Bakı Nəqliyyat Agentliyi son iki ildə taksi xidmətinin yaxşılaşdırılması istiqamətində müyyən tədbirlər həyata keçirməklə bu sahədə bir nizama nail olub.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, şəhərin müxtəlif yerlərində xüsusən də insanların daha sıx cəmləşdiyi məkanlarda taksi dayanacaq məntəqələri yaradılıb: “Fərqlənmə nişanı alınması sahəsində ciddi irəliləyiş əldə edilib. Sürücülərin qanuni şəkildə taksi xidməti ilə məşğul olması üçün maarifləndirmə tədbirləri keçirilib. Lakin hələ də taksi xidməti sahəsindəki vəziyyət bizi və ən əsası sərnişinlərimizi qane edəcək səviyyədə deyil. Bakı Nəqliyyat Agentliyi taksi xidmətinin keyfiyyətinin artırılması üçün bu gün də zəruri olan tədbirləri görməkdədir”.
Mais Ağayev bildirib ki, bu gün bəzi sifarişli taksi xidməti göstərən fiziki və hüquqi şəxslərin faəliyyətində bu və ya digər formada çatışmazlıqlar var və hər birimiz belə hallarla tez tez olmasa da rastlaşırıq:
“Lakin nəzərdə tutulan tədbirlərin icrası nəticəsində bu kimi neqativ hallar aradan qalxacaq. Digər bir məsələ ondan ibarətdir ki, sərnişinlərə normal xidmət göstərməyən şirkətlər əslində özlərinə, öz fəaliyyətlərinə qarşı çıxmış olurlar. Belə hallarla rastlaşan sərnişinlər başlarına gələnləri sosial şəbəkədə paylaşırlar. Bu da artıq həmin şirkət barədə cəmiyyədə mənfi fikrin formalaşmasına səbəb olur. Biz düşünürük ki, bu cür ictimai qınağın olması da müsbət haldır”.
Qeyd edək ki, bir neçə gündür, sosial şəbəkə istifadəçilər taksi şirkətlərindən narazılıqlarını bildirirlər: “Ya sifarişlərə çox gec gəlirlər, ya da az qala bir saatdan sonra həmin ərazidə maşınlarının olmadığını söyləyib, sifarişi qəbul etmirlər”.