Bu gün “Fairmont Baku” hotelində Gənclər və İdman Nazirliyi və “Azdimension” şirkətinin ortaq layiHəsi “Sonuncu dalan” milli kompüter oyununun təqdimat mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, mərasimdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Prezident Administrasiyasının nümayəndələri, Milli Məclisin üzvləri, nazirlik rəsmiləri, gənclər və mətbuat nümayəndələri iştirak edib.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev qonaqları Azad Rəhimovun adından salamlayıb və oyunu ərsəyə gətirən komandaya uğurlar arzu edib:
“Komandanı bu uğuru münasibətilə təbrik edirəm. Son illər ərzində gənclərlə əməkdaşlığımız çərçivəsində bir neçə layihəmiz işıq üzü görüb. Son illərdə kompüter texnologiyalarının rolu əvəzsiz olub. Gənclərimiz də belə texnologiyalara və oyunlara xüsusi diqqət göstərir. Biz əməkdaşlığımız çərçivəsində tarixi şəxsiyyətlərimizlə bağlı bir neçə sənədli film və işğalda olan bölgələrimizin animasiyasını yaratmağa nail ola bildik. Bu oyunun isə illər öncə demo versiyasının görüntülərini görmüşdüm. Oyunçuların, xüsusilə, xaricilərin bu oyuna olan emosiya və yanaşması məni təəccübləndirmişdi. Belə oyunların ideyası 15-16 yaşında uşaqlar tərəfindən təklif edilirdi. İnanıram ki, belə oyunların hazırlanması həm gənclərin asudə vaxtını səmərəli keçirməsinə şərait yaradacaq, həm Azərbaycan mədəniyyəti və tarixini dünya miqyasında təqdim edəcək.
Biz artıq illərdir idman sahəsində öz məhsullarımızı istehsal edirik. Bundan sonra çalışacağıq ki, texnologiya sahəsində də yerli məhsullara üstünlük verək. Bunun üçün potensiallı gənclərimiz və dövlət dəstəyi var. Məqsədimiz gənclərimizi inkişaf etdirmək və texnologiya sahəsini yenilməkdir”.
Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov isə oyunun ideyasının uğurlu alındığını bildirib:
“Biz artıq bir neçə dəfə belə oyunların təqdimatında olmuşuq. Bu gün məktəbli gənclərimiz çox ciddi işlərlə məşğul olurlar. Bizim üçün məsələ ondan ibarətdir ki, gənclərimiz istədikləri, maraq dairəsində olan işlərlə məşğul ola bilsin. Bu gün oyun dünyasında yaş məhdudiyyəti çoxdan keçib. Belə oyunların olması interaktiv üsullarla xarici vətəndaşların paytaxtımız və İçərişəhərlə tanışlığı baxımından çox səmərəlidir. Yaxın gələcəkdə daha keyfiyyətli işlərlə tanış olacağıq. Sizi inandırıram ki, biz 10 il öncə belə işlər haqqında düşünə də bilməzdik. Məqsədimiz gənclərimizə daim dəstək vermək və onlara istiqamət göstərməkdir. Bu gün nə istədiyini bilən gənclərimizin olması sevindiricidir.
Oyunun ideyası isə olduqca yaxşıdır. Bəlkə nə vaxtsa biz də “Made in Azerbaijan” brendi altında da gözəl məhsullar istehsal edə bildik. Hətta bu gənclərə bir təklifim var. Gələcəkdə onlar Milli Məclislə bağlı da oyun hazırlaya bilərlər”.
İçərişəhər dövlət tarix-memarlıq qoruğu idarəsinin sədri Əsgər Ələkbərov oyunun yaradılmasından məmnunluğunu ifadə edib:
“Kreativ sahələrdə fəaliyyət göstərən gənclərimizə dəstək olmaq bizim üçün xoşdur. 2000 ildən çox yaşı olan İçərişəhər ölkənin həm siyasi, həm mədəni baxımdan dəyərli simvoludur. Sevindirici haldır ki, İçərişəhər belə virtual oyunlarının da məkanına çevrilib. Gənclərimizə təşəkkür edirik ki, dəyərlərimizə sahib çıxıb tariximizi yaşadırlar”.
İdeyanın rəhbəri Fərid Haqverdiyev “Sonuncu dalan” haqqında geniş məlumat verib:
“Bu, artıq şirkətimizin 4-cü rəsmi təqdimatıdır. 2012-ci ildə “İşğal altında Şuşa” və “İşğal altında Ağdam” oyununu yaratdıq. Ötən il isə biz İşğal altında Qisas” oyununu təqdim etdik. Bu oyunlara Amerikada, Yaponiyada geniş maraq göstərirlər. Dünya miqyasında hər üç oyunda toplamda 100000-ə yaxın yükləmə qeydə alınıb. “Sonuncu dalan” isə bu oyunlardan ikiqat daha böyükdür. Bu oyunu qurmamışdan əvvəl İçərişəhərin yüzlərlə fotolarını çəkmişik, onlarla gəzinti keçirmişik. Çalışmışıq ki, İçərişəhərin ən sadə, kiçik detallarına qədər təsvir edək. Oyunumuzun qəhrəmanı şərlə xeyirin mübarizəsi müşayiətində irəliləyir. Oyunun süjet xəəttində İçərişəhərə aid 5 ensiklopediya, Azərbaycanın tarixi personajları və salnamələri yer alıb. Oyun hazırda Azərbaycan, rus və ingilis dilindədir. Gələcəkdə isə yapon və türk dillərinə tərcümə ediləcək. Çünki oyunlarımıza bu ölkələrdə böyük maraq var”.
Qeyd edək ki, layihənin məqsədi kompüter oyunları vasitəsilə gənclərin Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış olması, yeni məlumat və biliklərin əldə edilməsi, gənclərin kompüter texnologiyası sahəsində təşəbbüskarlığının dəstəklənməsidir.