5 Aprel 2018 17:59
1 838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış şair Aqşin Yenisey şəhid anlayışının yazıqlığı, acizliyi rəmzləşdirmədiyini, onu millətin zəif yeri kimi göstərməyin, məişət faciəsinə çevirməyin yaxşı hal olmadığını qeyd edib:

“İki ildir Ankaradayam. Türkiyə, demək olar ki, hər gün şəhid xəbərinə ya oyanır, ya da yatır. Ancaq burda şəhid anlayışı yazıqlığı, acizliyi rəmzləşdirmir. İki ildir Ankaradayam. Türkiyə, demək olar ki, hər gün şəhid xəbərinə ya oyanır, ya da yatır. Ancaq burda şəhid anlayışı yazıqlığı, acizliyi rəmzləşdirmir. Türklər özləri də etiraf edirlər ki, məhmətcik çox vaxt siyasilərin buraxdığı səhvləri öz qanıyla tarixdən silmək üçün döyüşür. Bununla belə, şəhidin halına acımaq, onu millətin zəif yeri kimi göstərmək yoxdu bu xalqın canında. Biz neynirik? Öz torpağı uğrunda ölənlərimizi aşağılar acizliyimizin rəmzi kimi qələmə verir, guya, tarix-zad oxumuş ağıl dəryalarımız oyun qurbanı kimi. Niyə belədir? Çünki Azərbaycan xalqının psixoloji, mənəvi duruşunu formalaşdıran bir ideologiyamız yoxdur. Azərbaycançılığın özü belə mənəvi, psixoloji dayaqlardan məhrumdir, inzibatçılıq üzərində dayanıb. Daha çox vəzifəli adamlar Azərbaycançıdır. Yeni ədəbiyyat Azərbaycançılığa biganədir, çünki Azərbaycançılıq da yeni yaranan ədəbiyyata laqeyddir. Ankarada hansı kitab dükanına girirsən, qarşına bir ucdan yazılan tarixi-ideoloji kitablar çıxır. Heç ədəbiyyat oxumamış bir türk bu kitablardan bir neçəsini oxuyub. İki gündü sosial şəbəkələrdə "allah rəhmət eləsin"in biri bir qəpikdir. Ayrı-ayrı adamların hislərini başa düşmək olar, amma ümumi mənzərənin yazıqlıq, acizlik aşılaması çox miskin görünür.

Sizə bir şey deyim, 5-6 ay bundan əvvəl Bərzani İraqda dövlət qurmağa çox yaxın idi, bütün dünya gözlədi ki, oradakı xalq dövlət istədiyini öz qanı ilə sübut edəcəkmi? Etmədilər, heç kim də arxalarında dayanmadı. Bizim vətən uğrunda ölənləri belə miskincəsinə yad etməyimizi də hamı görür. ABŞ əsgəri Suriyada siyasət qurbanı kimi ölür, vətənində qəhrəman olur, haqqında filmlər çəkilir, kitablar yazılır, amma bizimki vətən uğrunda ölür, tez yazıqlaşdırılıb məişət faciəsinə çevrilir. Mənim gücüm yetişən nəslə çatır; çalışın, böyüklərinizi təkrarlamayın!”

Teleqraf.com Aqşin Yeniseyin irəli sürdüyü mövzuyla bağlı aydınlarımızın fikrini öyrənib. Onlar necə düşünür, nə təklif edir?

Filologiya üzrə fəlsəfə doktoru İradə Musayeva cəmiyyətin şəhidliyə münasibətini, reaksiyasını, şəhid anlayışını şərh edərkən qəhrəmanlıqla şəhidliyi qarışdırmağın doğru olmadığını deyib:

“Qəhrəmanlar haqqında bizdə də qürurla, fəxrlə yadetmələr, təntənələr, marş intonasiyalı şeir, mahnı mətnləri, musiqisi çox yazılır. Məktəblərdə də təbliğat həmin tendensiya ilə aparılır.

