10: 31
Hansısa yollarla ölkəmizi tərk edib Avropaya sığınan şəxslər son bir ayda Azərbaycan prezidenti, onun ailə üzvləri, ayrı-ayrı şəxslərə heç bir etik prinsipləri gözləmədən qara yaxmaqla məşğuldurlar. Təbii ki, bunun səbəbi ölkədə keçirilən prezident seçkiləridir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda keçirilən tədbirdə deyib.
Ə.Amaşov bildirib ki, əvvəlki seçkilərdə də bu hallar yaşanıb, lakin bu dəfə narahatlıq doğuran məqam təhqir, söyüş hallarının əsas rol oynamasıdır: “Onlar sanki bir söyüş makinasıdır, qarşılarına çıxan hər kəsi söyürlər. Məqsəd vətəndaş-dövlət münasibətlərinə xələl gətirməkdir. Biz buna məhəl qoymaya bilərdik. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan minlərlə həmkarlarımız həmin ölkə vətəndaşlarına ölkəmizlə bağlı dolğun məlumatlar verirlər. Bu yaxınlarda Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlər bunu sübut etdi. Ölkəmizə qarşı qarayaxma kampaniyası keçirənlərin sayı bir əlin barmaqlarından azdır. Onların çıxışlarında təhqirlə yanaşı, mövcud quruluşun devrilməsinə çağırış da var. Həmin insanların bu yöndə fəaliyyəti ilə əlaqədar qanunvericiliyə uyğun tədbirlər görüləcək. Lakin Azərbaycan jurnalistləri bu çıxışlarla barışa bilməz və öz etirazını ortaya qoymalıdır. Burada toplaşmağımızın məqsədi də budur. Axı bu insanlar bizdən nə istəyirlər?”
***
Millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, söyüş heç zaman demokratiya uğrunda mübarizə üsulu ola bilməz:
“Azərbaycandan kənarda yüz minlərlə vətəndaşımız yaşayır. Onlar Azərbaycanın müqəddəs mübarizəsini unutmamalıdırlar. Kim bu mübarizədə xalqımızın yanında deyilsə, o, bizim düşmənimizdir. Mən xüsusən, xaricdə yaşayanlardan danışıram. Bu il Cümhuriyyətin 100 illiyini qeyd edəcəyik. Cümhuriyyətimizi quran insanlar demokratiya uğrunda mübarizə aparırdılar. Lakin onların heç bir yazılarında söyüş, təhqirə rast gəlmirik. Halbuki onları ölkədə repressiya gözləyirdi. Əgər sən söyüş söyürsənsə, demək haqsızsan, söyüş heç zaman mübarizə üsulu olmayıb. Sosial şəbəkədə müqəddəs Azərvbacyan ailəsini təhqir edənlərə qarşı mübarizə aparmalıyıq.
Teleqraf.com xəbər verir ki, bu fikirləri “Ədalət” qəzetinin baş redaktoru, millət vəkili Aqil Abbas bildirib.
A.Abbas deyib ki, bu gün xaricdəki səfirlərimiz bu təhqirlərə cavab verməlidir:
“Biz hər hansı xarici ölkə rəhbərinin əleyhinə danışsaq, adamın ciyərini çıxararlar. Lakin bu gün onlar Azərbaycan hakimiyyətini rahatca təhqir edirlər. Hesab edirəm ki, xaricdəki səfirlərimiz bu təhqirlərə qarşı ciddi addımlar atmalıdır. Fransda erməni soyqırımı olmayıb deyənlər cərimələnib, həbs edilir. Hazırda ölkədə ilana ağı verən kimdirsə, terrora çağırış edən kimdirsə, polis onu müəyyənləşdirməlidir. Bu gün Azərbaycan cəmiyyəti, jurnalistlər və ziyalılar söyüş kampaniyasından istifadə edənlərə tutarlı cavablar verirlər. Hesab edirəm ki, belə adamlara qarşı mübarizəmizi davam etdirməliyik”.
Daha sonra çıxış edən "Şərq" qəzetinin redaktoru Akif Aşırlı bildirib ki, bu adamlar soyadlarından, kimliyindən imtina edən şəxslərdir:
“Təklif edirəm ki, bu gün orta məktəbdə onlayn media dərsləri keçilsin. Biz vətəndaş birliyi platforması yaratmalıyıq”.
