Martın 14-də Bakıda Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin “Müstəqillik erası" kitabının təqdimatı olub.
Teleqraf.com verir ki, təqdimatı bu ölkənin Azərbaycandakı səfirliyində olan kitab tarixi-publisistik janrda yazılıb. Əsərdə dövlət başçısının Qazaxıstanın müasir tarixinə və gələcəyinə baxışları əks olunub.
Mərasimdə çıxış edən Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayev “Müstəqillik erası" kitabını Qazaxıstanın tarixi və gələcəyi haqqında fundamental bir əsər kimi qiymətləndirib. Diplomat kitabda Qazaxıstanın müstəqillik əldə etdikdən sonra keçdiyi yol, inkişaf modeli və mexanizmi barədə ətraflı məlumat verildiyini qeyd edib.
O, kitabda yazılanların təkcə ölkənin tarixindən bəhs etdiyi üçün deyil, həm də bu tarixin yaradıcısı olan N.Nazarbayev tərəfindən qələmə alındığı üçün qiymətli olduğunu deyib.
Müstəqilliyin bərpasından sonra Qazaxıstan ilə Azərbaycan arasında həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə olan əlaqələrdən danışan səfir bu əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıb. B.İsabayev Azərbaycan-Qazaxıstan dostluq münasibətlərinin qorunub saxlanılmasında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin çox böyük rolu olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin sədri Eldar Günaydın, Qazaxıstanın Dostları Klubunun fəxri üzvü Yəhya Əliyev və başqaları Qazaxıstanın tarixinin əks olunduğu bu kitabın əhəmiyyətindən söz açıblar.