8 Aprel 2018 13:57
3 939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com hüquq müdafiəçisi Səidə Qocamanlı ilə müahibəni təqdim edir.

- Səidə xanım, hüquq müdafiəçisi fəaliyyətinə nə zaman başlamısınız?

- 28 il bundan əvvəl, 1990-cı ilin 20 Yanvar hadisəsi gecəsi. Qarabağ problemi, ermənilərin torpaqlarımıza qarşı mənfur iddiaları millətimizi azadlıq mücadiləsinə, meydanlara səsləmişdi. Daha dəqiq desəm, Azərbaycanın veteran hüquq müdafiəçiləri elə o zamandan millətlə birgə meydanlara atılaraq öz fəaliyyətlərinə başlayıblar.

- Bu hüquq müdafiəçiləri kimlərdir?

- Novella Cəfəroğlu, Arzu Abdullayeva, Eldar Zeynalov və həyat yoldaşı Zəlihə Tahirova, Səadət Bənəniyarlı... bu şəxslər Azərbaycanda hüquq-müdafiə hərəkatının təməlini qoydular.

- Dünyadan köçən, amma bizim tanımadığımız şəxslərdən o dövrdə hüquq müdafiəçisi kimi fəaliyyət göstərənlər olubmu?

- Olub... fədakarlığı ilə fərqlənən gözəl fizik-alim Elmira Ələkbərova. Elmira xanım o zaman AMEA-nın Fizika İnstitutunda işləyirdi. Bizim kimi o da xalq hərəkatından hüquq-müdafiə sahəsinə gəlmişdi. Elmira xanım qadın hüquqları, həbsxanalarda məhbusların vəziyyəti ilə bağlı çox təqdirəlayiq işlər görmüşdü. Biz onun simasında təkcə hüquq müdafiəçisi deyil, çox gözəl bir ziyalını itirdik.

- Yəqin ki, 28 il əvvəl siz tam fərqli atmosferdə fəaliyyət göstərirsiniz...

- Sözsüz ki, o zaman hüquq müdafiəçiliyi ilə məşğul olmaq çox əziyyətli idi. Qarşımıza o qədər sədlər çəkilirdi ki. Bizlərdən böyük dözüm, cəsarət, səbir, bilik tələb olunurdu. Biz, demək olar ki, hüquq müdafiəsinin pionerləri idik. 90-cı illər ağır illər olub: Azərbaycan torpaqlarının 20%-nin zəbt olunması, ölkənin demokratiya yolunda kövrək addımları, neft kontraktının bağlanması, beynəlxalq aləmin Azərbaycana olan marağı və bütün bunlarla yanaşı, çoxsaylı həbslər ki, nəticədə məhbusların sayı 716 nəfərə çıxmışdı və biz bu problemlə sıx məşğul olurduq, bizdən böyük dözüm, cəsarət, səbir, bilik tələb edirdi. İndi hüquq müdafiəsiylə məşğul olmağa nə var ki! O zaman Allahın bir kompüterinə də möhtac qalan vaxtlarımız olub. Məlumatları toplayıb, əlimizlə yazıb, Eldar Zeynalova ötürürdük ki, kompüterdə yerbəyer eləsin. Eldarın kompüteri var idi. Çox çətin zamanlar yaşamışıq, amma fəaliyyətimizin müsbət nəticəsini görəndə, kiminsə problemini həll edə bildikdə, əlbət ki, qəlb rahatlığı tapırdıq.

- 1990-cı ilin 20 Yanvarına qədər Səidə Qocamanlı hansı işlə məşğul olurdu?

- Səidə Qocamanlı 32 il məktəbdə kimya fənnini tədris edib və məktəbin ictimai işlərində də fəal olub. 32 il qısa dövr deyil. Mən peşəmi çox sevmişəm, onu müqəddəs bilmişəm. İndinin özündə də sosial şəbəkələrdə dünyaya səpələnmiş tələbələrimin xoş sözləri mənə çatanda fəxr edirəm ki, müəllim olmuşam. Axı onların hər birində mənin əməyimin, əziyyətimin bir parçası var. Məktəbdəki işimdən başqa, həm də evdə repetitorluqla məşğul olurdum. Düz 15 il şagirdləri kimya fənnindən ali məktəblərə hazırlaşdırmışam. Bu da çox çətin və məsuliyyətli iş idi.

