Qərbi Afrika ölkələrini təşvişə salan ebol virusuna yoluxanların sayı artmaqdadır. Məlumata görə, ötən gün Liberiyada daha bir neçə nəfərdə virus aşkarlanıb. Liberiya prezidenti Elen Conson Serlif ölkədə fövqəladə vəziyyət elan edib. Prezident bildirib ki, görülən tədbirlərə baxmayaraq, virus insanlara yoluxmağa davam edir.
Xəstəliyin yayılmasına səbəb isə, insanların vurusa yoluxan yaxınlarını təcrid olunma mərkəzlərində deyil, evlərində saxlamasıdır. İndiyə qədər Liberiyada 282 nəfər ölümcül virusun qurbanı olub. Ümumilikdə isə, Qərbi Afrikada bu virusdan ölənlərin sayı 1000-ə çatıb. Ebol virusu, Liberiya ilə yanaşı, Sierra Leone, Niegriya və Qvineyada geniş yayılıb. Eyni zamanda, bir qədər əvvəl amerikalı səhiyyə işçisi və ispaniyalı rahib də bu xəstəliyə tutulmuşdu.
Virusdan qorxan afrikalılar artıq ölən yaxınlarının cəsədlərini küçələrə atırlar. Küçələrdəki dəhşətli mənzərə görənləri heyrətləndirir. Virusdan ölənlərin cəsədləri virusun yayılmaması üçün şəhər kənarında yandırılır.
Virusla bağlı ümidverici xəbər isə avqustun 6-da beynəlxalq təhlükənin və Qərbi Afrikada xəstəlik yayılmasının nəticələrinin qiymətləndirilməsi məqsədi ilə Dünya Səhiyyə Təşkilatının fövqəladə komitənin iclasında səsləndirilib. Bildirilib ki, virusa qarşı hazırlanmış ilk peyvəndin artıq heyvanlar üzərində testinə başlanılıb. Sentyabr ayından isə insanlara tətbiq ediləcək. Peyvəndlərin virusa ən çox məruz qalan tibb işçilərinə vurulacağı bildirilib.
Naibə