“Yeni Azərbaycan”qəzetinin baş redaktoru Hikmət Babaoğlu medianı daim fəal olmağa, Azərbaycana qara yaxanlara cavab verməyə səsləyib:
“Mübarizə silahı kimi sosial şəbəkəni kim düşünübsə, bu, onları kəsməyəcək. Yəni Avropa sosial şəbəkələri özünə təhdid görmür. Bu gün bir sıra ölkələr sosial şəbəkələrlə bağlı hüquqi platforma axtarır. Təhqir, söyüş kimi fikirlərə qarşı məhdudiyyət qoyur. Biz də bu istiqamətdə düşünməliyik”.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, bu hallara qarşı Azərbaycanın hər bir ziyalısı mübarizə aparılmalıdır:
“Bu gün xaricdə yaşayan şəxslər milli-mənəvi dəyərlərin təhqiri üsuluna əl atıblar. Bəlkə də bu dövr sosial şəbəkə tariximizdə bu ən pis dövrdür. Həm ziyalı, həm də mədəniyyət, incəsənət nümayəndələrinə müraciət edərək, bildirmək istəyirəm ki, onlara qarşı öz sözümüzü deyək, mövqeyimizi ortaya qoyaq, bu insanlara layiqli cavab verək”.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə vurğulayıb ki, ölkəmizə, hakimiyyətə qarşı yönəlmiş təhqirlər, çıxışlar dövlətimizi və dövlətçiliyimizi məhv etməyə yönəlib:
“Hər birimiz birmənalı şəkildə dövləti və dövlətçiliyi qorumalıyıq. Onlar küçə təfəkkürünə malik insanlardır ki, erməni və ermənipərəst qüvvələrin alətinə çevrilib. Bu gün sosial şəbəkədən hər kəs istifadə edir, heç kim buna qarşı çıxmır. Lakin hesab edirəm ki, burada bir məsuliyyət, müəyyən çərçivə olmalıdır”.
Millət vəkili Elşən Musayev bildirib ki, bu gün hakimiyyəti təhqir edən həmin şəxslər sanki özlərini azərbaycanlı hesab etmirlər, Azərbaycan əleyhinə Avropada hər hansı qərar qəbul ediləndə onu sevinclə qarşılayırlar:
“Mən dəfələrlə Avropa ölkələrində Azərbaycanı təmsil edərkən, onların bu davranışlarının şahidi olmuşam. Hər birimiz bu hallara qarşı mövqe ortaya qoymalıyıq”.
“Yeni Musavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Azərbaycanı Suriyaya çevirmək istəyən qüvvələr artıq özümüzünkülərdən istifadə edir ki, bu təhlükəni dəf etmək üçün ictimai müqavimət göstərməliyik:
“Bu gün Azərbaycanda olan rahatlıq Türkiyə, Rusiya, İranda, heç Avropada da yoxdur. Dövlətdə stabillik olması birinci şərtdir. Azərbaycan Prezidenti, onun köməkçisi sosial şəbəkədən istifadə edir. Belə bir vəziyyətdə sosial şəbəkələri məhdudlaşdırmaq kimi çağırışlar yanlış yanaşmadır. Bu, hazırda islam ölkələrində ciddi münaqişə ocaqları yaradanlara fürsət vermiş olur. Bütün bu proseslərdən sonra Azərbaycanda seçkilərin vaxtının nə üçün dəyişməsini daha yaxşı anlamış oluruq. Demək, dövlətdə məlumat olub ki, seçkilərin vaxtını önə çəkib. Bu, Türkiyədə 15 iyul çevrilişinin deşifrə olunmasına bənzəyir. İndi onların zamanları yoxdur. Seçkilərin vaxtı dəyişməsəydi, bu proses payıza qədər davam edəcəkdi. Bu gün ölkəmizdə sabitliyi qoruyan komanda olmasa, Azərbaycan üçün təhlükə yarana bilər. Həmin sabitliyi qoruyan tərəf isə Azərbaycan iqtidarıdır”.