Bu gün Beyləqan rayonunda yeni Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev, Milli Məclisin deputatı Şahin İsmayılov və digər rəsmilər iştirak ediBlər.
Beyləqan Olimpiya İdman Kompleksinin tikintisi Azərbayca Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulub.
Azad Rəhimov bildirib ki, sayca 45-ci olan Beyləqan Olimpiya İdman Kompleksində 1000-ə yaxın tamaşaçı tribunası olacar: “Müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan Universal idman zalı, Güləş zalı, Boks zalı, Qrup məşqləri və Trenajor zalı, 180 tamaşaçı tribunası və 24x12 olçüdə üzgücülük hovuzu olan Üzgüçülük zalı inşa ediləcək. Bu gün ölkəmizdə 43 OİK fəaliyyət göstərir.
Bir müddət bundan öncə Tərtərdə sayca 44-cü OİK-in təməli qoyuldu. Bu il Lənkəran OİK-in istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, Goranboy və Neftçala rayonlarında növbəti OİK-in tikintisinə başlanılıb. Yardımlı rayonunda isə İdman Kompleksinin tikintisi davam etdirilir.”
Kompleksin tikintisi məqsədi ilə Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən şəhər stadionunun ərazisindən 2,61 ha torpaq sahəsi ayrılıb. Kompleksdə 18 standart, 2 VİP otaqlar olmaqla 40-50 nəfərlik mehmanxana, restoran, mətbəx, internet klub, konfrans zalı, sauna, masaj otaqları, həkim kabineti, məşqçi guşələri və inzibati otaqlar yerləşəcək.
Hər bir idman zalının üçün ayrı-ayrılıqda soyunub-geyinmə, sanitar qovşaq və duş otaqları da nəzərdə tutulub.
Fiziki imkanları məhdud olan tamaşaçıların və idmançıların Kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün bütün zəruri şərait yaradılacaq. Beyləqan Olimpiya İdman Kompleksininin hazırlanmış baş planına əsasən ərazidə 1250 nəfərlik tamaşaçı tribunası olan futbol stadionu, süni örtüklü qaçış zolağı, mini-futbol meydançası da inşa ediləcək.