Etiraf edək ki, kurikulum standartlarına keçidin başlanması ilə müəllim və valideynlərin əziyyətli günləri başlanıb.
Bu sözləri Teleqraf.com-a açıqlamsında təhsil eksperti Kamran Əsədov Saatlı rayonunda ibtidai sinif müəlliminin şagirdlərə qeyri-adi üsullarla dərs öyrətməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, uzun müddət ənənəvi üsullarla dərs keçən müəllimlər və bunu mənimsəmiş valideynlər şagirdlərdə yeni təlim üsulları ilə maraq oyatmaqda çətinlik çəkirlər:
“Artıq yeni təhsil sistemi özü də yeni baxışlar, yeni təlim üsulları tələb edir. Bundan sonra elə etmək lazımdır ki, şagirdlər həm biliklərini, həm də bacarıqlarını nümayiş etdirə bilsinlər.
Əvvəlki sistemdə şagird ancaq standart formada dərs danışır və ya tapşırıqları lövhədə yerinə yetirirdi. İndi isə onun dərsə, mövzuya marağının yaranması üçün motivasiya etmək lazımdır”.
Ekspert bildirib ki, müasir təhsil tədrisin effektiv və əyləncəli təşkil olunmasını tələb edir:
“Şagird üçün dərsi maksimum maraqlı etmək lazımdır. Məsələn, Tarix dərsi kiməsə maraqsız gələ bilər. Amma çox şey müəllimdən asılıdır, o, istənilən fənni daha maraqlı edə bilər. Bəzi hallarda müəllim özü keçdiyi dövlətin hökmdarının, sərkərdəsinin libasına uyğun geyinib gələ bilər. Və ya şagirdləri belə geyimdə tədrisə qatılmasını təmin edər.
Bundan başqa, mədəniyyət mövzusudursa, dərsi muzeydə təşkil edər, tarixi abidələri ziyarət etməklə dərs keçə bilər. Məktəbin həyətində simvolik olaraq arxeoloji qazıntılar aparaq da mümkündür”.
Kamran Əsədov bildirib ki, biologiya müəllimləri dərsi birbaşa təbiət qoynunda keçə və ya canlı heyvanı dərsə gətirərək fənnin mənimsənməsində daha effektiv üsula əl ata bilərlər:
“Hesab edirəm ki, fizika, kimya, biologiya dərslərinə və tədqiqat işlərinə şagird marağının artırılmasına aid innovativ Avropa metodologiyasının Azərbaycan ümumtəhsil məktəblərinə gətirilməsinə ciddi ehtiyac var.
Təəssüf ki, bunu həyata keçirmək üçün bəzi məktəblərdə laboratoriya şəraiti yoxdur. Finlandiyadan bir misal deyim. Finlərin tədris planı sadə və ümumi bir çərçivə təyin etməkdən ibarətdir. Şagirdlər öz maraq və ehtiyaclarına görə təlim-tədris proqramlarını formalaşdırma haqlarına sahibdirlər.
Finlandiyada müəllimlər deyirlər: Şagirdi həyata hazırlamaq lazımdır, yoxsa imtahanlara? Onlar birincini seçir. Biz isə ikincini...”
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Saatlı rayonunda ibtidai sinif müəlliminin şagirdlərə qeyri-adi üsullarla dərs öyrətməsini gözəl təşəbbüs kimi xarakterizə edib:
“Bu, ümumilikdə təhsil sistemi üçün yaxşı ənənədir. Yəni təkcə Saatlıdakı müəllim deyil, başqa bölgələrdə də qeyri-ənənəvi tədris metodlarından istifadə edən müəllimlərimiz var. Onlar muzeydə, tarixi abidələrin ətrafında, təbiət hadisələrinin yaxınlığında bu cür dərsləri keçirlər. Yaxud öz dərslərində yeni innovativ metodlardan istifadə edirlər. Bu, bizim təhsil sistemimizin yeni ab-havasına xidmət edən məsələdir”.
Qeyd edək ki, Saatlı rayonunda ibtidai sinif müəllimi şagirdlərə qeyri-adi üsullarla dərs öyrədir. O, şagirdlərin tapşırıqları daha yaxşı mənimsəməsi üçün açıq havada çəmənlikdə dərs keçir.