24 Mart 2018 09:45
3 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda qüvvədə olan qanunun tələblərinə görə, fərdi mənzil tikintisi üçün icazə proseduru xeyli asanlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, 2015-ci il yanvarın 1-dən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, artıq vətəndaşlar fərdi yaşayış evinin tikintisi üçün əvvəlki kimi rayon və ya şəhər icra hakimiyyətlərindən icazə alması tələb olunmur, sadəcə, yerli icra hakimiyyəti orqanını özünə aid torpaq sahəsində ev tikəcəyi barədə məlumatlandırmalıdır. Yəni, faktiki olaraq icazə “məlumatlandırma icraatı” ilə əvəz olunub. Təbii ki, “məlumatlandırma icraatı” üçün bir sıra şərtlər müəyyən edilib.

Göstərilən tələblər daxilində, yəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatının həyata keçirilməsi üçün tələb olunan sənədlər bunlardır:

– ərizə

– şəxsiyyət vəsiqəsinin surəti;

- torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd (notariat qaydasında təsdiqlənmiş surəti);

- torpaq sahəsinin planı və ölçüsü (notariat qaydasında təsdiqlənmiş surəti);

Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər tərəfindən hazırlanmış memarlıq-planlaşdırma bölməsi (3 nüsxədə rəngli) icra hakimiyyətinə tikinti barədə yazılı xəbərdarlıq göndərərkən, memarlıq-planlaşdırma sənədləri də məktuba əlavə olunmalıdır. Yəni, tikiləcək evin fasadı və onun mərtəbələrinin quruluşunu əks etdirən plan-çertyoj (lahiyə) çəkilməlidir. Belə lahiyələr lisenziya əsasında fəaliyyət göstərən memarlar və ya tikinti-layihə işləri ilə məşğul olan müəssisələr tərəfindən müəyyən pul müqabilində hazırlanır.

Qanuna əsasən, 15 gün ərzində həmin plan-çertyoja (layihəyə) yerli icra hakimiyyətindən irad tutulmazsa, tikintiyə başlanıla bilər.

Qeyd edək ki, çertyoj-plana yerli icra hakimiyyəti orqanları yalnız bir dəfə irad tuta bilər. Əgər planın tikinti normativlərinə uyğunlaşdırılmalı olması barədə göstəriş olarsa, vətəndaş bu iradları aradan qaldırıb tikintiyə başlaya bilər. Umumiyyətlə, qanunda plan-çertyojun (lahiyənin) peşəkarlar tərəfindən hazırlanmışı haqda tələbin qoyulması məntiqə uyğundur. Əks halda, infrastrukturun təşkilində, planlaşdırmada, ümumi standartlaşmada anlaşılmazlıqlar yarana bilər.

Tikinti ilə bağlı hər hansı bir mübahisəni 2016-si ildən fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Apelyasiya Şurasına müraciət etməklə həll etmək mümkündür. Tikilmiş evin sökülməsi barədə hədələrə gəlincə, yerli icra hakimiyyətinin tələbinə əsasən, çertyoj-plana qanuni düzəlişlər edilmədən tikintiyə başlanılması vətəndaş üçün inzibati məsuliyyətə səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsinin 195-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş normalardan kənara çıxılmaqla evlərin tikilməsinə görə fiziki şəxslər yerli icra hakimiyyəti tərəfindən ancaq və ancaq 300-600 manatadək cərimə oluna bilərlər.

Konkret olaraq icra hahimiyyətləri tikilinin sökülməsinə sərəncam verə bilməz.

Bu hüquq Məhkəmə Hakimiyyətnə məxsusdur.

Müəyyən icra hakimiyyətləri məsuliyyətdən yayınmaq məqsədi ilə ərazi üzrə tikinti işlərinə nəzarət etmək üçün müqaviləsiz, yəni ştatdankənar işçiləri xidmətə cəlb edirlər. Vətəndaşla ünsiyyətdə olan özünü müəyyən orqanın işçisi kimi təqdim edənlərin şəxsiyyətini və vəzifəsini müəyyənləşdirmək vətəndaşın haqqıdır. Bu, gələcəkdə müəyyən problemlərin qarşısını almaq üçün vacibdir. Belə hallarda həmin işçilər tikinti aparan şəxslərə özlərini və müvafiq sənədlərini təqdim etmədən icra hakimiyyətinin nümayəndələri kimi qələmə verərək ancaq və ancaq tikintini dayandırmağı tələb etməklə tikinti aparan şəxsi icra hakimiyyətinin müvafiq idarəsinə şəxsən gəlmələrini tələb edirlər. Əks halda, tikilini sökəcəkləri ilə hədələyirlər. Vətəndaşlardan icra hakimiyyətinin müvafiq inzibati binasında səsyazma və video çəkiliş qabiliyyəti olan və olmayan bütün mobil telefonlar alındıqdan sonra total yoxlama keçərək qəbula buraxılırlar və qeyri-qanuni tələblər isə oradaca məcburi qanuni tələblərə çevrilir.

Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə “Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz”. Vətəndaş qeyri-qanuni tələblərə görə hüquq mühafizə orqanlarına müraciət etməkdə haqlıdır.

Ümumiyyətlə, vurğulayaq ki, fiziki və ya hüquqi şəxsə məxsus ev və ya tkililərin məhkəmə qərarı olmadan icra hakimiyyəti orqanları tərəfindən sökülməsi qeyri-qanunidir. Bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsinə “Əmlakı qəsdən məhvetmə və ya zədələmə” kimi qiymətləndirilərək cinayət məsuliyyəti yaradır. Tikilinin Məhkəmə qərarı olmadan sökülməsinə sərəncam vermiş vəzifəli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309-cu, 310-cu maddələrinə əsasən “Vəzifə səlahiyyətlərini aşma” və “Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə” kimi cinayət əməlinə görə məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının qanunlarına görə ölkəmizdə fərdi yaşayış evi tikmək üçün nə icazə, nə də hər hansı bir dövlət rüsumu və ya hər hansı bir ödəniş tələb olunur. Sadəcə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən yerli icra hakimiyət orqanına müvafiq sənədlər əlavə edilməklə “məlumatlandırma icraatı” şəklində rəsmi qaydada ərizə ilə ev tikmək məqsədi barədə məlumat verilir. Göstərilən Məcəllədən kənar tələblər qanuna ziddir, inzibati və cinayət məsuliyyəti yaradır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər