Xaçmaz Gömrük İdarəsinin Rusiya-Azərbaycan sərhədində yerləşən "Samur" sərhəd-keçid məntəqəsində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsi və Rusiyanın Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsinin əməkdaşları arasında növbəti işçi görüş keçirilib.
DGK-dan Teleqraf.com-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədov və Dağıstan Gömrük İdarəsinin rəisi Ruslan Yəhyayevin rəhbərlik etdiyi nümayəndə heyətlərinin qatıldığı görüşdə ilkin məlumat mübadiləsi, yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sinxronlaşdırılması və digər sahələrdə səylərin artırılmasının vacibliyi vurğulanıb.
Tərəflər xüsusilə kənd təsərrüfati məhsullarinin sərhədkeçmə prosesinin sürətli həyata keçirilməsi, sərhədkeçmə prosesində yaranan problemlərin operativ şəkildə aradan qaldırılması istiqamətində müzakirələr aparıb.
Görüşün sonunda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasındakı sərhəd-keçid məntəqələrində buraxılışın müntəzəmliyinin təmin edilməsinə dair işçi protokolu imzalanıb.