31 Mart 2018 09:41
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cavid Əhmədov

Ermənilərin Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı törətdikləri soyqırımlar tariximizin ən ağır, ən acı səhifələrindəndir. 1918-ci ilin mart soyqırımı bu baxımdan öz dəhşətləri ilə nəinki Azərbaycanda, eyni zamanda dünyada ən qəddar qırğınlardan biri kimi tarixə düşüb. Bu soyqırım nəticəsində minlərlə insan öldürülüb, onlarla, yüzlərlə yaşayış məntəqəsi talan olunub, yandırılıb, xarabazara çevrilib.

Təəssüf ki, 1918-ci ildə ermənilərin Azərbaycan torpaqlarında törətdiyi qanlı fəlakətlər uzun müddət gizlədildi, yalnız müstəqillik illərində aparılan tədqiqat və araşdırmalar əsl həqiqətləri bütün miqyası ilə ortaya çıxardı.

Şirvanın tarixindən söz açarkən 1918-ci il Şamaxı soyqırımını xatırlamadan keçmək mümkün deyil. Çünki özünün qədim tarixi boyunca bu qədər dəhşətli vaqeəni Şamaxı heç vaxt yaşamamışdı. Nə Sasanilər dövrü, nə ərəb istilaları, nə monqol yürüşləri, nə də dəhşətli təbii fəlakət sayılan çoxsaylı zəlzələlər Şamaxını erməni terroru kimi çökdürməmişdi.

Şamaxı tarixinə aid mənbələrdə ermənilərin bu əraziyə 19-cu əsrdə gəldikləri qeyd edilir. Başqa bölgələrdə olduğu kimi Şamaxıda da onlar havadarlarının köməyi ilə dövlət idarələrində işə düzəlir, bölgədə öz mövqelərini möhkəmləndirirlər.

1905-07-ci il hadisələri zamanı ermənilərin məzhəb amilindən istifadə etdiyi sübuta yetirilmiş faktdır. Tarixi sənədlərə əsasən, həmin vaxt üzdəniraq millətin nümayəndələri şayiə yayırdılar ki, “ermənilərin sünnilərlə heç bir işi yoxdur.” Belə bir riyakarlığa şəxsən şahid məşhur “Molla Nəsirəddin”çi Ömər Faiq Nemanzadə 1906-cı ildə “İrşad” qəzetində ermənilərin məzhəb təfriqəsi salaraq müsəlmanları bir-birinə düşmən etməyə çalışdığını, İrəvan, Qarabağ, Zəngəzur, Qazax və digər mahallarda sünni-şiə fərqi qoymadan bütün azərbaycanlıları qətlə yetirdiyini yazmışdı.

1905-ci il hadisələrinin gedişində ermənilərin arzusu gözündə qalsa da, 1918-ci ildə zaman maşını onların xeyrinə işləyirdi.

Bakıda törətdiyi soyqırımdan sonra Stepan Şaumyanın başçılıq etdiyi erməni-daşnak ordusu fürsəti qaçırmadan ölkəmizin digər bölgələrində də qanlı terror həyata keçirməyə başladı. Şaumyanın göstərişinə əsasən ermənilər artıq martın 14-nə kimi Şamaxını ələ keçirmək üçün qəti tədbirlərə əl atdılar.

Stepan Lalayev, Qriqori Avetisyan və Hamazaspın silahlı quldur dəstələri Şamaxının ətrafında yerləşdirildi. Erməni din xadimləri isə təşvişə düşmüş müsəlmanları aldadıb, arxayınlaşdırırdılar.

Daşnak birləşmələri nə qədər güclü olsalar da qırğınlarda Şamaxıda məskunlaşan ermənilər də böyük rol oynadılar. Stepan Lalayev, eləcə də bir çox erməni zənginlərinin mülkləri şəhərin yuxarı hissəsində yerləşirdi. Soyqırım cinayətinin başçılarından olan Lalayev qabaqcadan mülkünün zirzəmisini silah-sursatla doldurmuşdu. Onun evindən şəhərin müsəlman məhəllələri əl içi kimi görünürdü. Həmin yerdən atılan top düz Cümə məscidinin həyətini vururdu. Qırğın başlayanda mədrəsə istiqamətindən atılan topların vahiməsindən pərən-pərən düşən əhali küçələrə axışır, başını itirmiş insanlar nə edəcəklərini, hara sığınacaqlarını bilmirdilər.

Lalayevin evindəki pulemyotların atəşi insanları yerindəcə məhv edirdi. Heç kəsə - qadına, qocaya, uşağa belə rəhm olunmurdu. Həmin günlərdə şəhərdə elə bir amansız soyqırım törədilmişdi ki, küçələrdə cəsəd əlindən yerimək mümkün deyildi.

Şamaxıda mart soyqırımı zamanı törədilən yanğınlarda tikintisi hələ tamamlanmamış Cümə məscidi ciddi zədələnmişdi. Bakıda yaşayan şamaxılıların ingilis hərbi qüvvələrinin komandanı general Uilyam Montqomeri Tomsona verdikləri məlumatda şəhərin talan edildiyi, daha sonra yandırıldığı, heç bir məscidin salamat saxlanılmadığı vurğulanmışdı.

Şəhərdə törədilən yanğın zamanı 1800-dən artıq dinc sakin, o cümlədən qadın, uşaq və yaşlı insan məsciddə həbs edilməklə yandırılmışdı. Yeri gəlmişkən, yanğın zamanı çoxsaylı nadir əlyazma və kitablar da məhv edilmişdi. Ermənilərin mənfur əl işi olan həmin yanğının izləri məscidin divarlarında bu günəcən qalmaqdadır.

Onu da qeyd edək ki, Şamaxı məscidləri erməni talançılarının məqsədli hədəfi idi. Müsəlmanların təhlükə zamanı məhz məscidlərə – Allahın evinə sığınmaq adətindən xəbərdar olan Stepan Lalayevin əmri ilə erməni əsgərləri şəhərin bütün məscidlərini mühasirəyə alır, bir çox hallarda özləri şəhər sakinlərini – qadın, uşaq və qocaları məscidlərə yığır, sonra da ora od vururdular. Məscidlərdən çıxmağa və xilas olmağa çalışanlar güllələnir, yerindəcə öldürülürdülər.

Bu aksiyalarda Sepan Lalayev şəxsən özü iştirak edirdi.

Məlumatlara görə, o dövrdə Şamaxı Cümə məscidinin kitabxanasında 2 minə yaxın əlyazma və dini kitab varmış ki, onların da külü insan külünə qarışmışdı.

Hadisələr zamanı Şamaxının nüfuzlu dini xadimlərindən olan Axund Cəfərqulunun qətli xüsusi qəddarlığı ilə fərqlənir. Onun axundluq elədiyi Yuxarı Qalabazar məscidi şəhərin üst məhəllələrindən birində yerləşirdi. Məhəllə sakinlərinin xətrinə şəhəri tərk etməyən bu din xadimi özünün sülhsevər fəaliyyəti və barışdırıcı nitqləri ilə məşhur idi, dəfələrlə baş verə biləcək münaqişələrin qarşısını almışdı.

Yalnız müsəlman dindarlar arasında deyil, ermənilərdən də gördüyü hörmətə ümid bağlayan axund evində, həyətində və məsciddə bir neçə yüz nəfər qadın və uşağa sığınacaq vermişdi. Bu yolla onları ölümdən xilas edəcəyini düşünürdü. Amma ermənilər axundun evinə və məscidə hücum çəkərək hər iki tikilini içərisində olan insanlarla birlikdə yandırdılar. Axundun özünə isə ağır işgəncələr verir, dilini, qulaqlarını, burnunu kəsib, gözlərini çıxarır, saqqal qarışıq dərisini soyub qətlə yetirirlər.

Quldurların din xadimlərinə xüsusi amansızlıq törətməsi barədə məlumatlardan biri də Molla Musa ilə bağlıdır. Mənbələrin birində qeyd olunur ki, ermənilər onu meydana gətirirlər. İxtiyar qocaya əmr edirlər ki, Quranı cırsın, vərəqlərini yerə töküb tapdasın. O, təklifi eşidəndə “sizi Qurana tapşırıram” deyib, müqəddəs kitabı sinəsinə sıxır. Molla Musanı nizənin ucu ilə deşik-deşik edirlər.

Yuxarı Qalabazar məscidi həmin vaxt yandırılaraq dağıdıldığına görə günümüzə gəlib çıxmayıb. Lakin tədqiqatçıların əsərlərinə və yaşlı sakinlərin söylədiklərinə əsasən, bu məscidin şəhərin yuxarı hissəsində, Stepan Lalayevın mülkünün lap yaxınlığında yerləşdiyini söyləmək olar.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə qurulmuş Fövqəladə İstintaq Komissiyası bu məscidin dağıntılarının şəklini çəkərək arxivləşdirmişdi.

Beləliklə erməni soyqırımı zamanı Şamaxının bütün 12 məhəllə məscidi və 1000 illik tarixi olan Cümə məscidi yanğın və dağıntılara məruz qalır. Bu məscidlərdə 2000-ə qədər Şamaxı sakini diri-diri yandırılır.

Qırğınlar zamanı dağıdılan məscidlərdən biri də 18-ci əsr (bəzi mənbələrə görə, 1370-ci il) yadigarı olan İmamlı (İmamzadə) məscidi idi. Vaxtilə ikimərtəbəli binası olan məsciddə ziyarətgahın və mədrəsənin olmasını göstərən faktlar var. Bu isə onun məscid-kompleks olduğunu sübut edən amillərdəndir.

Şəhərin yaşlı sakinləri və tədqiqatçıların məlumatına görə, qırğın başladıqdan sonra yüzlərlə qadın, uşaq və yaşlı İmamlı məscidinə pənah gətirir. Erməni cəlladları isə məscidin ağzını bağlayıb ora od vururlar. Şahidlərin dediyinə görə, sağ qalan və Şamaxıdan qaça bilmiş əhali geri qayıtdıqdan sonra məsciddə yandırılmış insanların sümük və küllərini bir yerə yığıb oradaca dəfn edirlər.

1990-ci ildə aparılan bərpa işləri zamanı məscidin Yerin altında qalmış birinci mərtəbəsi aşkar olunur.

Mənbələrdə qırğınlar zaman Şamaxı şəhərində 13 məscidin olduğu və onların hamısının erməni qəsbkarları tərəfindən dağıdılıb yandırıldığı qeyd edilir. Həmin məscidlərdən yalnız ikisi – Cümə və İmamlı (İmamzadə) məscidləri günümüzə gəlib çıxıb. Digər 11 məscid isə tarixin qaranlıq qatlarında qaldı, tikilmə tarixləri, fəaliyyətləri, məşhur üləma və ruhaniləri barədə bu gün əlimizdə geniş məlumat yoxdur.

Müxtəlif mənbələrdən, habelə şəhərin yaşlı sakinlərindən, Şamaxı tarixi haqda araşdırma aparan tədqiqatçılardan, o cümlədən ruhanilərdən aldığımız məlumatları toplayaraq 1918-ci ildə mövcud olmuş 13 məsciddən 9-nun adını dəqiqləşdirə bilmişik:

1. Şamaxı Cümə məscidi. 2. İmamlı məscidi. 3. Yuxarı Qalabazar məscidi. 4. Aşağı Qalabazar məscidi. 5.Kərbəlayi Qurban məscidi. 6. Əbu Səlim Xorasani məscidi. 7. Hacı Qasım məscidi. 8. Ərdəbil məscidi. 9. Sarıtorpaq məscidi

Erməni quldurları mart qırğınları zamanı bu məscidlərin hamısını onlara sığınmış insanlarla birgə yandıraraq məhv etmişdilər. Bir nüansı da qeyd edək ki, köməksiz insanların məscidlərə pənah aparmasının bir səbəbi bu məbədlərin müqəddəs hesab olunması, yəni toxunulmaz statusu idisə, digər səbəbi Stepan Lalayevin sözləri idi. Qırğınlara bilavasitə rəhbərlik edən bu qaniçən terrorçu məscidlərə toxunulmayacağını, ora sığınan köməksiz insanlara heç nə etməyəcəklərini bildirmişdi.

Sən demə, Lalayev bu sözlərlə əksinə, insanları məscidə toplamağı və orada daha rahatlıqla qətliam törətməyi düşünürmüş.

Təsadüfi deyil ki, mənbələrdə təkcə məscidlərdə yandırılan və qətlə yetirilən insanların sayı 2 minə yaxın göstərilir.

Şamaxını Qafqaz İslam Ordusu azad elədikdən sonra ağsaqqalların məsləhəti ilə məscidlərdə yandırılmış sümüklər və kül topaları bir yerə yığılaraq basdırıldı. Öz doğmalarını – ata, ana, bacı, qardaş, oğul və qızını heç cür tapa bilməyən şamaxılılar bu qəbir-təpələrin üzərinə gələr, onu ziyarət edər və göz yaşı tökərmiş.

Həmin qəbir-təpələrə el arasında “kül təpələri” deyərmişlər...


Müəllif:

Oxşar xəbərlər