Azərbaycan ordusu ən müasir silahları əldə edib. Bununla yanaşı, Azərbaycanda hərbi-sənaye kompleksi ciddi inkişaf mərhələsi keçir. Bu, olduqca əhəmiyyətlidir. Azərbaycan bir sıra silahları öz ərazisində, öz şirkətlərində istehsal edir. Azərbaycan ərazisinin 20 faizi işğal altında olan ölkədir və bu baxımdan silahlanmaya və hərbi-sənaye kompleksinə ciddi diqqət etməsi tam təbii qarşılanmalıdır.
Bu fikirləri Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Prezident İlham Əliyevin TASS informasiya agentliyinə verdiyi müsahibə zamanı Azərbaycan ordusunun silahlanması haqqında fikirlərini şərh edərkən deyib.
Mollazadə qeyd edib ki, Azərbaycan Türkiyə, İsrail, Rusiya və digər dövlətlərə bu istiqamətdə əməkdaşlıq edir və bu ona hərbi-sənayesini gücləndirməyə imkan verir:
“Prezident qeyd edib ki, orduda silahların yenilənməsi prosesi praktiki olaraq başa çatdırılıb. Bu o deməkdir ki, artıq Azərbaycan müasir orduya malikdir və ordu müasir silahlarla təmin olunub. Əslində, bu proses daim həyata keçirilir. Məncə, ordumuzda müasir silahlar üstünlük təşkil edir. Artıq Azərbaycan istənilən hərbi əməliyyatları həyata keçirməyə qadirdir”.
Deputat qeyd edib ki, Azərbaycan ordusunun dünyanın 50 ən yaxşı təchiz olunan və döyüş qabiliyyəti yüksək olan orduları sırasına daxil olması faktdır:
“Bu, yalnız Azərbaycanın mövqeyi deyil. Dünyanın tanınmış hərbi mütəxəssisləri bu istiqamətdə fikirlər səsləndirib. Bunun əsas səbəbi odur ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü təhdid edilir. Ərazilərimizin 20 faizi işğal altındadır. Sözsüz ki, biz ərazi bütövlüyümüzü təmin etmək üçün güclü orduya malik olmalıyıq. Azərbaycan ordusunun dünyanın ən qabaqcıl 50 ordusu sırasına daxil olması bu baxımdan əhəmiyyətli və bizim uğurumuzdur. Məhz bu səbəbdən də Azərbaycan dövlət büdcəsinin böyük hissəsi müdafiə istiqamətinə yönəldilib. Mən bunu doğru siyasət hesab edirəm. Dünyanın indiki vəziyyətində Azərbaycan hazır olmalı, təzyiqlərin qarşısını almaq üçün müasir silahlardan istifadə edən orduya malik olmalıdır. Hazırda Azərbaycanda belə bir ordu var. Buna görə də, reytinqlərdə Azərbaycan ordusu 50 qabaqcıl ordu siyahısında göstərilir”.
Asim Mollazadə deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasını da inkişaf etdirib:
“Bu da daimi prosesdir. Artıq Azərbaycanda SSRİ-dən qalma hərbi şəhərciklər ya yoxdur, ya da təzələnib. Eləcə də hərbçilər üçün çoxsaylı binalar, lazım olan infrastruktur qurulub. Bu da ordu üçün əhəmiyyətlidir”.