Lakin başqa ölkələrlə müqayisədə bir neçə incə, bəlkə də daha ciddi fərqliliklər var. Əvvala, ölkələrin müqayisəsindəki absurdluğu qeyd edim. Əlbəttə, dünyaya meydan oxuyan Amerika ilə əsrlərdir müstəmləkə halında yaşayan, hər tərəfdən ictimai-siyasi, hərbi blokadaya düşən, səsini dünyaya eşitdirə bilməyən Azərbaycan arasında fərq olmalıdır. Yəni, faciəni yaşam tərzində. Biz necə bədbin olmayaq ki, şəhidlərimizin sayı 60-70, 500-1000 deyil? Bitməyən, əbədi müharibə assosiasiyalı bir üzücü mübarizədəyik. Biz necə yazıqlaşmayaq ki, adamlar sərhəd bölgələrində evində oturub çay içdiyi, təndirə çörək yapdığı yerdə şəhid olur və qisas da az qala qiyamətə qədər uzadılır. Biz bu ağrıları necə məişət həddində yaşamayaq ki, 30 ilə yaxındır gözlərimiz qarşısında şəhidliyin nə olduğunu bilməyən körpələr qurban gedir. Bunu necə təntənəli qəhrəmanlıq marşına çevirmək olar? Olmaz... Axı bizim itkilərimiz təkcə hərbi toqquşmalar, üz-üzə dayanıb hərb savaşına qalxan ölkələrin davası kimi deyil. Hər kolun dibində bir mina partlaya bilər, hər evin damına bir qrad düşə bilər hər an... 30 ilə yaxındır bu ehtimallarla yatıb-duran millət necə ola bilər ki, səksəkəli, yazıq və bədbin olmasın?

Məncə, bütün müqayisə və suçlamalarda mütləq analitik təfəkkür mexanizmi, real faktlar əsasında təhlillər əsas götürülməlidir. Bizim reallığımız budur. Biz hələ çox güclü, mübariz xalqıq ki, bu qədər təzyiqlər altında, itkilər müqabilində ayaqda qala, hər gün ölüm xəbəri gələn insanlarımızı soyuqqanlılıqla dəfn edə bilirik. Keçən Aprel hadisələri hamının yadındadır. Mən bu barədə Belarusiyada çap olunan məqaləmdə və müsahibələrimdə yazmışdım. Yeganə oğlunun tabutu altına girib dəfn mərasimində öndə gedən ana bizim anadır! Ağlamayan, kişilərlə çiyin-çiyinə vətən yolunda ölmüş oğlunu dəfn edən qürurlu ana”.

Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının fikrincə, bu mövzuda heç kəsi qınamaq olmaz:

“Bilirsiz, mən də anayam, bir ana övladını itirirsə, bu, böyük itkidir. O acını yaşamaq isə həmin ailənin haqqıdır. Kimsə deyə bilməz ki, şəhidinizlə qürur duyun və ya duymayın. Türkiyədə kiminsə övladı şəhid olanda qürurla “Vətən sağ olsun” deyir. Şəhidlik adi qəza nəticəsində fələyin kor oyununa qurban getmək deyil. Şəhidlik, torpaq, millət uğrunda canını fəda etməkdir. Əlbəttə, biz hər zaman şəhidlərimizlə qürur duymuşuq və duymalıyıq da. Onların xatirəsi əziz tutulmalıdır, əbədiləşdirilməlidir. Onlar unudulmamalıdır, unutdurulmamalıdır. Yəni onların ruhu o zaman şad olacaq ki, uğrunda canlarını fəda etdikləri torpaqlarımız azad olsun. Məsələn, bir gün Qarabağ azad olanda, onun uğrunda şəhid olanların ruhu da şad olacaq. Şəhidlik hər kəsin qürur hissi ilə yüksələ biləcəyi bir mərtəbədir”.

Professor Qulu Məhərrəmli isə hesab edir ki, cəmiyyətdə şəhidləri layiq olduqları şəkildə uca tutmaq, təbliğ etmək halları var:

“Bəzən görürsən ki, bəziləri şəhidliyi məişət problemləri səviyyəsinə endirir. Qərəzli, məqsədli yanaşmalar olur, bu, doğru deyil. Bu yaxınlarda Muğam Mərkəzində Aida Eyvazlının kitab təqdimatında iştirak edirdim. Çox təsirləndim, qürurlandım ki, cəmiyyətdə şəhid anlayışının, şəhid obrazının yardılmasına, təbliğ edilməsinə bu cür sağlam yanaşma var.
Bilirsiz, problemlər nə zaman olur? Şəhid ailələrinin problemləri həll olunmayanda, hansısa məmurlar bu problemlərə biganə yanaşanda, saytalar da bu nüansları şişirdib qabardanda. Hətta bu problem olmuş olsa belə, şəhidlərin, qəhrəmanların, döyüşçülərin obrazına heç bir xələl gəlməməlidir”.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər