Daxili işlər orqanlarının əməkdaşları tərəfindən informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə, onların qarşısının alınması və ifşa edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə “İnstagram” sosial şəbəkəsində “xaker_telefon_izle” adlı səhifənin sahibinin vətəndaşların etibarından sui-istifadə edərək onları dələduzluq yolu aldatdığı və külli miqdarda pullarını mənimsədiyi barədə məlumat daxil olub.
Aparılan əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, həmin səhifədə insanlara pul müqabilində guya xüsusi kompüter proqramlarının köməyi ilə qarşı tərəfin xəbəri olmadan “mobil telefonun yönləndirilməsi”, “telefonda ön kameranın açılması” və bu üsulla telefon sahibinin gedəcəyi yerlər haqqında məlumatların əldə edilməsi kimi uydurma xidmətlər təklif olunur.
Saxlanılan şəxs bu üsulla 200 nəfərə yaxın insanı aldatdığını, həmçinin tələb etdiyi pulu verməyənləri ona göndərilən məlumatları yayacağı ilə də hədələyib.
Nurlan İsmayılov ifadəsində “İnstagram”da səhifəsinə müraciət edən insanlara yalan vədlər verdiyini və vətəndaşları dələduzluq yolu ilə aldadaraq pullarını ələ keçirdiyini etiraf edib. Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edərək sosial şəbəkələrdən istifadə edən zaman bu tipli vədlər verərək insanları dələduzluq yolu aldadan və pullarını mənimsəyən, həmçinin müəyyən xidmətlər müqabilində şəxsi məlumatlar tələb edən səhifələrdən uzaq durmağı tövsiyə edir.