləcə də sosial şəbəkə istifadəçilərinin ADNSU tələbələrinin bu layihəsini guya şəxsi ixtiraları kimi təqdim etməsi haqqında yazılanlar həqiqəti əks etdirmir. Azərbaycanda yeni yaranmaqda olan startap hərəkatının pionerlərindən olan ADNSU startapçılarını, 18-20 yaşlı gənclərimizi bu kimi həqiqətə uyğun olmayan informasiyalarla ruhdan salmayaq”.

Qeyd edək ki, sosial şəbəkədə ADNSU-nun tələbələri tərəfindən təkmilləşdirilən çanta barədə Xəzər TV-nin hazırladığı süjet müzakirələrə səbəb olub.

Müzakirələrdə qeyd edilir ki, süjetdə ixtira edildiyi deyilən çanta onlayn sifariş əsasında ölkəyə gətirilib və heç bir ixtiradan söhbət gedə bilməz.

Çantanın sifariş edildiyi onlayn mağaza:

tr.aliexpress.com

***

Biz heç vaxt yeni ixtira etdiyimizi bildirməmişik.

Bu sözləri Teleqraf.com-a Startap Mərkəzin koordinatoru Camal Ağayev qalmaqallı “çanta ixtirası” barədə danışarkən deyib.

Onun sözlərinə görə, həmin çantada yeniliklər edən tələbənin heç elmi dərəcəsi də yoxdur:

“Süjetin çəkilişi zaman bildirdik ki, çantanı Çindən sifariş etmişik. Sürtünmə qüvvəsindən və ayaqqabıların hərəkətindən yaranan enerji ilə çantanın içindəki akkumulyator dolur və kompüteri elektrik enerjisi ilə təmin edir. Bundan başqa, çantanın oğurlanmasına qarşı siqnalizasiya sistemi, mobil əplikeyşn və işıq əlavə edilib. Bunun elmi adı innovativ yanaşmadır. Biz heç bir çanta ixtira etməmişik. Sadəcə hazır olan standart çantadan yeni alternativ düzəltmişik”.

Camal Ağayev efirdə nümayiş olunan kadrda tələbənin dilindən ixtira sözünün çıxmadığını bildirib:

“Süjet efirə gedəndə biz də narahat olduq. Amma düşünmədim ki, vəziyyət bu yerə gələcək. Biz işimizlə məşğuluq. Başımızı hər gün belə əlavə şeylərə qatmağa vaxtımız yoxdur”.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri tərəfindən təkmilləşdirilən çanta barədə Xəzər TV-nin hazırladığı süjet sosial şəbəkədə müzakirələrə səbəb olub.

Müzakirələrdə qeyd edilir ki, süjetdə ixtira edildiyi deyilən çanta onlayn sifariş əsasında ölkəyə gətirilib və heç bir ixtiradan söhbət gedə bilməz.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər