Martın 22-25-i tarixlərində Masallı rayonunda Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyilə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən “Azərbaycan qarşısında borc” gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi təşəbbüsü” layihəsi çərçivəsində “Liderlik məktəbi” təlim düşərgəsi həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, 4 gün davam edən düşərgədə iştirakçılar gün ərzində müxtəlif təlimlərdə, o cümlədən layihənin əsasını təşkil edən mövzuya uyğun olaraq “Azərbaycan qarşısında borc” adlı təlimə qatılıblar.
Təlimlər “Skauting: qeyri-formal təhsil kimi”, “Düyünlər”, “Metodika və pedaqoqika” və “Liderlik nədir? Necə olmalıdır?” mövzularını əhatə edib.
Daha sonra iştirakçılar tonqal növləri, çadırqurma, oxatma və sair bu kimi skaut bilik və bacarıqlarına yiyələnmək üçün təlimlərdə də iştirak ediblər.
Martın 25-i isə iştirakçılar “Liderlik məktəbi” təlim düşərgəsində fəal iştirakları ilə bağlı sertifikatlarla təltif olunublar.
Layihənin növbəti mərhələsində Balakən, Quba, Xaçmaz, Şirvan, Mingəçevir və Ağdam rayonlarından olan “Liderlik məktəbi" təlim düşərgəsinin iştirakçıları 3 ay ərzində öz bölgələrində skaut dəstələri formalaşdıracaqlar.