- O dövrdə də repetitorluq olub?

- Bəli, repetitor o dövrdə də olub. Təsəvvür edin ki, mənim 3 qrupum vardı, hər qrupla həftədə iki dəfə məşğul olurdum. Yəni həftəmin altı gününü məktəbdəki işimdən sonra repetitorluğa sərf edirdim. Mən bilmirəm, indiki repetitorlar necə məşğul olurlar, amma bizim dövrün repetitorları bu işə çox məsuliyyətlə yanaşırdı.

- Repetitorluğa görə nə qədər pul alırdınız? Ev işlərini necə çatdırırdınız?

- Ayda 60-70 rubl civarında. Elə olurdu ki, valideynin imkanı olmurdu, amma övladı çox zəkalı, biliyə can atan idi - onda parasız da işləyirdim. Belə hallar olub. Ümumiyyətlə, bizim evimizə heç vaxt haram pul gəlməyib. Həyat yoldaşım da, mən də halal zəhmətlə, zəhmətsevərliyimizlə övladlarımızı böyütmüşük. Onu da deyim ki, abituriyent hazırlamaq çox məsuliyyətli işdir. Təsəvvür edin ki, mən 15 il ərzində yay məzuniyyəti zamanı Bakıdan kənara çıxa bilmirdim, çünki avqust ayında qəbul imtahanları başlayırdı və mən tələbələrimin yanında olmalı idim. Amma bütün çəkdiyin zəhmətlərin sonunda onların ali məktəb tələbəsi biletini alıb sevinclərini bölüşməyin başqa ləzzəti var idi.

Ev işlərinə gələndə isə mənin evimdə nə o zaman, nə də indi yardımçım olub. Anam köməyini əsirgəməzdi. Baxmayaraq ki, o, şəhərin mərkəzində, məndən xeyli məsafədə yaşayırdı. Evdəki nəvələrinin qayğısı da onun boynunda idi, o, məndən köməyini əsirgəməzdi, övladlarımın üstündə həmişə nəzarəti olardı. Onsuz mən çətin ki, sevimli işimlə məşğul ola bilərdim.

- Əslində, yayda şəhərdən çıxmaq üçün yaxşı mənada gedə biləcəyiniz yerlər olub. Atanız ordubadlı, ananız isə şuşalı olub. Ən azından bu iki gözəl məkanda dincəlmək imkanınız olub...

- Tamamilə haqlısınız. Lakin nə cənnət Ordubada, nə də cənnət Şuşaya gedə bilirdim. İstidə Bakıda, tələbələrimin yanında olurdum. Ancaq rəhmətlik həyat yoldaşım uşaqları SSRİ-nin böyük şəhərlərinə aparıb gəzdirərdi ki, tətilləri boş keçməsin.

- Bakı ətrafında bağınız da yox idi?

- Pirşağıda bağımız var idi. Rəhmətlik yoldaşım oranı çox sevirdi, bağ üçün, dəniz üçün az qala sino gedirdi. İl boyu şənbə-bazar gedərdi bağa. Uşaqlarla səfərdən qayıdandan sonra orada dincələrdilər.

- Amma sizi son illər bağa gedən heç görməmişəm. Novella xanımın da bağ məsələsində bəxti gətirməyib, 90-cı illərdə Şuşadan ev alsa da, içində istirahət etmək qismət olmayıb...

- Ehhh... O bağı rəhmətlik qayınatam 1946-cı ildə almışdı. Çox böyük, gözəl, meyvə ağacları ilə dolu qədimi bir bağ idi. İndi artıq o bağ bizimki deyil. 90-cı illərdə yaşamaq çətin idi. Uşaqlara yaxşı təhsil verməli idik. Əlimizin və beynimizin əməyindən başqa qazanc yerimiz yox idi. Bu səbəbdən də bağı satmalı olduq. İndi nə bağımız var, nə də Şuşamız... Yayımız Bakıda kondisionerin altında keçir.

- Səidə xanım, sosial şəbəkədə bəzən Şuşa, bəzən Ordubad, hətta Qubadan insanda nostalji yaradan fotolar paylaşırsınız. Bunu qocalığın əlaməti hesab etmək olar?

