Geologiya-mineralogiya elmləri doktoru, professor, Beynəlxalq Şərq Neft Akademiyasının vitse-prezidenti, dövlət mükafatı laureatı, əməkdar bədən tərbiyəsi və idman xadimi, şahmat üzrə əməkdar məşqçi, Beynəlxalq Şahmat Federasiyasının üzvü Çapay Sultanov aprelin 4-də vəfat edib.
Teleqraf.com xəbər verir ki, Çapay Əli oğlu Sultanov 1936-cı ildə Bakı şəhərində anadan olub. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsini bitirib. 1960-1989-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda işləyib və kiçik elmi işçi vəzifəsindən neft-mədən geologiyası şöbəsinin rəhbəri vəzifəsinə qədər yol keçib. 1964-cü ildə Ç.Sultanov “Azərbaycanın qazkondensatneft, qazkondensat və qaz yataqlarının tükənməyə işlənməsində geoloji-mədən tədqiqatları” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 1982-ci ildə bir qrup alimlə birgə “Ehtiyatların qiymətləndirilməsinin elmi metodlar kompleksinin işlənməsi və istehsalata tətbiqi və Azərbaycanın dənizdəki qazkondensat yataqlarının işlənməsinin layihələşdirilməsi” işinə görə Azərbaycan SSR dövlət mükafatı laureatı adına layiq görülüb. 1986-cı ildə Ç.Sultanov “Neft yataqlarının ehtiyatlarının hesablanması, layihələşdirilməsində və işlənməsinin analizində geoloji-mədən deformasiyaların istifadəsinin elmi əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Ç.Sultanovun elmi tədqiqat sahəsi neft-mədən geologiyası, xüsusilə də geoloji və texnoloji faktorların təsirini nəzərə almaqla layların neftverməsini qiymətləndirmək və proqnozlaşdırmaq məqsədilə ilə statistik üsulların tətbiqidir. Ç.Sultanov Elmlər Akademiyasında işlədiyi dövrdə neft və qaz ehtiyatlarının hesablanmasının elmi əsaslarını hazırlayaraq, Azərbaycanda iri neft və qaz yataqlarının kəşfi və işlənməsində iştirak edib.
O, 150 elmi işin, o cümlədən 3 monoqrafiyanın, 1 ixtiranın və 4 səmərələşdirici təklifin müəllifidir. 10 elmlər namizədi hazırlayıb.
Ç.Sultanov 16 il ərzində respublika Şahmat Federasiyasına başçılıq edib. Son 10 il ərzində onlarla kitabı çap olunub.
Görkəmli alim Prezident İlham Əliyevin 1 mart 2011-ci ildə imzaladığı sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Ç.Sultanovun vəfatından mütəəssir olan Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, onu Azərbaycan cəmiyətinin heç bir faizi tanımadı:
"Lakin Çapay Sultanov kimi elm nəhənginin miqyası qətiyyən bundan kiçilmədi, əksinə tükənməz irsinə müraciət edənlərin sayı milyonları keçdi və gələcək yüz illərdə bir xalqın adını bütün qitələri dolaşdıracaq tükənməz xəzinəyə çevirdi. Hər bir ölkənin coğrafi ölçüsü onun zəka sahiblərinin miqyası boyda böyüyür və heç zaman işğal olunmur. Neftə sərvət kimi baxan bir millət üçün əsl alternativ idi, Çapay Sultanov.
Nə qədər isti qəlblərdə yerinin olduğunu deyə bilməsəm də, onun kitabları evimin qərar tutduğu möhkəm özüllər sayıla bilər. Sovetlər Birliyinin çöküşü və Qafqazı araşdıran institutların, neft səltənətinin imperiyalar yaradan və dağıdan gücündən onlarla akademik quruluşun işini gördüyünə görə bir çox çirkin ağızlar onu kənar beyin məhsullarına cilid çəkən “konveyer” adlandırırdılar. Nə etməli, siyasətdə olduğu kimi, elm dünyasında da “qəlp alimlər” həqiqi elm fədailərinin kölgəsini qılınclamağı yeganə mövcudluq forması sayırlar. Amma bununla ümmandan nə əskilər ki?!"
Z.Oruc bildirib ki, “Made in Azərbaycan” brendi üçün axtarışlara baş vuranlar Ç.Sultanovu unutmasınlar:
"Onun ölümü haqda xəbəri rayon səfərimdə eşitdim. İçimdə bir tel qırıldı. Hə, obrazlı olaraq deyilmiş sözlər doğru imiş, göylərdən bir topa ulduz və ya kometlər yerə düşəndə aydınlıqlar bir az azalır və dünya kiçilirmiş.
Amma onun qəbri çox nurludur və parlamaq istəyən milyonların yoluna hər zaman işıq saçacaqdır. Çünki ruhu uca göylərdədir!"