5 Aprel 2018 14:11
3 857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda çoxmərtəbəli binaların tikintisinə qadağa qoyula bilər.

Teleqraf.com xəbər verir ki, belə bir halın beynəlxalq praktikada mövcud olduğunu deyən Milli Məclisin deputatı Azər Badamov bunun Bakıda da tətbiq olunmasını təklif edib.

"Şəhərin şəhərsalma məcəlləsinə uyğun tikilməsi lazımdır. 25-30 mərtəbəli binaların tikilməsi şəhərdə insan sıxlığına səbəb olur. Bu da yollarda hərəkət üçün çətinlik yaradar”.

Təklifə münasibət bildirən iqtisadçı Razi Abbasbəyli deyib ki, hündürmərtəbəli binaların inşası ilə bağlı məhdudiyyət qoyulacaqsa, bu, iqtisadi tərəfdən orta sahibkarlığa ciddi təsir göstərə bilər.

Əmlak bazarı üzrə ekspert Rəşad Əliyev isə bildirib ki, şəhərin inkişafı, binaların tikilməsi sivil qaydada həyata keçirilməlidir. "Əgər biz maya dəyərinə təsir edən faktorlardan danışırıqsa, bu o demək deyil ki, kiçik ərazidə çox sayda binalar tikilməlidir”.

Tikinti bumundan sonra paytaxtın mərkəzində baş qaldıran sıxlıq özünü yollarda tıxac problemi ilə göstərdi. Düzdür, bunun qarşısı yeni-yeni yollar, körpülərlə müəyyən qədər alınsa da, problem yenə də mövcuddur. Millət vəkili Azər Badamov bunun üçün şəhərdən kənar ərazilərə göz gəzdirməyin vaxtı çatdığını deyib.

Ancaq bir məsələ də var ki, sahibkarlara şəhərdən kənarda tikinti aparmaq da maraqlı deyil. Həmin ərazilərdə infrastruktur problemi olduğundan tikinti şirkətləri burada bina ucaltmağa maraq göstərmir. Ekspertlər düşünür ki, şəhər kənarında binalar ucaltmaq üçün dövlət qurumları, universitetlərin bir hissəsi həmin ərazilərə köçürülməlidir.

Qeyd edək ki, qonşu Türkiyədə bu qadağa mərtəbələrin sayının azalması ilə tətbiq olunur. Əslində bütün dünyada meqapolislərdə hündürmərtəbəli binalara maraq böyükdür. Bu təkcə gözəlliyə görə deyil, həm də tikintinin maya dəyərinin aşağı salınmasına xidmət edir. İstənilən halda qiymətlərə təsir edən ən böyük faktor torpaq sahəsinin qiymətidir.

Bu gün 16 mərtəbəli binada bir kvadratmetr mənzilin qiyməti 5 mərtəbəli binadakı mənzildən qat-qat ucuz olur. Yəni məhdudiyyət tətbiq olunarsa, daşınmaz əmlak bazarında qiymətlər yüksələ bilər.


Müəllif: Günay Əli

Oxşar xəbərlər