- Əsla yox! Ay nainsaf, adam da xanıma qocalığını xatırladar? Hər yaşın öz gözəlliyi, öz cazibəsi var. Təki qəlbim cavan olsun. Özü də, mən özümü qoca hesab etmirəm ki...

O ki qaldı nostaljiyə, bu hiss hər bir kəsə tanışdı. Kimsə ayrı düşdüyü el-obasının, kimsə əzizlərinin, kimsə sevgisinin xiffətini çəkir. Amma uşaqlıq xatirələrinin yaratdığı nostalji hissi başqadı. Mənim də ürəyim uşaqlıq və gənclik illərindəki o təmiz, saf mühit, əhatələrində böyüdüyüm unudulmaz ziyalılarımız, gözəl, vəfalı uşaqlıq dostlarımla keçirdiyim illərin xatirələri ilə doludu. Sadəcə, sosial şəbəkələrdə bölüşürəm ki, indiki nəsil bilsin, onları tanısın, o zamanlara bir maraq göstərsin.

- İndi hətta yaxın qohumlar belə bir-birinə az qala ögey kimidir, laqeyddir. 50 il əvvəllə müqayisədə indi sanki yaxın qohumlar bir-birinə yad olub. Sizcə, bu fərq nədən doğur?

- Etiraf etməliyik ki, texnoloğiya əsri həyatımıza sirayət edib, insani münasibətlərə soyuqluq, biganəlik, haradasa hətta qəddarlıq gətirib, böyük-kiçiklik hissi itib, həyat çox urvatsız olub.

Mən bəzən 50-60 il əvvəlin fotolarını paylaşıram, nəsə yazıram, bu qəlbimin nostaljisidir. Bəzən düşünürəm ki, biz Qarabağı itirməklə bir çox insani hisləri, istiqanlılığı, bir-birimizin evinə gedib-gəlmək, ünsiyyətdə olmaq, qonşunun, ehtiyacı olanın oduna yanmaq, sonuncu tikəni yanımızdakı ilə bölüşmək kimi dəyərləri də itirdik.

Sözsüz ki, müasir texnologiyanın inkişafı, mobil telefonlar, internet, kompüterin geniş vüsət alması insanlarda laqeydləşməyə, robotlaşmağa səbəb oldu.

Mən uşaqlıq dövrünü xatırlayıram. Axşamlar anam deyirdi ki, durun, gedək nənəmizə dəyək. Nənəmiz Sovetski, bizsə Hüsü Hacıyev küçəsində yaşayırdıq. O boyda yolu piyada gedib nənəmizə dəyirdik. Xalam deyərdi ki, gəlirsiniz yorğan-döşək salmağa. Biz də deyirdik ki, yox, gəlmişik sizə dəyək. Görün nə gözəl ifadədi: “Gəlmişik sizə dəyək”. İndi heç kim heç kimə dəymir, hamı özü üçün üzərində 5-6 qıfılı olan dəmir qapı düzəldib, 3 metr hündürlüyündə hasar çəkib. Oturublar evdə, gözlər ya televizora, ya telefona, ya da internetə dikilir. Əvəzində də münasibət, gediş-gəliş, istilik əriyib yox olur.

- Deməli, siz də bunu hiss etməyə başlamısınız: insanlar bacı-qardaş, əmi, bibi, dayı və xalası olduğu təqdirdə özünü tənha saymağa başlayıb...

- Yox. Şəxsən mən bunu öz həyatımda çox hiss etmirəm. Çünki qapım hər zaman açıqdır, özüm də gedib-gəlməyi, xəbər tutmağı, dəyməyi xoşlayıram. Məsələn, qaldıqları tərəfdən keçəndə xalam uşaqları, bacı və qardaşım, eləcə də rəfiqələrimin evinə daxil olub deyirəm ki, necəsiniz? Ola bilsin ki, bu insanın özündən də asılıdır. Bilirsinizmi, insanların sosial məngənəyə düşməsi, işsizlik, xəstəliklər insanları ruhdan salır. Bu da sonda insanları bir-birindən ayırıb, soyuqluq yaradır, əvvəlki istiqanlılıq, mehribançılıq, yaxınlığı sanki yoxa çıxır. Əlbəttə, siz axşamlar küçələrə çıxırsınız, kafe və restoranların dolu olduqlarını deyə bilərsiniz. Amma ümumi fonda bu azdır. Çoxluq çalışır ki, evindən eşiyə çıxmasın.

