Son zamanlar mətbuat orqanlarında müxtəlif növ qida məhsulları haqqında heç bir elmi mənbəyə, fakta, ciddi araşdırmaya söykənməyən, vətəndaşlar arasında birmənalı qarşılanmayan məsuliyyətsiz açıqlamaların verilməsi, yazıların paylaşılması geniş vüsət alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat Qida Təhlükəsizliyi Agentliyinin yaydığı bəyanatda yer alıb.
Bəyanatda bildirlib ki, həmin materiallarda əhalinin çox istifadə etdiyi qida məhsullarından biri olan dönərin tərkibində mənşəyi məlum olmayan ətin olduğu iddia edilir:
“Təəssüf hissi ilə bildirmək istəyirik ki, faktlara əsaslanmayan bu tipli məsuliyyətsiz iddialar əhalidə təşviş və çaşqınlıq yaradır. Özlərini istehlakçıların hüquqlarının müdafiəçisi adlandıran, sahibkarları yoxlamalar aparmaqla təhdid edən bəzi şəxslər verdikləri məsuliyyətsiz müsahibələrdə hətta dönərin ölü insan ətindən hazırlandığı haqqında cinayət xarakterli açıqlamalar verməkdən belə çəkinmirlər.
Qida Təhlükəsizliyi Agentliyi hüquq mühafizə orqanları ilə birgə əhali arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız materialları yayan şəxslərin barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görəcəyini bəyan edir”.