- Ən sevimli filminiz hansıdır?

- Şamil Mahmudbəyovun çəkdiyi “Şərikli çörək” filmini çox sevirəm və baxmaqdan doymuram. Təsəvvür edin, balaca uşaq müharibənin ən şıdırğı vaxtında özü ac olsa da, kartoçkayla aldığı çörəyi həyətdə balaca dostları arasında elə bölünməsini istəyir ki, hər kəsə çatsın. Bu filmin əslində böyük mənası var. Mən bilirəm ki, müşahidəniz itidir və görürsünüz ki, insanlar çalışır biganəliklə bir-birinin yanından ötüb keçsin. Fikir verin, son zamanlar sosial şəbəkələrə nəqliyyatda baş verən xoşagəlməz hadisələrlə bağlı video görüntülər qoyurlar və sosial şəbəkələrdə qinaq çox az olur. Hətta böyüklərə, yaşlılara yer verməyən gəncləri müdafiə edənlər də tapılır. Vallahi, şəxsən mənə avtobusda yer veriləndə fərəhlənirəm.

- Əski müsavatçı və yazıçı Məmməd Əkbərin qızı nəvəsi ilə bağlı paylaşım edərək yazır ki, Dənizin “biz türkük” deməsi onda böyük sevinc hissi yaradır. Sizcə, bu, qəribə deyilmi?

- Əvvəla deyim ki, nəvəm başqa ölkənin vətəndaşı olsa belə, özünü azərbaycanlı bilir. Onun atası Cənubi Azərbaycandandır. Nəvəm Avropanın uzaq ölkəsində mənsiz böyüyür, ildə məni iki dəfə görür. Ya yayda Bakıya gələndə, ya mən onun doğum gününə onlara gedəndə, ya da səhhətimlə bağlı İstanbulda olanda məni görməyə gələndə. Təsəvvür edin ki, bu qızcığaz məktəbdə ingilis dilində oxuyur, evdə və cəmiyyətdə həm Azərbaycan, həm ingilis, həm danimark, həm rus dilində danışır. Bu yaxında tətil zamanı Vyanada onunla görüşdük. Çantasını boşaldan zaman Ailə TV-nin aparatını çıxardı. Dedim ki, bunu niyə gətirmisən. Cavab verdi ki, Azərbaycanda Türkiyənin Kanal D-si yayımlanmır, bir yaxşı filmə baxmaq üçün aparatı gətirmişəm, axşamlar səninlə baxaq. Filmi qoyanda gördüm ki, “Vetenim sensin” filmidi. Sonra mənə sual verdi: “Nənə, biz də türkük?” Mən sadəcə dondum, düşündüm ki, 11 yaşlı uşaqda bu haradandır? Əlbəttə, ona türk olduğumuzu dedim və geniş məlumat verdim. Həmin an yadıma Lev Tolstoyun “Hərb və Sülh” əsəri düşdü. O əsərdə belə bir səhnə var: Nataşa Rostova qohumları ilə əmisinin kənddəki malikanəsinə gəlir və əmisinin həyətində çalışanlar qonaqları şənləndirmək üçün çalıb-oynayırlar, əmisi isə balalayka çalır. Bu zaman Nataşa ortalığa düşüb onlarla birgə rus xalq rəqsini oynayır. Tolstoy yazır ki, naz-nemətin, şal-ipəyin içində böyüyən balaca qrafinyada bu rus nəfəsi haradandır? Yazıçının möhtəşəm yanaşmasıdı bu! Nəvəm mənə sual edəndə düşündüm ki, uzaq Avropanın şimalında yaşayan bu qızda milli duyğu haradandır? Təbii ki, bu, yalnız genetik koddur! Məncə, genetik kod məsələsi doğrudur, nəsildən-nəslə keçir. Ola bilsin ki, ulu babalarından, bizlərdən mənim bu balaca nəvəmə keçib. İnanıram ki, o, bu kodu gələcək nəsillərə ötürəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər